Modern.az

Quba qəzasında erməni qırğınları zamanı dağıdılmış müqəddəs abidələr

Quba qəzasında erməni qırğınları zamanı dağıdılmış müqəddəs abidələr

Təhsil

21 İyul 2014, 16:11

Arzu Xəlilzadə

Ermənilər son iki əsrə yaxındır ki, özlərinin bədnam şöhrət qazanmış, özgə xalqlara və millətlərə, xüsusilə də müsəlmanlara və türklərə qarşı terrorçuluq siyasətini davam etdirirlər. Bu üsulla onlar dünya ictimai rəyini çaşdırmağa, onların diqqətini uydurma «erməni probleminə cəlb etməyə çalışmış, məskunlaşdıqları ərazilərdə yerli xalqlardan yeni-yeni torpaq sahələri qoparmağa səy göstərmişlər.

Mənfur ermənilərin Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri insani siyasət nəticəsində Azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

Erməni terrorizmi beynəlxalq terrorizmin tərkib hissəsi olduğundan fəaliyyətinin ali məqsədi siyasi məzmunludur. “Dənizdən dənizə”, yəni Xəzər dənizi- Qara dəniz- Aralıq dənizi regionunu əhatə edən geniş ərazidə “Böyük Ermənistan” dövlətini yaratmaq ideyası həmin məqsədin mahiyyətini ehtiva edir, onun ideologiyasının əsasını təşkli edir.  

Bu məqsədlə yaşayan ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, ərazilərimizin böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

Azərbaycanın ayrı-ayn bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə azərbaycanlıların soyqırımı həyata keçirilmiş və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılmışdır. 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda otuz mindən çox əhalini erməni vəhşiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Mart qırğınları haqqında müstəqil tədqiqatçı Kulqe yazır: «Ermənilər musəlman əhalisini işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngü ilə dəlik-deşik edir, körpə uşaqları süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub, sakinlər qarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər». Kulqe ermənilər tərəfindən üzü divara çevrilərək itlərə gəmirdilən azərbaycanlıların şəkillərini də çəkmişdir. Bu faktlar erməni daşnak qaniçənlərinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin kiçik bir hissəsidir və ancaq 1918-ci ilin mart ayının son üç günündə törədilən Bakı qırğınını əks etdirir.

Bir ingilis arxiv mənbəyində yazılır: “1918-ci ilin martında Bakıda 8-12 min azərbaycanlı qətlə yetirildi”

Bö­yük Britaniya nü­mayəndəsi P.Koks bir müddət sonra - 1918-ci il 30 oktyabr tarixində Tehrandan göndərdiyi teleqramında yazırdı: “Ermənilər və bolşeviklərlə mü­barizə nəticəsində mart ayında 180 kənd dağıdıldı və müsəlmanlar öldü­rüldü­lər”

Mart ayında baş verən qırğınlarla bağlı olaraq sonralar ABŞ-ın Harbord missiyasının hesabatında yazılırdı: “Ermənilər 1918-ci ilin martında Bakıda 2 min azərbaycanlını öldürdü­lər”

Amerikalı alim Leonard Ramsden Hartill erməni şahidinə istinadən bununla bağlı olaraq yazırdı: “Ruslar geri çəkilərkən ermənilərə 3 min türk əsgərini əsir kimi təhvil verdilər. Ermənilər bunun 2 min nəfərini öldürdü­lər. Ermənilər Bakıda 25 min mü­səlmanı qətlə yetirdilər”   Mart qırğınından bəhs edən ABŞ tarixçiləri Boqdan Nahoylo və Vinter Svoboda yazırdılar ki, 20 min dö­yüşçünün iştirak etdiyi bu toqquşma Bakıda 3 min nəfərin həyatına son qoymaqla sovetin qələbəsi ilə nəticələndi.  ABŞ tarixçiləri C.Makkarti və K.Makkarti Bakıda ermənilərin 8 mindən 12 minədək müsəlman öldürdü­yü­nü və şəhərin türk əhalisinin yarısının qaç­dığını qeyd edirdilər.

1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman əhalisi öldürülmüşdür. Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunmuşdu. Xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə-yeksan edilmişdir. Uzaqvuran topla Təzəpir məscidi zədələnmişdi. Artilleriya atəşlərindən güclü ziyan çəkmişdi. Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan «İsmailiyyə» binasına od vurub yandırmışdılar. “İsmailiyyə” binasını isə sonradan 26 Bakı Komissarları cərgəsinə daxil edilən daşnak Tatevos Əmirovun şəxsən yandırdığı məlum idi. Bakıda baş vermiş faciəli hadisələr şəhərə olduqca böyük ziyan vurmuşdu. 1918-ci ilin faciəli mart günlərində şəhərin müsəlman əhalisinə iri sənayeçilərə, zavod, liman, neft mədənləri sahibkarlarından başlayaraq çoxsaylı mülki, sosial və ticarət obyektlərinin: evlər, idarə, mehmanxana, məktəb, restoran, bərbərxana, emalatxana, mağaza, anbar, dükan, tövlə və s. sahiblərinə vurulan maddi ziyanın miqyasını və dəyəri yüz milyonlarla ölçülürdü.  Yandırılan və dağıdılan binalar arasında azərbaycanlıların mədəni-ictimai və dini mərkəzini təcəssüm etdirən Müsəlman Xeyriyyə Cəmiyyətinin binası, “Kaspi” və “Açıq göz” qəzetlərinin, “Dağıstan”, “İsgəndəriyyə” və “İslamiyyə” mehmanxanalarının binaları da var idi. Müsəlmanların qaldıqları bu mehmanxana və karvansaralar orada olan insanlarla birlikdə yandırılmışdı.

Qədim Azərbaycan şəhəri Şamaxı da dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət materiallar toplanıb. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuşdu, 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq Cümə məscidi yandırılmışdı. Erməni quldurları minlərlə dinc adamı qətlə yetirmişdir. Şamaxı qəzasının 53 kəndində ermənilər 8077 azərbaycanlını qətlə yetirmişdilər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,8 milyon manat olmuşdur.

Yuxarıda göstərilən faktlardan da aydın olur ki, hər bir  xalqın tоrpağa vurduğu möhür оlan maddi mədəniyyət abidələri mövcud оlduğu ərazinin kimə mənsub оlmasını təsdiq еdən mühüm qaynaqlardır.

Bu baxımdan Azərbaycan ərazisində mövcud olan tarixi və mədəniyyət abidələrinin rоlu əvəzеdilməzdir. Bu məqalədə məqsəd 1918- ci ildə Quba bölgəsində ermənilərin törətdiyi qırğınlar zamanı dağıdılmış müqəddəs abidələri, yandırılmış məsçidləri, məhv edilmiş müqəddəs kitabları Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində verilmiş faktlara əsasən işıqlandırmaqdır.

Ermənilərin vəhşilikləri nəticəsində 1918-ci ilin ilk 5 ayı ərzində üst-üstə 16 mindən çox insan məhv edilmişdir. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü öldürülmüşdü. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasıda 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyildir. Daşnak-bolşevik birləşmələri nəinki Quba qəzasında, hətta Cənubi Dağıstanda, Bakıdan Dərbəndə kimi böyük bir ərazidə müsəlmanların soyqırımını həyata keçirmək niyyətində idilər.

Qeyd etmək lazımdır ki, 1918-ci il Quba qırğınları sırf siyasi məqsəd daşıyırdı. Bu qırğınlarda əsas məqsəd Quba qəzasında da müsəlman əhalisini məhv edərək erməni idarəçiliyinə nail olmaqdan ibarət idi.  Müsəlmanlar və onların üzərində həyata keçirilən zorakılıq hallarını təhqiq etmək üçün, eyni zamanda əhalinin əmlakına, Quba şəhəri və Quba qəzasına dəymiş zərəri müəyyənləşdirməkdən ötrü  1918-ci il avqust ayının 31-də AXC hökümətinin sədri, həm də Xarici İşlər naziri F. X. Xoyski Gəncə şəhərində imzaladığı qərara əsasən 7 nəfərdən ibarət Fövqəladə Təhqiqat Komissiyası yaradıldı.  

 FTK-nın üzvü A.Novatskinin məruzəsində ermənilərin törətiyi vəhşiliklər barəsində xeyli əsaslı faktlar mövcuddur. Qeyd edildiyi kimi erməni daşnaklar müsəlmanların dini heysiyyatına toxunaraq, məscidləri viran qoymuşlar, hətta, müqəddəs kitabımız “Qurani-Kərim”i odda yandırmışdılar.  A. F. Novatski öz məruzəsində qeyd edirdi:

“Amazaspın dəstəsinin qəddarlığı müsəlmanların dini hisslərinin də tapdalanması ilə müşahidə edilmişdir: Çoxlu məscidlər yandırılmış, müqəddəs kitab olan Quran parça-parça edilmiş və yandırılmışdır”.

FTK-nın sənədlərində öz əksini tapan digər bir dəhşətli fakt isə Quba, Qusar, Xaçmaz ərazisində ermənilər tərəfindən 26 məscidin yandırılmasıdır. Hələ qaniçən Amazaspa qədər Muradyanın dəstəsindən olan ermənilər Şıxlar kəndində 1410-cu ildə tikilmiş qədim məscidi dağıtmışdılar. Tarixi abidə kimi böyük əhəmiyyət kəsb edən, memarlıq baxımından indi də respublikamızda analoqu olmayan həmin məscid bu gün də dağılmış halda istifadəsiz qalmışdır. Quba qəzasının Dəvəçi nahiyəsinin Dəvəçi icmasının Dəvəçi kəndində əmlakı ilə birlikdə iki məscid qarət edilərək yandırılmışdır. Əmlakı ilə birlikdə yandırılmış iki məscidə dəymiş ümumi zərər isə 300.000 manat dəyərində qiymətləndirilmişdir. Bu məscidlərdən biri “Dədə-Bazar” adı ilə tanınmış və ona vurulmuş ziyan 100.000 manat həcmində olmuşdur. 

Yenə də Dəvəçi nahiyəsinin Saadan icmasının Saadan kəndində kənd icmasına məxsus bir məscid əmlakı ilə birlikdə erməni vəhşiləri tərəfindən yandırılmışdır. ARDA sənədlərində göstərilmiş şahid ifadələrindən aydın olur ki, ermənilər xüsusi qəddarlıqla məscidlərə hücum eliyir, əşyaları məhv edir, müqəddəs kitablarımızı yandırırdılar.   

Elə həmən nahiyənin Taqay icmasının Ərəb-Hamiyə kəndində mövcud olan məscid də mənfur ermənilərin qəzəbinə tuş gəlmişdir.  Əmlakı ilə birgə yandırılmış məsciddə müqəddəs kitabımıza qarşı da xüsusi amanızlıq tətbiq edilmiş, vərəqləri parça-parça edilmiş sonra da yandırılmışdır. Ərəb- Hamiyə kənd məscidinə dəymiş zərər isə 30.000 manat həcmində təyin edilmişdir.

Dəvəçi nahiyəsinin növbəti bir icması sayılan Gülümlər icmasının Gülümlər kəndində olan kənd məscidi də əmlakı ilə birlikdə yandırılmışdır. Erməni qəddarlığının qurbanı olan Gülümlər kənd məscidinə dəyən zərər  50.000 manat həcmində hesablanmışdır.

FTK sənədlərindən belə məlum olur ki, Quba qəzasında məscidlərin və digər müqəddəs abidələrin yandırılması, məhv edilməsi, kitablarımızın parçalanıb oda atılması  təkcə bir nahiyə ilə kifayətlənməmiş, həm də Quba qəzasının digər nahiyələrində də müşahidə edilmişdir.  Quba qəzasının Müşkürlü nahiyəsinin də kəndlərindəki məscidlər erməni cəlladlarının vəhşiliyinə  məruz qalmışlar. Adı çəkilən nahiyənin Qara-Qurdlu icmasının Qaraçı kəndində yerləşən məscid əmlakı ilə birlikdə ermənilər tərəfindən yandırılmışdır. Hesablamalara əsasən dəymiş zərər 70.000 manat təşkil etmişdir.

 Yenə Müşkürlü nahiyəsi ilə davam edək. Müşkürlü nahiyəsinin Xudat kənd məscidi də bu qara siyahıya daxildir: Məscid tamamilə yandırılmış, içərisindəki əşyalar və müqəddəs kitabımız məhv edilmişdir. dəymiş zərər 15.000 manat həcmindədir.  

Ermənilərin bu mənfur siyasəti demək olar ki, Quba qəzasının bütün nahiyələrində tətbiq edilmiş və əhaliyə həm mənəvi, həm də maddi zərər yetirilmişdir. Nəzərə alsaq ki, müsəlman əhalisinin ən incə tərəfi sayılan din məhfumuna bu qədər zərbə endirilmişdir, o zaman əhalinin psixoloji durumunu da təsəvvür etmək heç də çətin deyil. Şahid ifadələrindən bəlli olur ki, bu amansız hadisələr zamanı vəhşiliyə və qəddarlığa dözə bilməyən onlarla insan sadəcə dərddən və keçirdiyi sarsıntılardan vəfat etmişdi.    

 Müşkürlü nahiyəsinin dağıntıya məruz qalmış digər bir məscidi də Yeni Xaçmaz kəndində mövcud olan  böyük bir məscidi olmuşdur. Bu məscid də digər məscidlər kimi  əmlakı ilə birlikdə yandırılaraq məhv edilmişdir.  Məscidin yandırılması 50.000 manat ümumi zərər vermişdir.  

Müşkürlü nahiyəsinin Əlik-Aşağı icmasının əsas məscidi Qobu-Qırağı kəndində  mövcud olmuşdur. Əhalinin müqəddəs ibadət yeri sayılan və gün ərzində müəyyən bir kütlə tərəfindən  ziyarət edilən bu kənd   məscidi də əmlakı ilə birlikdə yandırılmışdır. Dəymiş ümumi zərəri 100.000 manat həcmində müəyyənləşdirmişlər.

Quba qəzasının Müşkürlü nahiyəsinin Güləvli kəndinin Mehri məscidi də erməni vəhşilyinin qurbanı olmuşdur. Əhalinin FTK-ya verdiyi şahid ifadələrindən belə məlum olur ki, Mehri məscidi də kəndin böyük və ən çox ziyarət edilən məscidlərindən olmuşdur. Məscid içərisindəki bütün əşyalar ilə birlikdə yandırılaraq məhv edilmişdir. Dəymiş zərər 90.000 manatdır.

Həmin nahiyənin Cağatay icmasının Qara-Bağı kəndində Qarabağ məscidi də daşnaklar tərəfindən oda tutlmuşdur. Məscid əşyaları ilə birlikdə məhv edilmişdir. Məscidə 70.000 manat dəyərində ümumi ziyan dəymişdir.   

İndi isə Quba qəzasının Beşinci Fəthibəy nahiyəsində dağıdılmış məscidlərə nəzər salaq. Alpan icmasının Digah kəndində ermənilər nəinki məscidi qarət etmiş, hətta, qızıl suyuna çəkilmiş Quranı yandırmaqdan belə çəkinməmişlər. Şahid ifadələrindən bəlli olur ki,   dəmir örtüklü, 3 mərtəbəli ictimai məscid, içərisində qiymətli əşyalar, o cümlədən qızıl suyuna çəkilmiş Quran ilə birgə yandırılmışdır. Bu amansızlığın şahidi olan insanlar ifadələrində məscidə 500.000 manat dəyərində zərər yetirildiyini də bildirmişlər.

Nahiyənin Hacı Qayib-Qışlağı icmasının Molla Bürhan kəndində də böyük bir məscid ermənilər tərəfindən dağıdılmışdır. Əşyaları məhv edilmiş, içərisində mövcud olan qiymətli kitablar yandırılmışdır.  İctimai məscidə 105.000 manat həcmində ümumi ziyan dəymişdir.

Ermənilərin müqəddəs kitabımız olan Qurani-Kərimə qarşı həyata keçirdikləri vəhşilikləri FTK özü də təhqiq etmişdir:

Amazaspın başçılığı altında olan erməni cəza dəstəsi Quba qəzasına gələrkən Yeni-Bulaq kəndində məhəllə mollası Molla Əli Həsən Kərbəlayi Tağı oğlunun evində saxlanılan müqəddəs Quranı yandırmışdır. Fövqaldə Təhqiqat Komissiyasının üzvü Novatski şahidlərin və ekspertin iştirakı ilə Quba şəhər sakini Molla Hacı Baba Axundzadənin evində olan müqəddəs Quran kitabının yanmış vərəqələrinə baxış keçirmişdir. Bu baxış zamanı müəyyən edilmişdir ki, bu, müqəddəs Quran kitabının yandırılmış hissələrinin qalıqlarıdır. Həmçinin, digər bir Quran kitabının və şəriət kitablarının yandırılmış hissələrinin qalıqlarına da baxış keçirilmişdir.

Qəzanın Beşinci Fəthibəy nahiyəsinin kəndlərində dağıdılmış məscidlərlə davam edək. Amazaspın cəza dəstəsi tərəfindən od vurulub yandırılmışdır məscidlərdən biri də nahiyənin Qasım-Qışlağı kəndində yerləşən iki məscid olmuşdur. Erməni daşnakları tərəfindən dağıdılan bu məscidlər həm də əşyaları ilə birlikdə yandırılmışdır. Bu iki ictimai məscidə dəymiş zərər 15.000 manat həcmində müəyyən olunmuşdur.  

O dövrün hadisələrini öz gözləri ilə görmüş Digahlı Daşdı Əhmədov öz ifadələrində bildirirdi ki, “kəndin camaatı meşəyə çəkiləndə Bədəl Kərimov mənə və Mirzəbəy Şadiyevə məsciddəki kitabları çıxarmağı tapşırdı. Lakin, biz araba tapa bilmədik. Bu səbəbdən də 4 kisə kitabı atın belinə yüklədikdən sonra qalanlarını yaxınlıqda gizlətmək qərarına gəldik. Amma, çatdıra bilmədik. Bir qədər aralıda yerə düşən top mərmisi atı hürkütdü. Onu tutandan sonra qalın, naxşlı və ağır kitablardan bir neçəsini qucağımıza alıb geri çəkildik. Amma, 300-dən çox qalın cildli ərəb əlifbası və başqa əlifba ilə yazılmış kitab məsciddə qaldı”.

Həmin hadisələrin digər bir şahidi və sonralar kəndin nüfuzlu din xadimlərindən olmuş İbrahim Aydəmirovun dediyinə görə kitab yüklənmiş atı başqa atlar və sürü ilə birlikdə kənddən çıxarırlarmış. “Şıxəlinin yeri” deyilən ərazidə top mərmisi düz həmin atın üstünə düşmüş, onu yarıya bölmüşdür. İ.Aydəmirovun dediyinə görə Digah məscidində təxminən 600-700 il əvvələ aid alban və ərəb əlifbası ilə yazılmış kitablar var idi. Ermənilər həmin kitabları məhv etməklə yanaşı kənd məscidinin təxminən 1 kilometrliyində yerləşən pirin daşını da partlatmışdılar. Bu üstündə alban yazıları olan çox nəhəng daş idi. Onun yazıları silinməmiş, 3-4 metr hündürlüyündə olan qalığı 70-ci ilin axırlarına kimi pirin yanında qalmışdır.

Erməni daşnakların tariximizə dair qiymətli xəzinələri məhv etməsini sübut edən daha bir qiymətli fakta müraciət edək. Nügədi icmasının kəndxudası Rüstəm Fileydan oğlunun, şahidlərdən Quba şəhərinin sakinləri Qəni Qasımovun və başqalarının izahatlarında və söhbətlərində qeyd edildiyi kimi, daşnaklar Qubanın tat əhalisinin yaşadığı Rustov, Nöydün, Şuduq, Qamqam, İsnov, Zərqova və digər kəndlərdə əllərinə keçən onlarla Quran kitabını, dinə və tarixə aid kitabları, həmçinin iki məscidi yandırmışdılar. Əllərinə silah alıb igidliklə müqavimət göstərən tatlardan 40 nəfəri ermənilər öldürmüş, başlarını kəsib çaya atmışdılar.

Din ocaqlarını yerlə yeksan edən daşnaklar İslam dininə, şərq tarixinə və ədəbiyyatına aid minlərlə qiymətli kitabları məhv etmişlər. Qubanın mərkəzində Əbdürrəhim əfəndinin mədrəsəsini yandıran ermənilər buradakı 1300-ə yaxın kitabı tonqala atmışdılar. Əbdürrəhim əfəndi xatirələrində yazırdı ki, “bolşeviklər Qubadan qovulandan sonra mədrəsədəki kitabların 300-ə qədərini Məhərrəmxurdəki evimə apardım. Amma 1300 kitabım Qubada qaldı. Onları ermənilər mədrəsə qarışıq yandırmışdılar”.  

Göründüyü kimi erməni faşistləri bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar.

Müstəqil dövlət olaraq bu gün dünyaya qapı açdığımız zamanda tariximizin hər bir səhifəsi bizə ibrət dərsi olmalı, tariximizi unutmamalı və ondan vaxtında düzgün nəticələr çıxarmalıyıq. Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə böhtanlar atan, siyasi və hərbi təcavüz həyata keçirən ermənilərin bu vəhşiliklərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması yönündə daha məhsuldar işlər görməliyik.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir