2015-ci il parlament seçkiləri yaxınlaşdıqca müxalifət daxilində qara piar cəhdləri özünü biruzə verməyə başlayır. Hələlik ilkin cücərtilər şəklində mandat alveri suçlaması müxtəlif istiqamətlərdən Müsavat Partiyasını hədəfə alır. Bu yanaşmanın siyasi leksikondakı cib müxalifəti ifadəsini də irəli aylarda yenidən daha kəskin ittiham predmetinə çevirəcəyi şübhə doğurmur.
Yeri gəlmişkən, AXCP sədri Əli Kərimli bu günlərdə Rusiyanın əsas müxalifətinin lideri Boris Nemtsovdan yazarkən, çox müxtəsərcə cib müxalifəti ifadəsinə aydınlıq gətirib və bildirib ki, Azərbaycan cib müxalifəti ənənəsini Rusiya praktikasından mənimsəyib. Doğrudur, Kərimli cib müxalifəti rolunu oynayan ilk partiyaların vaxtilə AMİP və AXCP-nin “Yurd” qanadı olduğunu qeyd etmək istəməyib, amma ictimai rəyin hafizəsinin möhkəmliyi heç onun təfsilatlara getməsinə lüzum da saxlamır, çünki yaxın keçmişə bələdçilik etməyə özünün kifayət qədər gücü və cəsarəti çatır.
Gələk, 2015-ci ilin parlament seçkilərinə və Müsavatın hədəflərinin daralması, bir neçə mandat naminə hakimiyyətlə işbirliyi içərisinə girmə təxminlərinin indidən səslənməsinə. Lap fərz edək ki, belə bir ittiham Müsavata deyil, AXCP-yə qarşı yaranar- siyasi gerçəkliklərə bu gün belə ittihamlarla qiymət vermək köhnəlmiş yanaşmadan başqa bir şey deyil.
Əvvala, uzun praktika sübut edib ki, dalbadal boykota getmək ən böyük zərbəni müxalifətin özünə vurur. Keçmişin səhvlərindən alınan dərslər taktikanı dəyişirsə, bunun separat danışıqlarla hər hansı əlaqəsindən söhbət gedə bilməz. Partiyaların mandat alverini harada, hansı formatda, nə kimi şərtlər altında aparması dəqiq əlamətlərlə özünü biruzə vermiş olmalıdır və alver ciddi səbəblərə söykənməlidir. Bu gün alver üçün səbəblər son dərəcə zəifdir.
Siyasi rəqabətin ən kəskin dönəmlərində ümummüxalifət mənafeyi deyilən bir vəziyyət var idi. Düşərgə yetərincə güclü idi. Hakimiyyətə vahid qüvvə şəklində təzyiqlər öz təsirini göstərə bilirdi. Belə bir müvəffəqiyyət şəraitində əgər siyasi müttəfiqlərdən birinin boykotuna əks digərinin seçkidə iştirak qərarı verilirdisə, müxalifət partiyası seçki prosesindən bir neçə mandatla çıxırdısa, mütləq bunun arxasında hakimiyyətlə gizli əməkdaşlıq məsələsi axtarılırdı. Əslində haqsız da sayılmazdı, çünki müxalifətin mühüm qərarları sistemli şəkildə süni əngəllərlə tormozlanır, məşvərət salonlarında səsdinləyici qurğular aşkarlanırdı. Cib müxalifəti açıq-aydın ortadaydı və əsas missiyası müxalifətin mənafelərinə zərbə vurmaq, onu zəiflədib siyasi meyidə çevirməkdən ibarət idi. Siyasi düşərgə özünün bugünkü kəskin iflas halına ilk dəfə cib müxalifətçiliyinə razılıq verən qüvvələrin ciddi məsuliyyətsizliyi sayəsində gəlib çıxdı.
Seçkidə iştirakın legitimliyə kömək etməsinə gəlincə, hakimiyyət müxalifət olmadan da parlamentin legitimliyini beynəlxalq aləmə, daxildə ictimai rəyə qəbul etdirməyi bacarıb. AXCP-nin, yaxud, Müsavatın bu gün parlamentdə yer tutması hakimiyyət üçün əvvəlki prinsipiallığını xeyli itirib.
Məsələnin ən pis tərəfi odur ki, könhə nümunə cəmiyyətdə pis bir stereotipə çevrildi və indi bütün seçkilərə kor-koranə bu stereotiplərlə xarakteristika verilir- guya alver danışıqları aparılmadan nə seçkiyə qatılmaq qərarı verilə bilər, nə seçilmək mümkündür, nə də hakimiyyətin bu nəticəyə göz yumması. 2010-cu ildə Lalə Şövkət Hacıyeva bu stereotiplərin doğuracağı hay-küyün, ictimai qınağın, satqınlıq, xəyanət kimi ittihamların ağırlığı altında qalmaq istəməyib mandatdan imtina etdi. Halbuki mandat hakimiyyətlə iş birliyinin töhfəsi olsaydı, geri verilməməli idi. Amma başqa bir variant kimi geri verməyə də bilərdi və lazım idi ki, eyni məntiqlə Hacıyevanın separat danışıqlar nəticəsində millət vəkili seçilməsi versiyası ağlın ucundan belə keçirilməsin.
Yəni, seçkidə öz imkanları ilə qalib gəlmək, hakimiyyətin də könlündə bu qələbəni tanımaq kimi variantların mümkünlüyü kor-koranə mandat alveri suçlaması ilə kölgə altına düşə bilər. Bu baxımdan sosial və elektoral bazada depressiyanın yaranmaması, siyasi insanların öz potensialına güvənməsi və bu potensialın dövlət strukturlarına daşınması cəhətindən stereotiplərin dəyişməsinə kəskin ehtiyac var. Haram mandat məsələsini düşünürkən, halal mandat ehtimalını da unutmamaq gərəkdir. Möcüzəli vəziyyət ortaya çıxanda, Lalə Şövkət kimi hərəkət etmək yanlışdır. Halal mandatı ictimai qorxu altında təhvil vermək ciddi bir şey yaratmadı-nə müxalifət bir şey qazandı, nə də iqtidar ciddi bir şey itirdi. İtirən Lalə Şövkət və onun seçicisi oldu. Hər halda Hacıyeva təcrübəli, cəsarətli qadın idi və onun bu gün mənzilində oturub, təqaüd yaşını gözləməyindənsə, enerjisini qanunverici sahəyə, vətəndaşların problemlərini dövlət tribunasına gətirməsi daha yaxşı bir iş olardı.
Analogiyanı Müsavat Partiyasının üzərinə gətirsək, Arif Hacılının, Qubad İbadoğlunun, ya X birisinin seçilə bilməməsi kimi bir ehtimal böyük deyil və onların parlamentə düşməsi hakimiyyət üçün ciddi qorxu olmadığı kimi, ümummüxalifət mənafeyi üçün zərbə də daşımır. Və yaxud, olsun, AXCP-nin rəhbərləri üçün qələbə mümkünlüyü. Mirmahmud Mirəlioğlunun şansının gətirməsi və baryerlərin olmaması. Hazırkı zamanda müxalif spektrin mənafeyi deyilən bir məsələ yoxdur, onların vahid güc mərkəzinə çevrilməsi istəkləri sadəcə, dekorativ səciyyə daşıyır. Bundan başqa, müxalifət sosial dayaqlarını, elektoratını itirmiş bir aqibət içərisindədir. Bu durumda parlament seçkilərinə gedən və mandat alan partiyanın bazarlıq şərtlərində iştirakına lüzum da yoxdur. İndi fərqli bir siyasi şəraitdir. Millət vəkili iddialarına yerli-yersiz qara rəng vurulacaqsa, onda parlament seçkilərində iştirakın ümumiyyətlə, məntiqi də qalmır.
Pənah Hüseyn, Fazil Mustafa kimi tanınmış müxalifətçilər millət vəkili olanda, böyük bir qınaq əmələ gəldi ki, onlar mandat alverində iştirak ediblər. Halbuki onlardan birincisinin ipə-sapa yatmayan davranışları Milli Məclisin iclaslarında ən maraqlı epizodlara çevrildi. Ənənəvi ampulasında qalıb, mikrofonu kəsiləndə sədarət kürsüsünə qədər yürüyüb, sözünü deməyə çalışırdı- nə müxalifəti, nə də seçicisini pis təmsil edirdi.
Fazil Mustafa da parlamentə hansı statusla düşməyindən asılı olmayaraq, eyni şəkildə tənqidi məqamları özünün söz haqqına çevirməyi bacarır, xalqın gileylərinə istinadı mandatı itirmək qorxusu ilə müqayisəyə gətirmir. Digər tərəfdən, öz məqalələri ilə elə mövzulara toxunur ki, bu mövzular müxalif mətbuatın üslubu qədər radikal bir üslubda işlənir. Potensialı çoxunun intellektual bazasından daha üstün qabiliyyətli bir insanın parlament kürsüsündə olması, Avropa ölkələrinin salonlarında Azərbaycanı təmsil etməsinin nəyi pisdir ki?! Bir də ki, mənasız qınaq olacaq deyə, intellektual insanlar nəyə görə öz potensialını faydalı bir müstəviyə gətirməkdə hələ də gözləməlidir?! Siyasi mübarizəni irəlilətməyən meydan tədbirlərində mənasız yerə sərf etməlidir?! Müxalifət lap tək əldən səs çıxmaz vəziyyətində belə, mübarizəni parlament müstəvisinə daşımalıdır. Parlamentdə çoxluq təşkil etmək, fraksiya yaratmaq onsuz da mümkün deyil.
Eyni zamanda, el üçün ağlayan göz şablonunu bir kənara buraxıb həqiqəti də demək lazımdır ki, hər bir insan həm də öz ailəsinə və özünə məxsusdur. Onun potensialı açılmalı, özünü isbat etməli, öz enerjisini faydalı bir sahədə sərf etməsindən lazımı məmnunluğu yaşamalıdır.
Hər seçkini, hər kəsin millət vəkili mandatını köhnə stereotiplərlə ləkəmək doğru qiymətləndirmə deyil.