1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə Azərbaycan milli mətbuatının, maarifçiliyin və milli kimliyi tanıtma prosesinin təməli qoyuldu. Artıq 169 ildir mətbuatla maarifçilik prinsipləri ilə paralel addımlayır. Müasir dövrün mətbuat tarixçiləri də əslində milli mətbuatın deyil, milli kimliyimizn tarixini araşdırırlar. Görəsən, onlar bu fəaliyyətləri zamanı hansı çətinliklərlə üz-üzə gəlirlər? Modern.az 22 iyul Milli Mətbuat günü münasibətilə jurnalistikamızın tarixini araşdıranlarla bu istiqamətdə keçirdiyi sorğunu sizlərə təqdim edir:
Şamil Vəliyev, professor, BDU-nun jurnalistika fakültəsinin dekanı: “Mətbuat tarixi sahəsində araşdırma aparanlar üçün birinci problem əlifba məsələsidir. ərəb-fars əlifbası, hətta bəzi hallarda kiril əlifbası belə müasir araşdırmaçılara mane olur. İkinci çətinlik yaradan məsələ isə dillə bağlıdır. O dövrün, yəni XX əsrin əvvəllərindəki qəzet-jurnallardakı yazılarda çətin ibarələr, izafət tərkibləri, cümlələrin sintaksis quruluşu müasir tədqiqatçılar üçün çox çətinlik yaradır. Amma bütün bunlara baxmayaraq, bizim gənc mətbuat tarixçilərimiz bu gün də yetişməkdədir. Başqa bir məsələ xarici arxivlərdəki mətbu irsimizin araşdırılması ilə bağlıdır. Bilirsiniz ki, Azərbaycan mətbuatının yayım coğrafiyası çox geniş olub. Türkiyə, Rusiya, Fransa və bir çox Avropa ölkələrində bizim mətbu irsimiz saxlanılır. Mühacirət mətbuatımızın nümayəndələrinin bütün fəaliyyəti xarici ölkələrlə bağlıdır. Onları əldə etmək, sistemləşdirmək, araşdırmaq problemləri də bu gün mətbuat araşdırmaçılarının qarşısını kəsən səbəblərdəndir”.
Alxan Bayramoğlu, professor, mətbuat tarixçisi: “Araşdırmaçıların qarşılaşdığı ən böyük problem arxivlərlə bağlıdır. Əvvəllər arxivdə hər hansı araşdırmalar aparmaq üçün Tiflisdə yerləşən arxiv komitəsindən icazə alınmalı idi. Orada da xeyli sorğu-sual olurdu. Araşdırma apardığın qəzetin missiyası nə olub, rəhbəri, müəllifləri kim idi, nəyə xidmət edirdi və s. suallara cavab verməli idin. Bütün bu hesabatların sonunda razılıq alandan sonra arxivlərdə işləyə bilərdin. Bu kimi hallar təbii ki, araşdırmaçının işlərini çətinə salırdı. Hətta qəzeti kimin maliyyələşdirdiyi ilə də maraqlanırdılar. Hətta polis departamentindən də icazə alınmalı idi. Mətbuat tarixi ilə məşğul olan araşdırmaçıların başqa problemləri də sənədlərin yararsız olması ilə bağlıdır. Bəzi sənədlər cırıq, bəziləri isə yararsız vəziyyətdə olur.
Daha bir problem isə maliyyə ilə bağlıdır. Xaricdə olan materialları araşdırıb, sistemləşdirmək üçün tədqiqatçıya maliyyə ayrılmalıdır. Amma bu da bir problem olaraq qalmaqdadır”.
Qərənfil Dünyaminqızı, dosent, mətbuat tarixçisi: “Araşdırmaçılar üçün arxivdə işləmək uzun müddət böyük problem olub. Çünki əsas arxiv sənədlərimizi, ən çoxu da cümhuriyyət dövrünə aid olan sənədləri ruslar ölkədən çıxarıb. Sonradan onların saxlandığı yerlər çox əlverişsiz olub. Gün işığı və hava dəyməyən yerlərdə materiallar çürüyürdü. Mən 1990-cı illərin əvvəllərində arxivdə olarkən hətta bəzi sənədlər həşəratlar tərəfindən yeyilmişdi. Araşdırmaçıların ən çox üzləşdikləri problemlər bununla bağlı idi. İndi qismən də olsa vəziyyət düzəlib. Arxivlərdə tədqiqatçılar üçün şərait yaxşılaşdırılıb. Materiallar vaxtlı-vaxtında komplektlşdirilir və dərmanlanır”.
Elmin Nuri