Bu gün Ağdamın işğalından 21 il ötür. 1993-cü ilin bu günündə Azərbaycan elm, mədəniyyət və ictimai siyasi həyatına çox böyük töhfələr verən bu rayonun xeyli hissəsini düşmən istila edib. Ağdamda doğulub-böyüyən tanınmış insanlar bu gün nə düşünür? Modern.az Ağdamın tanınmış elm, ədəbiyyat və ictimai xadimlərindən “Ağdamda nəyiniz qaldı” sualı ətrafında sorğu keçirib.
Rafiq Əliyev, dünyada tanınan alim, professor: “Mənim özümə aid olan bir fikrim var: “Bir şeyin qiyməti, dəyəri səndən nə qədər uzaq olması il ölçülür”. İndi Ağdam məndən o qədər uzaqdır ki... 350 kilometr deyirlər. Amma Ağdamla mənim aramda məsafə 350 milyon kilometrdən də çoxdur. Təbii ki, bu mənəvi uzaqlığın ölçü vahididir. Atamın, anamın, əzizlərimin qəbrini gedib ziyarət edə bilmirəm. Mən orada çox böyük itkini qoyub gəldim. Torpaq itkisi çox sarsıdıcıdır. Böyüdüyüm doğma komanın itkisi böyükdür. Mən orada komamı qoyub gəldim. Mənim üçün ən böyük itki bunlardır: böyüdüyüm doğma koma, xatirələrim, bir də doğmalarımın məzarı. Ancaq həmişə demişəm: “Ağdamı itirdik, təki ağdamlılığı itirməyək”. Ramiz Rövşən Vahid Qazinin kitabına belə bir ön söz yazıb: “Sovet vaxtı Moskvada yaşamağa vəzifə deyərdilər. Bizdə isə Ağdamda yaşamaq bu cür vəzifə sayılırdı. Söhbət hər hansı kreslodan, yüksək vəzifədən getmir, burada söhbət Xudu Məmmədov, Fred Asif “vəzifə”sindən gedir”.
Bəxtiyar Sadıqov, deputat, “Azərbaycan” qəzetinin baş redaktoru:
“Ağdamda doğmalarımız, əzizlərimiz yaşayıb, orada dostlarımız, ilk dəfə addımladığımız küçələr, su içdiyimiz bulaqlar, oxuduğumuz məktəb qalıb. Orada bizim uşaqlıq illərimiz, yeniyetməlik çağlarımız, ilk arzularımız qalıb! Orada bizim ömrümüzün bir parçası, xatirələrimiz qalıb! Orada bizim doğmalarımızın və əzizlərimizin məzarları qalıb! Bəzən insan uşaqlıq və keçmiş xatirələrini yenidən canlandırmaq istəyir. Doğmalarının qəbri üstünə gedərək ürəyini boşaltmaq istəyir. Fəqət, onların hamısı tikanlı məftillərin arxasında, səngərlərin o tayında qalıb. O cansız varlıqlar da erməni işğalında qalaraq əsirlik əzablarını yaşayır. Yasin səsinə həsrət, baş və sinə daşları oğurlanaraq dağıdılmış, ərazisini kol-kos basmış qəbiristanlıqlar da bizdən kömək istəyir. Ancaq nə əlimiz yetir, nə dadlarına çata bilirik”.
Vahid Qazi: yazıçı- jurnalist: “Özüm”.
Zakir Fəxri, şair: “Qarabağsız” adlı şeirim var. Bir gün mahir muğam ustadlarından biri çadır şəhərciyində: “Xoş gəldin elinə, obana, nə yaxşı...”, - dedi mənə və “Şuşanın dağları”nı oxudu... Şeiri orada yazdım, orada dedim ki, Ağdamda , Qarabağda nəyim qaldı, nəyi qoyub gəldim:
“Dostlar, bağışlayın, əliboş gəldim,
Gəldim qapınıza mən, Qarabağsız.
Vallah, gözlərimdən çəkilib getmir
Duman Qarabağsız, çən Qarabağsız.
Ələ qələm aldım, əlim göynədi,
Hər adı gələndə dilim göynədi.
Çiçəyim göynədi, gülüm göynədi,
Bölündüm ortadan tən, Qarabağsız.
“Qalmaz belə, qalmaz dünya” yazanda,
Ümid közərirdi könül sazında.
Zakir Fəxri hər üzünə yozanda,
Anasız yetimsən sən, Qarabağsız.”
Ənvər Əhməd, şair: “Ağdamda torpağım qaldı, millətimin dəyərləri qaldı. Ağdamda Qarabağın gəlin kimi bəzənmiş toy otağı qaldı, 360 il bundan əvvəl Qarağacıda dəfn olunan babalarımın məzarları qaldı. Ürəyimdə torpağın yanar közünün külü qaldı.
Get Ağdama, sovur külün, Sərt küləklər qovur külün,
Tapa bilsən bircə gülün,
Gəl, yaramı onla sarı...
Biz yaradıcı insanlar dərdləri belə çəkirik. Bu dərdləri hələ çox çəkəcəyik. Ağdamın itkisi bizim üçün ölkənin yarısına bərabərdir. Ona görə ki, Ağdam Azərbaycanın ən böyük mənəvi mərkəzlərindən biri, qürur mənbəyi idi. Mən o vaxt Xankəndidə işləyirdim. Orada çoxlu qohumlarımız da yaşayırdı. Ağdamlıların tərəqqisi, yaşayışı üçün əlimizdən gələni edirdik. Ermənilər bir Allahdan qorxurdular, bir də Ağdamdan. Əgər ermənilər Ağdamın əlini, qolunu bağlamasaydılar, Ağdamın meyitinin üstündən keçə bilməzdilər.”
Sultan Mərzili, şair: “Mənəvi cəhətcə desək, ruhum, ata-babalarımızın məzarı, müqəddəs sayılan od-ocağımız qaldı. Maddi cəhətə gəldikdə, ev eşiyimiz, mal-mülkümüz, min bir zəhmətlə, dişlə-dırnaqla yaratdıqlarımız qaldı! Bir də bizim qürurumuz, mənliyimiz, kimliyimiz, keçmişlərimizdən gələcəyimizə gedən ümidlərimiz qaldı”.
Xəyal Rza, şair, AYB-in mətbuat xidmətinin katibi: “Cismani varlığımdan başqa hər şeyim. Uşaqlığım, sevincim, xatirələrim, ilk sevgim, məktəbim, təhsilim, sinif yoldaşlarım, evim, həyətim, velosipedim, topum, məhəllə uşaqlarım, topumuzu partladan qonşum, atamın, anamın iş yeri, anamın tamaşaları, tamaşaçıları, gözümün önündə alışıb yanan şəhərim! Və... RUHUM!”
Elmin Nuri
Ulduz İbrahimova