Modern.az

“Terror və soyqırımı törədən 296 şəxs barəsində axtarış elan edilib”

“Terror və soyqırımı törədən 296 şəxs barəsində axtarış elan edilib”

Təhsil

25 İyul 2014, 16:13

“Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımına görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələri ilə istintaq olunaraq cinayət işi üzrə 296 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib. Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
Modern.az saytı xəbər verir ki, bunu iyulun 25-də keçirilən müşavirədə Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev bildirib.

Onun sözlərinə görə, ibtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunub və onların aradan qaldırılması üçün konkret göstərişlər verilib.

Müşavirədə çıxış edən respublika hərbi prokurorunun müavini Rasim Kazımov, Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Mehdi Hüseynzadə, Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi Mahir Əliyev və Dövlət ittihamının müdafiəsi üzrə şöbənin rəisi Aydın Ələsgərov hesabat dövründə görülmüş işlərdən danışıb, nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Əməliyyat müşavirəsində, həmçinin ərazi hərbi prokurorluqlarında keçirilən əməliyyat müşavirələrinin nəticələri hərtərəfli müzakirə olunub, tabe prokurorluqların əməkdaşları tərəfindən qaldırılan və işin səmərəliliyinin artırılması baxımından həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilmiş, əlaqədar struktur qurumlarına konkret göstərişlər verilib.

Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev kollegiyaya yekun vurub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir