“Gündəlik Mətanət ilə” bu gün fərqli idi. Bəlkə də əvvəlcədən planlaşdırılmış, düşünülmüş ssenariyə tabe olmurdu bu günkü veriliş. Aparıcı Mətanət Əliverdiyeva və qonaqları, Ağdamın dəyərli insanları özlərini Ağdam kimi qürurlu, şux aparmaq istəsələr də, hisslərinə, Qarabağ məhəbbətindən yoğrulmuş duyğularına hakim kəsilə bilmirdilər.
Şaqraq gülüşlərinə, duzlu-məzəli zarafatlarına adət etdiyimiz teleaparıcı isə üç gün, beş gün əvvəlki kimi deyildi. Sponsorların bəh-bəh tərifi də əvvəlkilərə bənzəmirdi. İştirakçıların nikbin notlara köklənmək istəyi də baş tutmurdu. Bəlkə də aparıcının və qonaqların içindəki dönüş adlı ümid çırağı olmasaydı, Ağdam mövzulu bu veriliş baş tutmayacaqdı.
Bu fərqli verilişdə başqa bir aləm, başqa bir möhtəşəmlik var idi. Studiyadan illərlə həsrətini çəkdiyimiz Qarabağın ab-havası hiss olunurdu, Ağdamın qoxusu gəlirdi. Çoxsaylı televiziya kanallrında belə həssas və səmimi efir tamaşaçılara çox az qismət olur. Çünki hər şey olduğu kimi idi, musiqi də, söhbətlər də bəzəksiz, boyaqsız...
Verilişin sonunda Rəmiş, Azad Şükürov, Təyyar Bayramov üçlüyünün ifası isə sənətin Qarabağ zirvəsi idi. Bu ifada hər şey bir-birini tamamlayırdı, dərdlərə məlhəm, Qarabağa çağırış, Vətənə sevgi və yəqin ki, bir də efirin bu tayından “Gündəlik Mətanət ilə” verilişinin yüz minlərlə tamaşaçısının sadəcə ağlamağı yox, hönkürtüsü...
Mətanət də ağlayırdı. Mətanət xanımı Ağdam ağladırdı, sevimli aparıcını bütöv Azərbaycan istəyi sakit buraxmırdı.
İlham Cəmiloğlu