Ramazan ayı münasibəti ilə ölkəmizdə bir çox tədbirlər keçirilir. ATV telekanalında yayımlanan “Səni axtarıram” verilişi də bir sıra xeyriyyə tədbirlərinə start verib. Layihə rəhbəri Xoşqədəm Hidayətqızının dəvəti ilə ölkəmizə gələn məşhur türk müğənnisi Doğuş qocalar, uşaqlar və əlillər evində xeyriyyə tədbirlərində iştirak edib.
Modern.az-ın məlumatına görə, ilk tədbir dünən Saray qəsəbəsindəki 7 saylı əqli-fiziki qüsurlu uşaqlar evində baş tutub. Tədbirdə bir çox ictimai-siyasi xadimlər, millət vəkilləri, ziyalılar çıxış edərək uşaqları sevindirib. Qayğıya ehtiyacı olan azyaşlılar müğənni Doğuşun mahnılarını onunla bərabər ifa edərək, əyləniblər. Əlavə edək ki, “Səni axtarıram”ın təşkil etdiyi növbəti xeyriyyə tədbiri bu gün Ramana Gənc Əlillərin Əmək və İstirahət evində olub.