Modern.az

““Poçt qutusu” ədəbiyyatımız üçün büt sayıla bilməz” - MÜSAHİBƏ

““Poçt qutusu” ədəbiyyatımız üçün büt sayıla bilməz” - MÜSAHİBƏ

26 İyul 2014, 11:05


Modern.az
  saytı ədəbiyyat nümayəndələri ilə silsilə müsahibələrini davam etdirir. Bu dəfəki müsahibimiz yazıçı, Bakı Slayvan Universitetinin (BSU) əməkdaşı Alpay Azərdir.

- Bakıda anadan olmuşam, 1974-сü il təvəllüdlüyəm. İxtisasca politoloqam, 2003-cü ildən BSU-da beynəlxalq münasibətlər fakültəsində dərs deyirəm. 2010-cu ildən isə hekayələr yazmağa başlamışam, yaradıcılığım qaydasındadır. Mövzu bol, yazmaq həvəsi də bol, çap olunmağımda elə bir problem yox. Hal-hazırda son illər yazdığım kiçik və uzun hekayələri redaktə etməklə məşğulam.

- Mən bilmirəm, bəlkə siz deyəsiniz – indi hamı niyə ucdantutma yazmaq həvəsinə düşüb?

- Yaxşı sualdı, Elmin bəy. Məncə, burda son illər ədəbiyyatın televiziya verilişlərində təbliğ olunmasının, bunun tok - şoularda müzakirəyə çıxarılmasının, yazıçıların bu cür verilişlərə dəvət olunmasının, bir də, ədəbiyyatın sosial şəbəkələr, əsasən də “feysbuk” vasitəsilə populyarlaşmasının böyük rolu var. İstedadsızlar da bu dalğaya düşür və yazmaq həvəsi yaranır onlarda. İndi çap olunmaq ciddi problem deyil deyə, üstəlik, ədəbi bazarda təklif tələbi üstələyir deyə, - ədəbi saytlar, bildiyiniz kimi hədsiz çoxdur, - çoxlarında yazmaq və virtual məkanda görünmək həvəsi yaranır. Saytlarda yazısı verilməyən də ən azından feysbukda profilində yazılarını paylaşır.

-Əgər Markes sağ olsaydı, bizim yazıçılardan kimlərin əsərini tərcümə etdirib ona təqdim edərdiniz?

- Klassiklərdən Mirzə Cəlilin, Əbdürrəhman bəy Haqverdiyevin, İsa Hüseynovun, Əkrəm Əylislinin hekayə və povestlərini, Kamal Abdullanın roman-trilogiyasını,  Məmməd Orucun, Azər Abdullanın, çox az tanınan, amma əslində dünya çapında yazan, dərin psixoloji nəsr əsərləri müəllifi Əli Həsənlinin hekayələrini. Əlbəttə, siyahını uzatmaq da olar...

- Çağdaş Azərbaycan sözü gözünüzə hansı rəngdə dəyir?

- Yəqin ki, qırmızı. Qırmızı rəng mənə görə aktivlik rəngidir.

- Yazıçılar Birliyinə gedib - gəlirsiz?

- Bəli, gedib-gəlirəm, AYB-nin üzvü olmasam da. Mən hekayələrimi çap olunmaq üçün AYB-nin orqanları olan “Azərbaycan” və “Ulduz” jurnallarına  verirəm deyə,  ora gedirəm. Onlar da, sağ olsunlar, çap edirlər.

- Gənc yazarlardan danışaq? Heç olmasa sözün nə olduğunu bilirlər, yoxsa ondan bundan eşidiblər?

- Məncə, gənc yazarlar arasında istedadlı qələm sahibləri var. Əgər yazar anlayışı altında yazıçı və şairləri nəzərdə tuturuqsa, sözsüz, poeziya bizdə ənənəvi olaraq nəsrdən bir neçə addım irəlidədir. Mən daha çox hekayə yazan yazıçıları izləyirəm. Sizin təbirinizcə desək, sözün nə olduğunu, xüsusilə, poetik nəsrin yenidən son dövrdə canlanmasını gənc yazıçılar arasında - 30 yaşa qədər olan yazıçıları nəzərdə tuturam, - Şəhriyar del Geraninin, Cavid Zeynallının, bəzən Rüfət Səidin, son vaxtlar Fərid Hüseynin  saytlarda gedən həm dil, həm süjetiylə diqqəti cəlb edən hekayələrində görürəm. Cavanlar arasında rəhmətlik Zərdüşt Şəfinin adını da xüsusilə qeyd etmək istərdim. Onun 22-23 yaşında yazdığı hekayələr magik realizmin gözəl nümunələridir. Allah ömür versəydi, o, yenə səviyyəli mətnlər ortaya qoyacaqdı.

- Əgər ədəbiyyatın dili olsaydı, bizim yazıçılara nə deyərdi - çox sağ ol, yoxsa Allah sizə insaf versin?!

- Ədəbiyyatın dili olsaydı o yəqin ki, məsələyə fərdi yanaşırdı, birinə “Çox sağ ol”, o birinə “Allah sənə insaf versin ” deyərdi.

- Necə düşünürsüz, çağdaş Azərbaycan nəsri bu gün də “Poçt qutusu”nu öz bütünə çevirməlidirmi?

- “Poçt qutusu” hekayəsi əla nəsr nümunəsi olsa belə, ədəbiyyatımıza büt sayıla bilməz. Ümumiyyətlə, heç bir əsərdən büt yaratmaq olmaz. Kim özünə hansısa yazıçını, ya sualdan göründüyü kimi, hansısa əsəri büt seçsə belə, bunu ədəbi cameəyə sırıya bilməz. Heç bunu ədəbiyyatşünasın etməyi düzgün olmaz. Deyək ki, Marsel Prustun “İtirilmiş vaxtın axtarışında” silsiləsindən yazdığı ilk iki romanı çox sevirəm. Amma mən deyə bilmərəm ki, dünyada bu səviyyədə mətn yazılmayıb.

- Məgər doğrudanmı, Mirzə Cəlilin yarım səhifəlik hekayəsi indiki yazıçılarımızın 50 səhifəlik yazısından üstündür?

- Yox, bu şişirtmədir, pafosdur, - Mirzə Cəlilin nəhəng yazıçı olmasına baxmayaraq. Məgər Məmməd Oruc, Əkrəm Əylisli, Elçin, Anar, Azad Qaradərəli, o qədər də uzaq dövrdə yaşamayanYusif Səmədoğlu o dərəcədə zəif yazıçıdırlar ki, onlar Mirzə Cəlilin kölgəsində qalsın. Bunu deyənlər ya pafosa varır, ya da elementar ədəbi savadları yoxdur. Bir də, sual ümumi xarakter daşıyır, yəni özündə maksimalist ritorika elementi daşıyan bu sualı götürüb bütün ədəbi cameəyə aid etmək düzgün deyil.

- Sonda gənc yazarlara 3 maddədən ibarət yazıçı tövsiyyəsi verərdiniz?- Hekayə necə yazılmalıdır?

-
Sırf öz təcrübəmdən çıxış edib sualı cavablandıracam:

1) Çexov, Bunin, Mirzə Cəlil, Y.V.Çəmənzəminli, Şervud Anderson və digər adlarını indi xatırlamadığım klassiklərin hekayə və novellalarını oxumaq lazımdır. Təhlil edə-edə oxumaq.

2) Öncə hekayənin plan-strukturunu yazmaq.

3) Yazılan hekayəni çap etməyə tələsməmək. Arada fasilələrlə mətnə yenidən qayıtmaq, çünki əsərin yaxşı alınıb-alınmaması üçün soyuq ağıl, üçün gözdən yanaşma, - sonuncu çətin də olsa, - mütləq şərtdir. Bundan başqa, debütant yazıçıların ilk hekayələrinə ədəbiyyat bilicilərinin də qiymət verməsi yaxşı olardı.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi