“Bütün müsəlman Şərqi başdan-ayağa münaqişə ocağıdır. Bu münaqişələrin ssenarisini hansı qüvvələrin, güclərin yazdığı onsuz da bəllidir”. Bunu Modern.az saytına politoloq Zərdüşt Əlizadə Qəzzada İsrailin apardığı hərbi əməliyyatlardan danışarkən deyib. Ekspert İsrail -Fələstin münaqişəsini şərh edərkən bildirib ki, müsəlman dünyasına düşmən olan qüvvələr vahid cəbhədə birləşib Şərq aləmini qarışdırırlar. Politoloq qeyd edib ki, Qərb dairələri İsrailin bölgədə ağalığını reallaşdırmaq üçün rəsmi Təl-Əvivə dəstək olurlar: “Onlar bu məqsədlə Fələstini parçalayırlar. Fələstinə dəstək verən dövlətləri anti-İsrail cəbhəsindən vurub çıxardırlar. Fələstin torpaqlarının İsrailə ilhaq edilməsinə qarşı müqavimət göstərən sonuncu qüvvə olan “HƏMAS”ı məhv edirlər”.
Zərdüşt Əlizadə Türkiyənin İsrail əleyhinə sərt bəyanatlar səsləndirməsinə də toxunub. O, Türkiyənin İsrailə qarşı kəskin mövqedə olmasına baxmayaraq, rəsmi Ankaranın Qəzzada hərbi əməliyyatlar aparmasını istisna edib: “Çünki İsrailin arxasında ABŞ dayanıb. Türkiyə isə belə bir riskə getməz”.
Qeyd edək ki, iyul ayının 7-dən bu yana İsrail Qəzzanı bombalayır. Bir neçə gün öncə isə İsrail bölgədə quru əməliyyatlarına başlayıb. İsrail tərəfi dəfələrlə bəyan edib ki, vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət “HƏMAS” qruplaşmasının üzərinə düşür. İsrail “Həmas”ı atəşkəs rejiminə məl etməməkdə təqsirləndirir. Qəzzada dinc insanların öldürüldüyü bir zamanda ABŞ başda olmaqla, Qərb dairələri İsrailə açıq dəstək nümayiş etdirirlər. BMT-nin baş katibi Pan Gi Mun da İsrailin özünü müdafiə etdiyini bildirib.
Məlumat üçün qeyd edək ki, İsrailin apardığı əməliyyatlar nəticəsində 640-dan çox sivil vətəndaş həlak olub.
Aqşin Kərimov