Türkiyə baş nazirinin müavini Bülənt Arınçın NTV kanalına müsahibəsi zamanı Fətullah Gülən camaatına məxsus qruplarla iqtidarın sülh əldə etməsinin şərtlərini açıqlaması siyasi dairələrdə birmənalı qarşılanmır. Modern.az saytı “Milliyet”ə istinadən xəbər verir ki, baş nazir Rəcəb Tayyib Ərdoğan müavininin fikirlərinə münasibət bildirərkən belə bir şeyin qətiyyən baş verməyəcəyini vurğulayıb.
O, Bülənt Arınçın dövlət içərisindəki “paralel təşkilatlanma”ya xidmət edənlərlə sülh əldə edilməsi üçün zəmin yaradılması haqqındakı fikirlərinə belə reaksiya verib:
“Bizim elə bir səlahiyyətimiz yoxdur. Bülənt bəy bunu nəyə əsasən deyib anlamıram. Amma mən vəzifədə olduğum müddətdə bu, baş verməyəcək”,-deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Bülənt Arınç sözügedən kanala müsahibəsi zamanı vurğulayıb ki, əgər “paralel quruluş” iqtidardan üzr istəsə, o zaman tərəflər arasında barışıq əldə oluna bilər.
Modern.az