Modern.az

Müxalifət Rəsul Quliyevi qınadı: “Xalq müxalifətə müqəvva kimi baxa bilməz”

Müxalifət Rəsul Quliyevi qınadı: “Xalq müxalifətə müqəvva kimi baxa bilməz”

Təhsil

25 İyul 2014, 15:22

Eks-spiker Rəsul Quliyev növbəti müsahibəsində deyib ki, Azərbaycan xalqı müxalifətə müqəvva kimi baxır. Modern.az saytı sabiq parlament sədrinin bu fikirlərinə müxalifətin mövqeyini öyrənib.

“Əvvəla, xalq arasında sorğu aparsanız, daha obyektiv olar. Mənə elə gəlir ki, Rəsul müəllim fikirlərini çox açıq ifadə edir”. Bunu Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər eks-spiker Rəsul Quliyevin müxalifət haqqında dediyi fikirlərə münasibət bildirərkən deyib: “Müxalifətə münasibətə gəldikdə, burda əsas məsələ azad və ədalətli seçkilərin keçirilməsidir. Təəssüf ki, bizim ölkədə belə seçki keçirilmir. Ölkədə azad və ədalətli seçkikər keçirilsə, nəinki müxalifət, eyni zamanda hakimiyyət partiyalarının da xalq tərəfindən necə dəstəkləndiyi çox aydın olar. Digər tərəfdən, Azərbaycanda obyektiv rəy sorğusu keçirən mərkəzlər də yoxdur. Çünki demokratik ölkələrdə rəy sorğusu keçirən mərkəzlər obyektivliyə yaxın nəticələr əldə edirlər. Onunla da müəyyən etmək olur ki, hansı siyasi qüvvəyə xalqın rəğbəti necədir”   

ADP sədri Sərdar Cəlaloğlu isə Rəsul Quliyevin fikirlərinə belə  münasibət bildirib: “Əvvəla, xalqın adından hökm verməyə Rəsul Quliyevin mənəvi haqqı yoxdur. Çünki xalq özünü onun elçisi hiss etmir. İkincisi, o, xalqın bütün təbəqələrinin mövqeyini haradan öyrənə bilər?  Xalqın müxalifət partiyalarını oyuncaq hesab etmələri yanlış fikirdir. Əgər doğrudan da xalq partiyaları belə görürsə, Rəsul Quliyev özü də indiyə qədər Azərbaycanda dəfələrlə partiya sədri kimi çıxış edib. Deməli, bu sözlər onun özünə də aiddir. Bundan başqa, partiya liderlərindən fərqli olaraq gündə bir partiya dəyişdirdiyinə, hər seçkidə yeni partiya ilə meydana çıxdığına görə dediyi fikirlər daha çox onun özünə aiddir. Təcrübə də göstərir ki, Rəsul Quliyevin dediyi doğru deyil. Azərbaycan xalqı az-çox bilir ki, ən çətin gündə hüquqlarını müxalifət partiyaları müdafiə edib. Partiyaların sıralarında az da olsa belə insanlar var. Müxalifət istər milli məsələlərə, istərsə də cəmiyyətin üzləşdiyi digər problemlərin həllinə gücü daxilində müdaxilə edib. Əsas odur ki, beynəlxalq ictimaiyyət Azərbaycan müxalifətini tanıyır. Rəsul Quliyev 2005-ci ildə Amerikada otura-otura Azərbaycanda 35-ci Xətai seçki dairəsindən qalib gəlmişdi. Avropa məhkəməsinə müraciət elədi. Həmin məhkəməni uddu. İndi Rəsul Quliyev xalqın partiyalara oyuncaq kimi baxmasını sübut edəcək fakt desin. Xalq seçkilərdə hər dəfə müxalifətə səs verirsə, oyuncaq kimi necə baxır? Sadəcə, Azərbaycanda siyasi partiyalar zəifdir. Bunun da obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər hakimiyyətin yaratdığı maneçiliklər, subyektiv səbəb isə Azərbaycanda partiya liderlərinin düzgün qərarlar verə bilməməsidir. Rəsul Quliyev deyir ki,  xalq müxalifət partiyalarına müqəvva kimi baxır. Onda bu xalqın başı xarabdır da. Çünki partiyalaşma xalqların inkişafının yeganə düzgün, sivil müasirləşmə yoludur. Yaxın Şərqdə bir dənə də olsun partiya olmadığına görə 30 ildir orda qan su yerinə axır. Bunun özü göstərir ki, xalqın partiyalara oyuncaq kimi baxması yolverilməzdir. Hətta xalq belə düşünsə də, Rəsul Quliyev xalqa yanlış yolda olduğunu deməlidir. Rəsul Quliyevlə hökumətin bəyanatı heç bir şeydən fərqlənmir. Çünki hökumət də deyir ki, Azərbaycanda partiya yoxdur, bu partiyalar oyuncaqdır və sairə”.

AXCP və Müsavat isə məsələyə, ümumiyyətlə hər hansı bir şərh verməkdən imtina edib.

Qeyd edək ki, eks-spiker Rəsul Quliyev Az-News-a müsahibəsində Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyalarına xalqın müqəvva kimi baxdığını deyib. Həmçinin, eks-spiker AXCP və Müsavatın xalq hərəkatını təmsil edən AXC-yə varislik uğrunda mübarizəsini xalqa zorla sırımaq kimi qiymətləndirib.

Namidə BİNGÖL     

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir