Belə ki, aidiyyatı qurumlar sayğacların quraşdırılmasından sonar əhalidəın istifadə etdikləri mavi qazın pulunu daha asan yolla alacaqlarını düşünürlər. Onu da xatırladaq ki, “Azəriqaz” İstehsalat Birliyi cari ilin yanvar ayında təbii qazdan istifadə haqqının yığılması, sayğac göstəricilərinin dəqiqləşdirilməsi, yaranmış borclar üzrə istehlakçıların vaxtı-vaxtında məlumatlandırılması, eləcə də təbii qazdan qeyri-qanuni istifadə hallarının aşkar edilərək aradan qaldırılması məqsədi ilə təsis edilən “Azqazservis” MMC ilə müqavilə imzalayıb. Bu qurumun məlumatına əsasən, 2010-cu ilin fevral-may ayları ərzində ölkə üzrə «mavi yanacağın» istehlak haqqının yığımı 90 faizə, may ayında isə 103 faizə çatdırılıb. Nəticədə, dövlət büdcəsinə fevral-may aları ərzində 88 mln. manat vəsait köçürülüb.
Maraqlıdır, əgər “Azqazservis” rəqəmlərdəki kimi yığımın səviyyəsini 70 faizdən (ötən il əhalidən yığım səviyyəsinin 70 faiz olduğu deyilirdi) 103 faizə qaldırıbsa, o halda smartkart sayğaclarına keçidin məqsədi aydın deyil?
Məlumatlar var ki, Bakıda smartkart tipli sayğacların quraşdırılmasından “Azqazservis” Sumqayıt şəhəri üzrə xidmət göstərəcək. Diqqətə çatdıraq ki, hazırda Azərbaycanda 1,250 mln. qaz abonenti mövcuddur və onlardan təxminən 700 min nəfəri Bakı şəhərinin payına düşür.
Dövlət öz vətəndaşına inanmır İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir ki, smartkart tipli sayğaclardan istifadənin bir sıra müsbət və çatışmayan cəhətləri var. Ekspertin sözlərinə görə, inkişaf etmiş ölkələrdə smartkart-lardan istifadə olunmur: “İnkişaf etmiş ölkələr məsələnin psixoloji tərəfini nəzərə alaraq smartkart-ların tətbiqində maraqlı deyillər. Smartkart-lardan istifadə dövlətin öz vətəndaşlarına inanmaması deməkdir.Bu eyni zamanda onu göstərir ki, istifadə edilmiş enerjinin və ya qazın haqqının yığılması ilə bağlı problemlər mövcuddur”.
V.Bayramov hesab edir ki, Azərbaycanda smartkart-ların tətbiqi mavi qaz üzrə yığımların qaydaya salınmasına müəyyən dərəcə müsbət təsir göstərəcək. Ancaq bununla belə smartkart-ların mavi qaz sektorunda problemlərin həlli üçün açar olacağını düşünmək olmaz: “Əslində mavi qaz sistemində, eləcə də “Azəriqaz” İstehsalat Birliyində həyata keçirilməli önəmli islahatlar var ki, smartkart-ların tətbiqindən daha vacibdir”.
“Azəriqaz” aldığı mavi dəyərinin 50 faizini toplaya bilmir. Ekspertin qənaətinə görə, mavi qaz sektorunun problemi heç də istifadə edilən mavi qazın pulunun yığılması ilə bağlı deyil. Çünki, istehlakçıların 80 faizi cari olaraq istifadə etdikləri mavi qazın haqqını ödəyir: “Sadəcə “Azəriqaz” Neft Şirkətindən aldığı mavi qazın əhəmiyyətli hissəsini istehlakçılara çatdıra bilmir. Bunun bir qismi qeydiyyatsız xəttlər vasitəsilə paylanır. Hansıki belə halda qazdan istifadə haqqının dövlət büdcəsinə və ya “Azəriqaz”a alınması mümkün deyil. Praktiki olaraq alınmır da. Digər məqam mavi qaz satışı ilə bağlı itkilərin böyük olmasıdır”. “İtkilərə mavi qazın istehlakçılara çatdırılması istiqamətində mövcud itkilər daxildir” deyən V.Bayramov bildirir ki, həmin itkilər infrastrukturla bağlıdır: “Qazın bir hissəsi mavi qaz xəttlərinin nasaz olması, eləcə də bəzi yerlərdə infrastrukturun yerləşməməsi səbəbindən itir. Həmçinin bu sistemdə hələ də ciddi nəzarət formalaşmayıb.Nəticədə qeydiyyatsız xəttlərin sayı artıb. “Azəriqaz” aldığı mavi dəyərinin 50 faizini toplaya bilmir. Güman edilmir ki, smartkart-ların tətbiqi həmin 50 faizin yığılmasına imkan yaradacaq. Smartkart-ların tətbiqi yığım sahəsində irəliləyişə gətirib çıxara bilməz.Smartkart-lar sadəcə əhalinin qazdan daha qənaətlə istifadə etməsinə səbəb olacaq” MDB-nin heç bir ölkəsində əhali istifadə etdiyi qazın haqqını tam şəkildə ödəmir Mütəxəssisin fikrincə, “Azəriqaz” mavi qazın istehlakçılara çatdırılmasında həm obyektiv, həm də subyektiv səbəblərdən yaranan itkilərin qarşısını almağa çalışmalıdır:
“Hazırda “Azəriqaz” mavi qazın istehlakçılara çatdırılması istiqamətində daha az iş görür, nəinki istehlakçılardan vəsaitin yığılmasında. Təbii, alternativsiz olaraq hər bir vətəndaş istifadə etdiyi qazın haqqını ödəməlidir. Lakin nəzərə almaq lazımdır ki, vətəndaşlar qanuni istifadə etdikləri qazın haqqını ödəyərsə, belə bu qaz sistemində problemlərin həllinə yardımçı olmayacaq”.
Smartkart-ların tətbiqinin təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alıb-almayacağına gəlincə, ekspert deyir ki “qaz oğurluğunun” bir hissəsi abonentlərin özləri tərəfindən edilir: “ Bir hissəsi də “Azəriqaz” işçilərinin xəbəri olduğu oğurluqdur. Bu gün islahatlar “qaz oğurluğunun” qarşısının alınmasına yönəldilməlidir, nəinki əhalinin ödəmədiyi 10 faizin yığılmasına. Düzdür, 10 faizin yığılması da vacibdir. Amma nəzərə almaq lazımdır ki, MDB-nin heç bir ölkəsində əhali istifadə etdiyi qazın haqqını tam şəkildə ödəmir. Hətta Rusiya və Qazaxıstanda belə”.
Modern.az