Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova, oğlu Kürdoğlu Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşı Albina Veselova Rusiya Prezidenti Vladimir Putinə və Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinə müraciət ediblər.
Bu barədə Modern.az saytına Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Komitəyə daxil olan məlumatda bildirilir ki, müraciətlərdə D.Əsgərovla Ş.Quliyevin girovluqdan azad olunması xahiş edilib. Rusiya Federasiyasının vətəndaşları olan D.Əsgərovun və A.Veselovanın pasportlarının surəti həmin müraciətlərə əlavə edilib. Pasportların surətindən məlum olur ki, D.Əsgərov və Ş.Quliyevin həyat yoldaşı A.Veselova Rusiya vətəndaşlarıdır. Lakin Rusiyanın Azərbaycandakı səfirliyi D.Əsgərovun Rusiya vətəndaşı olmadığını bildirmişdi.
Modern.az