Qabilin 2005-ci il noyabrın 30-da səhhəti pisləşir. Onu təcili yardımla Mərkəzi Klinik Xəstəxanaya çatdırırlar. Həkimi təcrübəli çıxır, həyatını xilas edir . Sonradan məlum olur ki, bu həkim Türkiyədə təhsil alıb, uzun müddət orda işləyib. Danışığında da ara-sıra türk sözləri işlədirmiş. Orda on günlük müalicədən sonra Qabili evə yazırlar. Və tapşırırlar ki, iyirmi gündən sonra yenidən müayinəyə gəlsin.
Beləcə iyirmi gün keçir. Qabil oğlu Mahirlə gəlir xəstəxananın poliklinika şöbəsinə. Həkimin qapısını döyüb açır. İçəridə xəstə olduğundan həkim tez qapıya çıxır:
- Salam, Qabil müəllim.
- Salam, həkim.
- Maşallah , yaxşısınız. İndi içəridə xəstə var. Tez onun işini bitirim. Sonra qəbul edib sizin də işinizi bitirəcəyəm. – deyə osmanlı ləhcəsində cavab verir.
Qabil müəllim həkimin sonuncu sözündən təəccüblənir…
Süleyman müəllim, keç prezidiuma
Cabir Novruzun anası rəhmətə gedir. Qabil də gəlir başsağlığı verməyə. Məclisin yiyəsi Cabir Novruz olduğundan mağarın qapısının yanında oturubmuş. Qabil də başsağlığı verib oturur Cabirin yanında. Hüzürə gələnlər də həm Cabir Novruza, həm Qabilə başsağlığı verirmiş. Onlar da gələnlərə “keçin əyləşin”, çıxıb gedənlərə isə “Allah ölənlərinizə rəhmət eləsin” deyiblərmiş.
Gələnlər arasında görkəmli xalq şairimiz, o vaxt Azərbaycan SSR Ali Sovetin sədri Süleyman Rüstəm də olur. Yanında da indi görkəmli yazıçılarımızdan biri, o vaxt isə gənc yazıçı sayılan bir nəfər. İçəri girir, Cabir Novruza başsağlığı verir. Çox sadə insan olduğundan elə qapının ağzında – onların yanında əyləşmək istəyir. Bu dəm Qabil:
- Yox, Süleyman müəllim, burda sənə oturmaq olmaz. Sən keç prezidiuma.
Süleyman Rüstəm Qabilin zarafatını qəbul edib baş tərəfə addımlayır. O vaxt çox perspektivli (zaman göstərdi ki, doğurdan da beləymiş. İndi böyük vəzifədədir) gənc yazıçı isə yerində duruxub qalır:
- Sən niyə dayanmısan? Sən də keç prezidiuma. Süleyman öləndən sonra yerinə səni qoyacaqlar.
***
Meşədə tualet olar?
Xızıda Müşfiq Poeziya günləri keçirilir. Rəsmi hissədən sonra meşədə qonaqlıq təşkil olunur. Birdən Qabil Cabir Novruzun kiçik oğlu Müşfiqi yanına çağırır. Müşfiq də ənənəvi mehribanlığı və gülərüzlülüyü ilə tez Qabil əmisinə yaxınlaşır. Qabil də:
- Müşfiq, qulağını bura gətir.
- Eşidirəm, Qabil əmi.
- Burda tualet hardadır? – deyə pıçıldayır
Demə bu sualı yanında oturan Cabir Novruz da eşidirmiş.
- Ay Qabil, qəribə sual verirsən e uşağa. Meşədə tualet olar?
***
İttifaq, sən Yüzbaşovu tanımırsan
Qocaman jurnalist İttifaq Mirzəbəyli Azərbaycan Radiosunda işləyərkən Qabili verilişə çağırır. Lent yazısının hazırlanması zamanı Qabil radionun rejissoru, mərhum Nazim Yüzbaşova iki-üç dəfə Minbaşıyev deyir. Bunu görən İttifaq müəllim elə bilir ki, Qabil bilməyərəkdən belə deyir. Ona görə də imkan tapıb şairə yaxınlaşıb pıçıldayır ki, Minbaşıyev yox, Yüzbaşov. Qabil də cavabında "Sən hələ onu yaxşı tanımırsan, 900 başını birdən itirdin, gör, yaxşı tanısan, neyləyərdin".
***
"Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
Bir dəfə də - 1995-ci ilin yanvarında Mikayıl Müşfiqlə bağlı Xızıda tədbir olur. İttifaq Mizəbəyli şahidlik edir ki, tədbirin təşkilatçıları rəsmi hissədən sonra dağlar qoynunda, açıq səma altında çox zəngin bir süfrə açdılar. Tədbirin sponsoru şairlər Fikrət Sadıqla Qabilə yaxınlaşır: "Bağışlayın ki, çöl şəraitidir".
Qabil gülümsünür: "Ördəyə göl şəraiti, şairə çöl şəraiti". Sponsor yenə üzrxahlıq eləyir: "Qonaqların hamısı şair deyil axı". Qabil yenə gülümsəyib: "Müşfiqin ruhu onları bir az şair eləmişdi, indi sizin səxavətiniz hamısını tam şair edəcək".