İki gün bundan qabaq Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı prezidentin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub. Yeni vəzifəyə təyin olunan YAP-çı deputatın mandatı ləğv olunarkən Milli Məclisdə iqtidar partiyasının sıralarının seyrəlməsinə necə təsir edəcək?
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az-a məsələni belə şərh edib:
“Bu, bütün dünyada rast gəlinən praktikadır. Parlamentdəki kadr potensialından dövlətin idarə olunmasında kifayət qədər istifadə olunur. Səbəbinə gəldikdə, birinci növbədə həmin insanlar hazırlıqlı olurlar və seçicilərini parlamentdə təmsil edirlər. Belə adamların ictimai-siyasi fəaliyyəti, siyasi dünyagörüşü, dövlət idarəçiliyində təcrübəsi diqqət çəkir. YAP-ın parlamentdə təmsil olunan kifayət qədər üzvü var. Həm ümummilli lider, həm də indiki prezidentimiz istər parlamentdə, istərsə də partiyanın rəhbər strukturlarında, Siyasi Şurasında, İdarə Heyətində təmsil olunan insanları müxtəlif vəzifələrə təyin ediblər. Bəzisi icra başçısı göndərilir, bəziləri müxtəlif nazirliklərə, dövlətin ayrı-ayrı strukturlarında təmsil olunurlar. Bu da tamamilə məqsədəuyğun və düzgün xəttdir”.
O, YAP-ın bir məktəb olduğunu da diqqətə çatdırıb: “İqtidar partiyası dövlət üçün bir kadr potensialıdır, kadrların hazırlanması üçün məktəbdir. Bu prosesdə gənclər də iştirak edir və vaxtaşırı onların da potensialından istifadə olunur. YAP 500-1000 nəfərdən ibarət deyil, geniş və böyük bir ordudur. Vətəninə, xalqına bağlı, təhsilli, dövlətçiliyi bilən insanların toplaşdığı bir siyasi təşkilatdır”.
Qeyd edək ki, bununla da YAP-ın Milli Məclisdə təmsil olunan 4-cü nümayəndəsi mandatsız qalıb. Belə ki, 2013-cü ilin oktaybrında baş nazirin müavini vəzifəsinə təyin olunan Əli Əhmədovun deputat mandatı ləğv olunub. Adı korrupsiya qalmaqalında hallanan Gülər Əhmədova özü mandatından imtina edib. 2013-cü ilin mart ayında isə deputat Hikmət Atayevin avtomobil qəzasında dünyasını dəyişib.
Namidə BİNGÖL