Modern.az

Əli Həsənov Minsk Qrupunu ikiüzlülükdə ittiham etdi

Əli Həsənov Minsk Qrupunu ikiüzlülükdə ittiham etdi

Təhsil

23 İyul 2014, 12:36

 

"Qoy ATƏT-in Minsk qrupunun nümayəndələri etimadı gedib ermənilərə öyrətsinlər". Bunu Baş nazirin müavini, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanın Ağdam rayonunun ermənilər tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində deyib. 

Modern.az Trend-ə istinadən xəbər verir ki, baş nazirin müavini bldirib ki, ATƏT-in Minsk qrupu Azərbaycana deyil, Ermənistana etimadı öyrətməlidirlər: "Bizə etimaddan danışan Minsk qrupunun dövlətləri son vaxtlar etimad sözünü də atıblar ortaya. Qoy bilsinlər ki, bizə o etimadı öyrətmək lazım deyil. Azərbaycan xalqı tarixən həmişə qonşularla etimad şəraitində yaşayıb. Qoy gedib o etimadı ermənilərə öyrətsinlər və ermənilərin qarşısında o şərti qoysunlar". 

Ə.Həsənov bildirib ki, Azərbaycan artıq onlara inanmır: "Biz artıq onlara inanmırıq. ATƏT-in Minsk qrupu demək olar ki, mahiyyətini itirib".

Baş nazirin müavini, həmçinin qeyd edib ki, Ağdam gec-tez erməni işğalından azad ediləcək: "Çox təəssüf ki, biz bu gün Ağdamın azad edilməsi yox, işğalının növbəti ildönümü münasibətilə yığışmışıq. Amma biz bilirik ki, Ağdamın işğalı müvəqqətidir. Biz Ağdamı işğaldan azad edəcəyik. Buna tam əminik".

"ATƏT-in Minsk qrupunun dövlətləri və onların nümayəndələri ikiüzlülükdən əl çəkməlidirlər" - Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.

Baş nazirin müavini bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun üzvləri Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Şurasındakı son çıxışından nəticə çıxarmalıdırlar: "Həmin dövlətlər və onların nümayəndələri ikiüzlülükdən əl çəkməlidirlər. Ya bu problemi həll etməlidirlər, ya da çəkilməlidirlər kənara və iki xalqı, iki dövləti qarşı-qarşıya qoymalıdırlar ki, öz problemini həll etsinlər".

Ə.Həsənov həmçinin qeyd edib ki, əgər erməni xalqı xoş və firavan yaşamaq istəyirsə, Ermənistandakı mövcud rejimdən canını qurtarmalı və yenidən Azərbaycanla qonşuluğa başlamalı, Azərbaycanın da imkanlarından isifadə edərək özlərinə yaxşı yaşayış tərzi qurmalıdırlar: "Çıxış yolu budur. Əgər erməni xalqı rahat yaşamaq istəyirsə, bunu etməlidir, istəmirsə, qoy elə zülmət içində yaşasın. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Prezidenti onsuz da gec-tez öz torpaqlarını azad edəcək. Biz azad edilmiş Azərbaycan torpaqlarının qələbə gününə toplaşacağıq".

Modern.az 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir