Modern.az

Akademikə qüsur tutanlar unudur ki…

Akademikə qüsur tutanlar unudur ki…

Təhsil

25 İyul 2014, 14:14

Dünən mətbuatda Tibb Universitetinin rektoru, akademik, millət vəkili Əhliman Əmiraslanov barədə, demək olar ki, indiyə qədər də bəlli faktlarla qurulmuş və sadəcə ad-soyad dəyişməklə bu gün istənilən idarə-müəssisə rəhbəri barədə yazılması mümkün olan bir yazı çap olunub. Bir məktub əsasında yazılmış məqaləyə təkrar müraciət etmək marağımız redaksiyaya edilmiş bir telefon zəngi ilə bağlı oldu.

Təbii ki, Əhliman Əmiraslanov barədə yazılanlardan narazı idi, insafən, öz narazılığını və yazılanların qeyri-real olduğunu sübutlayan əsaslar da göstərirdi. Kimliyini soruşanda isə cavabı məntiqli oldu: "Əmiraslanova qarşı redaksiyalara məktub göndərənlər öz kimliklərini açanda, mən də kimliyimi deyərəm". Düz sözə nə deyəsən deyib, elmi dairənin təmsilçisi olduğunu deyən və həqiqətən ziyalı leksikonla danışan oxucumuzun dediklərindən qeydlər götürməyə başladıq...

Oxucunun sözləri: "Əhliman Əmiraslanov barədə "Yeni Müsavat"a o adsız məktubu göndərən kimdirsə, təmənnalı və qərəzli birisidir, bu tanınmış qəzeti də guya sensasiyalı kimi təqdim etdiyi faktlarla yanlış yola sövq edib. Məsələn, deyir ki, Əhliman müəllimin klinikasında rüşvət baş alıb gedir. Mən demirəm ki, orada bir manat da olsa xəstələrlə həkimlər arasında pul söhbəti yoxdur. İndi hansı xəstəxana belə hallardan tam təmizdir və ya təmiz ola bilər? Ancaq heç olmasa məntiqə də fikir vermək lazımdır. Az qala ildə 4-5 dəfə seçildiyi dairədə və ətraf rayonlarda əhaliyə pulsuz müayinə xidməti göstərən bir adam öz klinikasında rüşvətə necə rəvac verə bilər? Məgər düşünməzmi ki, onun öz klinikasında "rəvac verdiyi" rüşvətin qurbanlarından biri həmin pulsuz müayinələr zamanı hər şeyi Əmiraslanovun üzünə deyib onu pis vəziyyətdə qoyar? O məktubu yazan adam bircə anlığa insaf edib klinikanın baş həkimi Nəsimi Qasımovla şəxsi ünsiyyətdə olsaydı nə olardı? Mən inanıram, ən azı utanardı ki, yazdıqları Nəsimi Qasımova yaraşmır. Hər kəslə işdə, qeyri-iş mühitində Azərbaycan elminin, elə tibb elminin, tibb praktikasının problem və irəliləyiş yollarından yanğılı bir ziyalı kimi danışan insanı qaralamaq həqiqətən utancvericidir.

Əmiraslanova qarşı yazırlar ki, o bu gün tibb elmi sferasında çoxlu vəzifələr tutur. Burada qəribə nə var ki? Müasir Azərbaycan onkologiyasının az qala yaradıcılarından biri, elmi araşdırmalarının nəticələri xarici ölkələrdə də metod kimi işlədilən bir akademikin onkoloji klinikaya, onkologiya kafedrasına, tədris-cərrahiyyə klinikasına rəhbərlik etməsi ancaq ondan şəxsən üstün olan birisinin yerini "dar" edə bilər ki, beləsi də sadəcə yoxdur. Ancaq nə yaxşı ki, heç olmasa onun akademik seçilməsinə "əmma" qoymayıblar. Çoxlu vəzifə tutmağı akademikə qüsur tutan məktub müəllifi unudur ki, bu vəzifələr iqtisadiyyat, kənd təsərrüfatı və ya hər hansı əlaqəsi olmayan başqa sahə nazirliklərində yox, doğma tibb və elm sahələrində tutulur, həm də bu iradlarda məntiqsizlik var. Məntiqsizlik odur ki, həm akademikin bir neçə sanballı vəzifə tutmasından danışır, həm də klinikada rüşvət yaymasından söz açır. Bu qədər vəzifə tutan adamın çirkli rüşvət mexanizminə rəvac verməsi nə dərəcədə inandırıcıdır?

Tibb Universitetində yay və qış semestr imtahanlarında Azərbaycanda hər hansı ali məktəblə müqayisəolunmaz dərəcədə şəffaf mexanizm yaradan, rüşvətin yayılmasını mümkün qədər əngəlləyən üsulları axtaran və tətbiq edən bir adam, necə olur ki, tədris sahəsində qeyri-rüşvətxor, müalicə-cərrahi sahədə rüşvətxor olur? Xəstələrin "dərisini soyduğu" iddia edilən Əmiraslanov nədən tələbələrin "dərisini soymur?" Axı bir adam iki cür ola bilməz?! Həm də "dəri soymaq" məsələsində tələbələr xəstələrdən daha rahat məxluq olduğu halda?... Necə yəni tibb Universitetində sovetlərdən bu yana dəyişiklik olmayıb?

Böyük elmi yaradıcılıq tarixi olan kafedra müdirləri uzun illər yerlərində qalırsa, bu o deməkdir ki, dəyişiklik yoxdur? Bəs Azərbaycanda ən böyük tədris yeniliyi olan Boloniya sisteminə ilk və ürəklə keçən universitetlərdən birinin Tibb Universiteti olduğunu yazmağa o məktub müəllifinin əli niyə gəlmədi? Məgər o bilmir ki, illərlə kafedra müdiri postu tutanların bir qismi bir alim kimi buna haqq edib, bir qisminin isə faktiki olaraq həmin postda oturub-oturmamasına qərarı Əmiraslanov vermir? Bu balaca ölkədə Universitet rektorlarını Universitet miqyaslı bütün məsələlərdə sona qədər yeganə söz sahibi hesab etmək, bağışlayın, dünyadan xəbərsizlikdir. Sonra məktub yazan(?) deyir ki, Əmiraslanov Onkoloji Klinikada öz yerinə kadr hazırlamayıb. Bu lap təəccüblü oldu. Necə ola bilər ki, bu klinikada gündə tibbi əməliyyatlar aparan təcrübəli və elmi adlı mütəxəssislərin biri bu vəzifə üçün yetişməsin? Yetişmək başqa necə olur? Əmiraslanov durub deyəsi deyil ki, mən daha gedirəm, bundan sonra klinikaya sən rəhbərlik et! Böyük elmi-praktik təcrübəsi olan, elm üçün yaşının ən gözəl çağlarını yaşayan, həm də tibb sahəsinin çox unikal bilicisi olan bir insanı nədən belə yanğı ilə çıxdaş etmək istəyi ola bilər? Belə mütəxəssisləri - Əhliman Əmiraslanov kimi öz sahəsində tək-tək olan alimləri bir daha təkrar yetişdirmək üçün nə qədər vaxt gərəkdir, ümumiyyətlə bu mümkündürmü?".

Oxucu sonda çox maraqlı, ancaq bizə də real görünən ehtimalını da açıqladı. Belə dedi: "Yazılanlarda Əmiraslanovun əleyhinə təzə bir şey yoxdu, onları indiyə qədər çox dedirdiblər, yazdırıblar. Təkrar-təkrar deyilmiş şeyləri bir daha məktuba yazıb redaksiyalara göndərənlərin niyyətində, hiss olunur ki, sanki sadəcə Əhliman Əmiraslanovu necə olursa-olsun gündəmə gətirmək marağı var. Bu marağın isə nədən yarana biləcəyini ancaq ehtimal edə bilərəm. Universitet daxilində Əhliman müəllimi istəməyənlər, qısqananlar az sayda olsa da var. Görünür, bu daxili rəqiblər Əhliman müəllimlə bağlı son bəzi pozitiv yenilikləri həzm edə bilmirlər.

Məsələn, Əmiraslanov bu günlərdə Prezidentin sərəncamı ilə Respublika Bilik Fondunun Müşahidə Şurasına üzv təyin edildi, bundan qabaq onun oğlu (insafən, deyilənə görə çox sanballı kadrdır) Tapdıq Əmiraslanov Prezidentin sərəncamı ilə fövqəladə hallar nazirinin müavini təyin edilib. Hər ikisi də Prezidentin sərəncamı ilə olub. Böyük nailiyyətdir, böyük etimaddır. Məncə, kim(lər)sə o məktubu redaksiyaya yazıb göndərməyə vadar edən elə bu faktlardı".

Sonda oxucuya xatırlatdıq ki, o bu fikirlərini Əmiraslanovun əleyhinə olan məktubu çap edən qəzetin özünə də bildirsə, bunlar yazılacaq. Biz də oxucunun istənilən qəzetdə fikir bildirmək haqqını tanıyaraq onun zənginə və fikirlərinə dəyər verdik.


Namiq QULİYEV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir