
Modern.az saytı xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullahın yeni kitabı işıq üzü görüb. “İmam Hüseyn (ə)- şəhidlik məktəbinin ustadı” adlı bu kitaba yazdığı ön sözdə Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri, akademik Hacı Vasim Məmmədəliyev nəşrin geniş oxucu kütləsinin rəğbətini qazanacağına ümid etdiyini bildirib:
“... Azərbaycan xalqının Kərbəla faciəsindən danışmağa haqqı daha çoxdur. Bunun ən ümdə səbəbi isə xalqımızın böyük və qəhrəman oğlu Müslim Azərbaycaninin bu faciədə iştirak etməsi və öz canını İmam Hüseynə (ə) fəda etməsidir. Görkəmli Azərbaycan mütəfəkkiri Məhəmməd Füzuli “Həqiqətüs-süəda” əsərində Müslimin və onun oğlunun şücaətini çox poetik və təsirli boyalarla ifadə etmişdir. Məhəmməd Füzuli kimi dahi bir şəxsin belə qənaətə gəlməsinin şübhəsiz ki, dini-tarixi kökləri və əhəmiyyəti vardır. … Hal-hazırda Kərbəla faciəsinin tarixinə müraciət etmək xüsusilə ona görə aktualdır ki, müqəddəs torpaqlarımız işğal altındadır. Biz gərək cavanlarımıza Kərbəla faciəsini bütün təfərrüatı ilə tanıdaq. Çünki biz yalnız bunun vasitəsilə onların şüurunda vətənpərvərlik, azadlıq və müstəqillik şüurunu qurmuş oluruq. İmam Hüseynin (ə) şəhid olmasından sonra onun haqqında əsrlərdir ki, yazılmaqdadır. Hacı Fuad Nurullahın yazdığı “İmam Hüseyn (ə)- şəhidlik məktəbinin ustadı” kitabı bu silsilədə yazılmış ən yaxşı kitablardan olacaqdır...”.
Girişdən və VII fəsildən ibarət kitabda İmam Hüseynin (ə) nəsil şəcərəsi, həyatı, fəaliyyəti, fəzilətləri və şəhidliyi haqqında ətraflı məlumat verilir. Kitab Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzində çap olunub.
Modern.az