Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı Dağlıq Qarabağ rejimi növbədənkənar “prezident seçkisinə” hazırlaşır. Modern.az saytı erməni mənbələrinə istinadən xəbər verir ki, növbədənkənar “prezident” və “parlament” seçkilərinin ssenarisi Ermənistanın hakimiyyət dairələrində hazırlanıb və onun icrası yaxın zamanlarda reallaşmalıdır.
Erməni mediası iddia edir ki, ssenariyə əsasən, Dağlıq Qarabağdakı separatçı rejimin hazırkı lideri Bako Saakyan öz “prezident” postundan istefa verəcək və Ermənistan hakimiyyət dəhlizlərində yüksək vəzifələrdən birini tutacaq. Onun İrəvan rəhbərliyindəki hansı vəzifəyə təyin olunacağı ilə bağlı ilkin ehtimallar da var. Güman edilir ki, Dağlıq Qarabağdakı cinayətkar rejimin başçısı Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi postuna aparılacaq.
Digər bir məlumata görə isə separatçı qurumun yeni rəhbəri “Dağlıq Qarabağ Respublikası”nın keçmiş “prezidenti” Arkadi Qukasyan olacaq.
Lakin Ermənistanda 2013-cü ilin fevralında keçirilmiş prezident seçkisində namizədliyini irəli sürmüş Andreas Qukasyan və “Miks Media” holdinqin prezidenti Varujan Qabrielyan Bako Saakyana yazdığı açıq məktubda onu indiki postundan istefa verməməyə çağırıblar. Onlar bəyan edib ki, Rusiya ilə birlikdə Ermənistan hakimiyyəti Dağlıq Qarabağda süni böhran yaratmaq istəyir və burada əsas məqsəd Ermənistan siyasi elitasının şəxsi bacarıqsızlıqlarını gizlətməkdir. Məktubun mətnindən aydın olur ki, Ermənistan prezidenti Serj Sərkisyan super dövlətlərə Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma qurumu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində maneə kimi təqdim edir.
Hər iki şəxs iddia edir ki, Sərkisyan hakimiyyəti siyasi ambisiya və məqsədlərini həyata keçirmək üçün Dağlıq Qarabağda “seçki” təşkil etmək istəyir. A.Qukasyan və V. Qabrielyan Sərkisyanın “Madrid prinsipləri”nin uğursuzluğa düçar olması məsələsindəki şəxsi siyasi məsuliyyətindən yayındığını bildirir.
“Sərkisyan Qarabağın sülh mövqeyindən geri çəkildiyi haqqında cəmiyyətdə təsəvvür yaratmaq və bunun məsuliyyətinin Bako Saakyanın üzərinə atmaq niyyətindədir. ”,-deyə Qarabağ separatçılarının liderinə məktubda yazılıb.
Məktubun həmmüəllifi V. Qabrielyan Bako Saakyanın istefasının ilkin şərtlərindən də danışıb. O qeyd edib ki, Serj Sərkisyanın Arkadi Qukasyanı yenidən “namizəd” kimi irəli sürəcəyi haqqındakı informasiyalar Ermənistan siyasi elitasının bütün səhv addımlarını Dağlıq Qarabağ hesabına gizlətməyə çalışmasıdır.
“Bu mənada Dağlıq Qarabağda “seçki” keçirməklə Sərkisyan Azərbaycan prezidenti İlham Əliyevlə Parisdə nəzərdə tutan görüşünü təxirə salmağa və bütün məsuliyyəti Bako Saakyanın üzərinə qoymaq istəyir”, - deyə V. Qabrielyan şərh edib.
Qeyd edək ki, Dağlıq Qarabağdakı separatçı rejimdə 2007 və 2012-ci ildə keçirilmiş “prezident seçkilərinin” qalibi Bako Saakyan olub. 1997-2007-ci illərdə isə bu “vəzifə”ni Arkadi Qukasyan icra edib.
Bundan əvvəl də Arkadi Qukasyanın növbəti dəfə Qarabağın “prezidenti” olacağı barədə çoxsaylı iddialar yayılıb. O, hazırda Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsindədir.
Aqşin Kərimov