Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 20-də 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
Modern.az-ın məlumatına görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 54 binada həyata keçirilib. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və 3 saat davam edib.
İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanıb və imtahan prosesinin gedişinə nəzarət olunub. Abituriyentlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində normal imtahan şəraiti yaradılıb.
İyulun 21-dən başlayaraq Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur. Nəticələr elan olunduqdan sonra abituriyentlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.
Yeri gəlmişkən, iyulun 20-də ali təhsil müəssisələrinin II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları açıqlanıb. Cavablar aşağıdakı linklərdədir:
Azərbaycan bölməsi - II qrup
//eservices.tqdk.gov.az/
Azərbaycan bölməsi - III qrup
//eservices.tqdk.gov.az/
Rus bölməsi - II qrup
//eservices.tqdk.gov.az/
Rus bölməsi - III qrup
//eservices.tqdk.gov.az/
Modern.az