Modern.az

Nisgil dolu Cəbrayılım...

Nisgil dolu Cəbrayılım...

25 İyul 2014, 15:44

Abu-Dabi Dövlət Universitetinin əməkdaşı

Gözəl Qarabağın dilbər guşələrindən biri olan, doğma yurdum Cəbrayıl rayonu haqqında yazarkən gözlərim yaşla dolur, əllərim titrəyir. Sanki boynu bükük bənövşə tək əsirlikdə qalan  yurdum küsküncəsinə dilə gəlib deyir:

Əzizim ağıncan səndən,
Ağ otağıncan səndən.
Küsmüşəm,incimişəm
Ziyarət dağıncan səndən.

Doğma yurdum! Elə mən də, sənin qədər nisgilliyəm və qərib könlümün dərinliklərində yuva salan bu nisgil  ağır bir yükə çevrilərək, illərdir sinəmi, ruhumu əzir. Çünki, hər dəfə Azərbaycana  gələndə o torpaqlara getmək, gözəl, bərəkətli yurdumun havasından doyunca udmaq, o buz bulaqların suyundan içmək, babamın, nənəmin, əzizlərimin qəbirlərini ziyarət etmək istəyirəm.

Əzizim, didərginəm,
Köçkünəm, didərginəm. 
Taleyin hökmünə bax 
Yurdumda didərginəm.

Qürbət eldə, uzaq Ərəbistan torpağında bu sətirləri yazarkən, pəncərədən həyətdəki xəfif mehin təsirindən ara-sıra  yellənən palma ağaclarına baxıram. Palmaların budaqları salxım-salxım asılmış  xurmaların  çoxluğundan az qala yerə dəyir. Doğma  kəndimiz yadıma düşür. Kəndimizdəki  alça, gavalı, göyəm, gilas, gilənar, ərik, alma, armud, heyva, tut, əncir, nar, qoz, fındıq ağacları barın çoxluğundan başını aşağı salır, budaqları yerə dəyirdi. "Ağac bar verdikcə, başını aşağı dikər" deyimi sanki doğma yurdum Cəbrayılın münbit torpağında bitən barlı-bərəkətli ağaclarına xitabən deyilib.

Qəribəm, mələrəm mən,   
Dağ-daşı dələrəm mən.  
Uzaq qürbət elindən
Çağırsan, gələrəm mən.

Mən Bakıda doğulub böyüsəm də, atam Qarabağlı olduğu üçün, uşaqlıq illərimin ən işıqlı xatirələri məhz gözəl yurdum Cəbrayılımla bağlıdır.

Əziziyəm bağlıdır,
Ağac kökə bağlıdır.
Əslimi soruşsanız
Əslim Qarabağlıdır.  

Tanrı  gözəl Qarabağdan, o cümlədən Cəbrayıldan heç nəyi əsirgəməyib. Təmiz, saf havası, füsunkar təbiəti, çox münbit  torpağı, barlı- bərəkətli bağları, zümrüd meşələri, yamyaşıl zəmiləri, ucsuz-bucaqsız, al-əlvan güllərlə dolu çəmənləri, göz yaşı kimi dupduru, buz bulaqları, dağı-aranı, bir sözlə, "cənnət diyar"ın özünəməxsus  gözəllikləri  vardır.

Doğma kəndim: Karxulu

Mən  aşiqəm, ustakar,
Kim usta, kim  ustakar.
Sənətkarlar məskəni
Karxuludur  ustakar.

Karxulu toponiminin mənşəyi haqqında müxtəlif mülahizələr mövcuddur. Karxulu sözünün mənşəyi qədim türk mənbələrinə görə, karqu, karxu sözündən götürülüb: gözətçi məntəqəsi, qala, mühafizə olunan yer deməkdir və kəndin bu adla adlandırılması  ilkin ehtimallara  görə, ərazisindəki hündür təpə ilə bağlıdır. Təpənin üst hissəsindən baxdıqda nəinki kəndin ərazisi, hətta digər qonşu kəndlər də açıq-aydın görünür və qədimlərdə yaxınlaşan təhlükələrdən vaxtında xəbər tutmaq və qorunmaq üçün, strateji cəhətdən əlverişli  yer olaraq  təpədən gözətçi məntəqəsi kimi istifadə edilmişdir.                                                    
Maraqlıdır ki, Karxulu toponiminə digər ölkələrdə də rast gəlinir: Gürcüstan ərazisində  "Karxul" adlı dağ və çay, Krım Muxtar Respublikası ərazisində isə "Karqulu" adlı kənd vardır.        

Kar sözü eyni zamanda ərəb mənşəlidir, ərəb dilində bir çox mənaları vardır: eyni peşə, sənət ilə məşğul olanlar, iti addımlarla yerimək və s. Qədim Dəməşqdə eyni peşə ilə məşğul olan sənətkarlar zümrəsini "Əhl il-Kar" adlandırırdılar və onu da qeyd edim ki, Səudiyyə Ərəbistanı ərazisində "əl-Kar" adlı dağ və turizm mərkəzi olan kənd vardır.

Xulu sözü də ərəb mənşəli sözdür. Ərəb dilində  çoxmənalı olaraq işlədilir. Mənası azad, sərbəst yer, azad etmək, çıxartmaq deməkdir.

Başqa bir ehtimala  görə, Karxulu adının mənası: ərəb dilində "Kar" eyni sənət, peşə ilə məşğul olan insanlar, sənətkarlar toplumu, "Xulu" adı isə ərəbcə "Xali" (dayı, böyük qardaş) sözündən götürülüb. Lakin zaman keçdikcə "Xali"  sözü  dəyişikliyə məruz qalmış,  xalqın dilində "Xulu"ya çevrilərək, Karxulu (sənətkarların başçısı, rəhbəri) kimi formalaşmışdır  və onu da qeyd edim ki, qədim Dəməşqdə "Şeyx əl-Kar" (eyni peşə ilə məşğul olan insanlara məsul şəxs, başçı) adlı  insanlar dövlətin ticarət sahəsində təmsil olunublar. 

Cəbrayıl atanın nəvələri: Kar və Xulu



Əzizim Karxuluya
Yol gedər Karxuluya.
Cəbrayıl ata ağlar
 Həm Kara, həm Xuluya.

Bu kəndin yaranması haqqında belə bir rəvayət də söylənilir: Keçmiş zamanlarda Cəbrayıl atanın Henisa adlı qızı var imiş. Hamilə olan Henisanın əri bədbəxt hadisə nəticəsində qayadan yıxılaraq dünyasını dəyişir. Dünyaya gələn nəvələrinə Cəbrayıl ata köməyə, kara gələn, işə yarayan, təsir edən anlamını verən "Kar" və hökmü keçən mənasını verən "Xulu" adlarını qoyur. Kar və Xulu böyüyüb çox məşhur oxatan, ovçu olurlar. Onlar o qədər mahir oxatan olublar ki, göydə uçan quşu belə gözündən vurublar. Qardaşlar əsasən maral ovu ilə məşğul olublar. Bir gün iki qardaş səhər tezdən ova gedərkən, kimin daha çox maral ovlamasına görə mərcə girirlər. Qardaşlardan böyüyü olan Kar ovladığı maralın dərisini  geyinir və pusquda durur.

Əzizim, sərin ayaz,
Göy bulud, sərin ayaz.
Kara  gələn qadanı.
Düşmənin şərinə yaz

Səhərin ayaz havasının təsirindən yorğun olan Karı yuxu tutur. Bu zaman yaxınlıqdan keçən Xulu maralı görür və fürsəti əldən verməyərək onu oxla vurur. Yaxınlaşdıqda  görür ki, oxla vurub öldürdüyü maral deyil, öz doğma qardaşıdır.

Maral durduğu yerdə,
Boynun burduğu yerdə.
Xulunun oxu dəydi
Kara yatdığı yerdə.

Qardaşının qan içində öldüyünü görən Xulu dözə bilmir, oxlardan birini götürüb zərblə ürəyinə vuraraq özünə qəsd edir. Cəbrayıl atanın digər övladları onları öldükləri yerdə dəfn edirlər və ailə üzvlərindən bir neçəsi öz yaxınları ilə həmin yerdə yurd salır və qardaşların adını yaşatmaq üçün obaya  Karxulu adını verirlər.

Tarixə meydan oxuyan " Xan çinar"


Mən aşiqəm çinara
Bu yol gedər çinara.
Tanrıdan diləyim var,
Cəbrayıl torpağında
Baxaydım  Xan çinara.              

Cəbrayıl rayonu  dağ  vüqarlı, uzun ömürlü, möhtəşəm gövdəli, kökləri ana torpağın dərin qatlarına işləyən, əzəmətli  Xan çinarları ilə məşhurdur. Müqəddəs sayılan bu çinarlara el arasında "Yeddi qardaş  xan çinar" deyilir. Əsrlər boyu  tarixə şahidlik etmiş, dünyanın ən yaşlı ağacları olan "Yeddi  qardaş  xan çinar"ların dibindən axan kəhrizin suyu dupduru və buz kimi soyuq idi. O yerləri gəzənlər, tanıyanlar saf bulaqların suyu ilə sərin və təmiz havanın necə məhrəm olduğunun canlı şahididirlər. Rayon ərazisindəki  "Yeddi  qardaş  xan çinar"lar doğma yurdum Cəbrayılın rəmzi, simvolu olaraq  Azərbaycan ədəbiyyatında, şer-sənət dünyasında hər zaman tərənnüm olunub, şəninə şerlər qoşulub, əsərlər yazılıb. Ölkənin ekologiya, təbiətlə bağlı bütün kitablarında, jurnallarında, alimlərin elmi əsərlərində, araşdırmalarında  Cəbrayılın  Xan çinarları ana təbiətin möcüzəsi, tarixi abidə kimi qiymətləndirilir. 

Əziziyəm xan çinar
Əzəmətli dağ  çinar.
Cəbrayılın rəmzidir
Yeddi qardaş xan çinar.
Xan çinarlar  haqqında  el içində bir çox rəvayətlər mövcuddur.                   
Belə rəvayətlərin birində söylənilir: Keçmiş zamanlarda Cəbrayılın başının üstünü qara buludlar alır, hər yer zülmətə bürünür. Qara buludlar günəşin qabağını kəsərək, getmək bilmir. Ağaclar bir yerə toplaşaraq  məsləhətləşirlər ki, belə getsə bu torpaqda heç bir canlı qalmayacaq      və bizi bu bəladan ancaq Xan çinarlar qurtara bilər. Ağaclar "yeddi qardaş" çinarlara deyirlər: "siz aramızda ən hündür ağaclarsınız, altınızdan dupduru bulaqlar  axır, kəhrizin sehrli suyundan doyunca için, günəşə doğru boy atın, qara buludları aralayın". Yeddi qardaş çinarlar onların sözünü yerə salmır, doyunca sehrli sudan içirlər. Zaman keçdikcə çinarlar  boy ataraq, qara buludlara çatırlar, əzəmətli budaqları ilə buludları  aralayaraq məhv edirlər. Cəbrayıl torpağı qara buludlardan azad olur və günəş parlaq  şüaları ilə yenidən torpağı qızdırmağa başlayır. O vaxtdan el içində çinar ağacı müqəddəs elan edilir, onu kəsmək günah sayılır, yerli əhali  çinarlara  "Xan" ləqəbi  verərək "yeddi qardaş xan çinar" adlandırırlar.                                                                                      "Yeddi qardaş xan çinar" Cəbrayıl rayonunda ən uzun ömürlü ağaclardır. Bunlardan ən məşhuru Cəbrayıl şəhərindədir. Xan çinar öz möhtəşəmliyi ilə nəinki yerli sakinləri, hətta Cəbrayıla gələn qonaqları da ilk baxışdan heyran edirdi. Akademik Həsən Əliyevin "təbiətin möcüzəsi" adlandırdığı  bu çinarın yaxınlığında  çayxana fəaliyyət göstərirdi. Möhtəşəm gövdəli Xan çinarın kölgəsində dincələrək  xüsusi ətirli, kəklikotulu, sarı çiçəkli çay içmək insana xüsusi ləzzət verirdi. İndi harada üzərində quş yuvası olan ağac görürəmsə, Cəbrayılımın o Xan çinarı yadıma düşür. 

Əziziyəm əsirdi,
Külək çox sərt əsirdi.
Kimə  deyim dərdimi
Cəbrayılım əsirdi.

"Yeddi qardaş xan çinar"dan ikisi bizim kənddə, Karxulu kəndindədir. Deyilənə görə, "Yeddi qardaş xan çinar"lardan biri Horovlu, digəri isə Mollalı kəndindədir. Lakin digər iki  Xan çinarın harada yerləşdiyini bilmirəm. Bu haqda dəfələrlə qohumlardan, tanışlardan soruşsam da, dəqiq xəbər verən olmayıb. Yalnız deyiblər ki, nə vaxtsa  "Elm və Həyat"  jurnalında "Yeddi qardaş xan çinar"dan yazılıb.

Xan çinar,ulu çinar,
Torpağın nuru çinar.  
Hər gələn su doldurur
Kəhrizli, sulu çinar.

Karxulu kəndindəki "Yeddi qardaş xan çinar "dan biri kənddən bir qədər aralı, gözəl mənzərəli bir yerdə, digəri isə kəndin yaxınlığında idi. Bu çinarlardan biri "Kar" çinar, digəri isə "Xulu" çinar adlanırdı.

Salxım söyüdlər

Sırayla düzülüb  çaylaq boyunca
Gəlintək bəzənib  salxım  söyüdlər.
Salxım hörükləri suya sallanır
Baxdıqca nazlanır  salxım söyüdlər.

Füsunkar təbiətə malik Cəbrayıl rayonu  salxım söyüdləri ilə də məşhurdur. Kəndimizin üst tərəfində yerləşən evlər üçün bu salxım söyüdlər çəpəri əvəz edir və kəndin mənzərəsinə xüsusi  gözəllik qatırdı. İsti yay aylarında  budaqlarının ucunu arx suları yuyan söyüd ağacları xəfif meh gətirirdi. Bu söyüdlərə el arasında "ağlar" söyüdlər də deyilir. Belə rəvayət edirlər ki, keçmişdə söyüd ağacı ən hündür ağac olduğu üçün, digər ağaclar onun paxıllığını çəkirlər. Onlar sözü bir yerə qoyaraq söyüd ağacını yerindən dartıb qoparıb  uzağa tullayırlar. Söyüd ağacı başı aşağı çayın qırağına düşür. Ağaclardan ayrı düşdüyünə görə, daim ağlayır, sular isə göz yaşlarını silərək ona sığal çəkir. Torpağa başı aşağı düşdüyü üçün qol-budaqları həmişə aşağı sallanır. Lakin zaman keçdikcə çayın bol suyundan içən söyüd ağacı dirçəlir, boy ataraq əvvəlkindən də gözəl, yaraşıqlı olur, qollu-budaqlı ağaca çevrilir.

Bu söyüd durub ağlar,
Gözləri quru ağlar.
 Məni görcək nədəndir
 Boynunu burub ağlar.

Söyüd ağaclarının antimikrob xassələrə malik kökləri, yamyaşıl budaqları  kəndimizdəki arxın suyunu saflaşdırırdı. Hətta bəzi yerlərdə bulanıq suyu saflaşdırmaq, təmizləmək məqsədi ilə su olan qablara salxım söyudun budaqlarından kəsib atırdılar. 

Kənddə su arxının qırağında yerləşən, sıralanmış  söyüdlərlə  hasarlanmış evlərin həyətlərində  insanların arxı keçə bilməsi üçün xüsusi körpülər tikilmişdi. Belə körpülərdən biri əmimgilin həyətində idi və qonşular  kəndin üst tərəfinə keçmək üçün, bu körpüdən  istifadə edirdilər.

Kəndin böyük bir hissəsi arxın suyundan əkin və dirriklərinin, həyətyanı sahələrinin və bostanlarının suvarılmasında  istifadə edirdilər.

"Rus bulağı" 

 Əziziyəm, arzular,
Həm anar, həm arzular.
Yurdumun bulaq suyun
Qərib könlüm arzular.  

Kar çinarın altındakı kəhrizə  "Rus bulağı"  deyilirdi. Kəhrizin  Rus bulağı adlandırılması buranın vaxtilə rus hərbçilərinin nəzarəti altında olması ilə bağlıdır. Kar  çinarın yaxınlığında yerləşən, strateji baxımdan çox əlverişli məkan olan hündür  təpədə əvvəllər sovet qoşunlarının  zastavası yerləşib və Araz çayı boyunca sərhəd  tam nəzarətdə saxlanılıb. Tarixi mənbələrə görə,  hələ qədim zamanlardan təpədən gözətçi məntəqəsi kimi istifadə olunub və qeyd etdiyim kimi, Karxulu kəndinin adı məhz bundan qaynaqlanır.  Sonradan zastava təpədən köçürülüb və yerində vərəm dispanseri açılıb. Buranın mülayim və saf dağ iqlimi, təmiz havası, müxtəlif, faydalı minerallarla zəngin bulaq suyu dispanserdə müalicə olunan xəstələrin şəfa tapmasına möcüzəvi təsir göstərirdi.

Hər dəfə Karxuluya gedəndə, Kar çinarın yanındakı  "köhnə yurd"la  "təzə yurd" arasında yerləşən  hündür təpədən ətrafı seyr etməyi xoşlayırdım və gözlərim önündə çox gözəl mənzərə açılırdı.

Araz çayı sərindi
Girmə suyu dərindi.
Çıxdım təpə üstünə
Diri dağı  göründü.  

Yamyaşıl dağlar, bağlar, kəndlər, hündür ağaclar arasında görünən evlər, üzümlüklər, taxil zəmiləri, Araz çayı, dəmiryolu relsləri ilə hərəkət edən qatarlar... Bu təpədən baxdıqda nəinki Karxulu kəndi, həmçinin Böyük Mərcanlı, Yuxarı Mərcanlı, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Aşağı Maralyan, Şükürbəyli kəndləri, dağlara doğru uzanan yollar, yamyaşıl Araz vadisi, sakitcə, lal-dinməz axan Araz çayı və İran ərazisi açıq-aydın, ovuc içi kimi görsənirdi.

Kar  çinarın ətrafında  çoxlu sayda qollu-budaqlı, hündür cəviz (qoz), armud  ağacları var idi və keçmiş zastavanın əsgərləri  çinarın altında istirahət  üçün uzunsov mizlər  və kətillər düzəltmişdilər. Rus bulağı  və   Kar çinarın ətrafı ilin bütün  fəsillərində təbiətin füsunkar gözəlliyindən zövq alan insanların dincəldiyi yer, istirahət məkanı idi.  

"Köhnə yurd"



Evləri burda yoxdu
Köçübdü, yurdu yoxdu.
Getdim köhnə yurda mən
 Dedilər ev də yoxdu.

Karxulu kəndi əvvəlcə  köhnə yurdda yerləşib. Köhnə yurdun ərazisi  tədqiq olunmamış çoxlu sayda maddi-mədəniyyət abidələri ilə zəngin idi. Tarixi ən qədim yüzilliklərə  gedib  çıxan tunc dövrünə aid Karxulu kurqanları və köhnə yurddakı qədim qəbrstanlıq  bu yerin çox qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir.                                           
Deyilənə görə, Azərbaycan qadın aşıq məktəbinin banisi olan Aşıq Pəri Kar və Xulunun uyuduğu  qədim Karxulu qəbrstanlığında dəfn olunub.      
Köhnə yurdun əhalisi  qədimlərdə qamışdan və zığdan tikilmiş çovustan  adlanan evlərdə yaşayırdılar. Lakin zaman keçdikcə əhalinin sayının artması ərazinin genişləndirilməsinə və kənd sakinlərinin  yeni yurda köçürülməsinə  səbəb olur.

Karxulu  kəndi köhnə yurddan təqribən iki-üç km aralı, gözəl mənzərəli, münbit torpağı olan əraziyə  köçürülür, hər bir ailəyə böyük torpaq sahəsi ayrılır, ev tikmək üçün maddi yardım edilir. Əhali  yeni yurda yerləşdikdən sonra, kəndin yaxınlığındakı  rus hərbçilərinin nəzarətində olan zastava da başqa yerə köçürülür. Zəhmətkeş kənd camaatı əsasən taxılçılıq, baramaçılıq, üzümçülük, maldarlıq, bostançılıq, meyvəçilik və heyvandarlıqla  məşğul olurdu.                                         

Deyirlər köhnə yurdun qədrini  təzə yurdda bilərlər. Kənd camaatı yeni yurdda yaşasalar da, köhnə yurdu yaddan çıxarmır, rəhmətə gedən əzizlərini, doğmalarını  qədim qəbrstanlığın yaxınlığındakı  yeni məzarlıqda dəfn edirdilər. Qədirbilən karxulular rəhmətə gedən doğmalarının xatirələrini əziz tutur, məzarlarını tez-tez ziyarət edir, ruhlarına dualar oxuyurdular. Kənd əhli novruz bayramında da köhnə yurdu ziyarət etməyi unutmurdu. Onlar vaxtilə yaşadıqları həyətlərə səməni qoyur, torpağa lopa sancaraq yandırır, ocaq qalayırdılar. Kəndin ahıl nənələri, yaşlı qadınları  avazla  kövrək misralı bayatılar  söyləyərək, yarısı uçulmuş evlərinin divarlarına həzin-həzin sığal çəkirdilər:

Aşıq, bəy atı məndə,
 Əsil bəy atı məndə.
Köhnə yurda bağlıyam
 Kövrək bayatı məndə.

Köhnə yurdun ərazisində təsərrüfat işləri ilə məşğul olan kənd əhli  dəfələrlə qazıntı işləri zamanı, müxtəlif dövrlərə aid sənətkarlıq nümunələri: məişət avadanlıqları, daş alətlər, qədimi  saxsı və bürünc qablar, dulus küplər aşkar edirdilər. Kəndin çovustanları çoxlu sayda qədimi teştlər, sərniclər, kəfkirlər, su səhəngləri, məcməyilər, kuzələr, qədimi çıraq qablar, daşdan düzəldilən əl dəyirmanları, dolçalar, naxışlı sandıqlarla  dolu olardı. Kənd əhli paxırı üzə çıxmış qədimi qabları işlətməsələr də, əzizləyib saxlayırdılar. Ancaq nədənsə, hər qarış torpağı qədim və orta əsrlər maddi-mədəniyyət nümunələri ilə zəngin olan köhnə Karxulu kəndi, eləcə də qədim qəbrstanlığı arxeoloqların, tarixçilərin diqqətindən kənarda qalmış, demək olar ki, tədqiq olunmamışdır.  

Ardı var...   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi