Modern.az

Baş Prokurorluq Xaçmazdakı qətllə bağlı məlumat yaydı

Baş Prokurorluq Xaçmazdakı qətllə bağlı məlumat yaydı

26 İyul 2014, 15:24

Xaçmaz rayonunda ağır cinayət törətməkdə şübhəli bilinən şəxs tutulub.

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata götə, iyulun 23-də saat 23 radələrində Xaçmaz şəhər sakinləri 1975-ci il təvəllüdlü Eyvaz Cəbrayılov, 1992-ci il təvəllüdlü Emil İsayev və 1991-cı il təvəllüdlü Elşən Əhmədovun bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına daxil olmaları və sonuncunun aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Müəyyən edilib ki, qeyd edilən tarixdə Xaçmaz şəhərində İsmayıl Cəbrayılov, qardaşı Coşqun, əmiləri Eyvaz Cəbrayılov və şəxsiyyətləri istintaqa hələlik məlum olmayan digər 2 şəxslə qonşuluqda yaşayan tanışları E.İsayev və E.Əhmədov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb, bu zaman İ.Cəbrayılov üstündə gəzdirdiyi bıçaqla əmisi E.Cəbrayılova və E.Əhmədova xəsarətlər yetirərək hadisə yerindən qaçıb.

Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən İ.Cəbrayılov iyulun 25-də tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayətin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması, o cümlədən E.İsayevə xəsarət yetirmiş şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza