“Bildiririk ki, Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılarla bağlı ilk gündən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbərilə bir neçə dəfə görüş keçirilib və girov götürülmüş şəxslərin taleyilə bağlı və bu günə qədər onlar haqqında heç bir məlumatın olmamağından Azərbaycan tərəfinin narahatlığı qarşı tərfin diqqətinə çatdırılıb”.
Bunu Modern.az saytına Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər.
Qeyd edilib ki, “Dövlətqaçqınkom”girov götürülmüş şəxslərlə bağlı hər hansı bir məlumatın əldə edilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə intensiv iş aparmalarının zəruriliyini diqqətə çatdırıb.
“Bütün bunların nəticəsi kimi Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən bir neçə fotolar əldə edilib və həmin fotolarda girov götürülmüş şəxslərdən biri olan və ermənilər tərəfindən öldürüldüyü ehtimal olunan Həsən Həsənovun olduğu bildirilib. Bununla əlaqədar olaraq ailə üzvləri, qohumları həmin fotolarla tanış olub və həmin şəxsin Həsən Həsənov olduğu təsdiqlənib. Eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən cəsədin qaytarılması ilə bağlı danışıqlar aparılıb, lakin onlara bildiriblər ki, cəsədin həmin şəxsə aid olduğunu dəqiqləşdirmək üçün əlavə köməkedici identifikasiya materiallarına ehtiyac var.
Qeyd etmək istəyirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov, Şahbaz Quliyevlə görüşün təşkil olunması və Həsən Həsənovun cəsədinin qaytarılması ilə bağlı görülən işlər gündəlik ölkə prezidenti cənab İlham Əliyevin nəzarətindədir. Əlavə məlumat olacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək”.
Modern.az