Mingəçevirdə yaşayan, bir vaxtlar cəbhə bölgəsində nümunəvi xidmət keçmiş, hazırda isə qaraciyər serrozundan əziyyət çəkən 26 yaşlı Pərviz Quliyevin problemi Modern.az saytında işıqlandırılandan sonra məsələ bu şəhərdən seçilmiş deputat Aydın Mirzəzadənin diqqətini cəlb edib.
Aydın Mirzəzadə Modern.az saytı ilə əlaqə saxlayaraq bildirib ki, o, qaraciyər xəstəsi Pərviz Quliyevə kömək göstərilməsinə çalışacaq. Millət vəkilinin sözlərinə görə, Ramazan bayramından sonra 26 yaşlı gəncin müalicəsinə yardım məqsədilə Səhiyyə Nazirliyinə müraciət edəcək.
Deputat nazirliyin məsələyə biganə qalmayacağına əminliyini ifadə edib. O, evin tək oğlu olan P.Quliyevin məsələsinin diqqətdə saxlayacağına söz verib.
Xatırladaq ki, Pərviz Eyvaz oğlun Quliyevin cərrahi əməliyyata ehtiyacı var.
Amma bunun üçün ona maddi kömək lazımdır.
Onun tam şəkildə sağlamlığa qovuşması üçün 50-55 min manat pul tələb olunur. Həkimlərin son rəyinə görə, Pərvizin həyatı olduqca təhülkəli bir həddə gəlib çatıb. Əgər bir ay müddətinə bu əməliyyat aparılmasa, o ömrünü başa vura bilər.
Bu bahalı əməliyyatı maliyyələşdirimək isə Pərvizin valideynlərinin imkanları xaricindədir. Çünki ata kənd yerində fəhləlik etməklə ailəsini güc-bəla ilə dolandırır. Maddi durumu olduqca ağırdır. Quliyev Pərviz Eyvaz oğlunu tanıyanlar bilir ki, cəbhə bölgəsində hərbi xidmət keçən və hər zaman xüsusi təşəkkürlər alan bu gənc xalqına, millətinə və dövlətinə həmişə sədaqətli olub.
Modern.az