Abu-Dabi Dövlət Universitetinin əməkdaşı
Artıq xeyli vaxtdır doğma yurdum Cəbrayıl rayonu ilə bağlı uşaqlıq xatirələrimi, düşüncələrimi qələmə almaq istəyirdim. Düzdür, ərəb dilində xalqımızın başına gətirilən acı müsibətlər, mənfur düşmənlərimiz tərəfindən işğal olunan tarixi torpaqlarımız, qan yaddaşımızın ən dəhşətli səhifəsi olan Xocalı soyqırımı haqqında silsilə yazılarımla ərəb mətbuatında müntəzəm çıxış etsəm də, nəhayət doğma dilimizdə də gözəl Qarabağımız, ata-baba yurdum olan Cəbrayılla bağlı uşaqlıq xatirələrimi, gördüklərimi, bildiklərimi, eşitdiklərimi, bir sözlə, qərib könlümdəki vətən nisgilimi Modern.az saytının oxucuları ilə paylaşmağı qərara aldım.
Başı uca dağlarına
Bir quş olub uçaydım kaş.
Dağlarından pərvazlanıb
Xan çinara qonaydım kaş.
Min nemətli, bərəkətli
Torpağından öpəydim kaş.
Kəhrizinin buz suyundan
Bir doyunca içəydim kaş.
Dağlarının yamacından
Kəklikotu, sarıçiçək,
Bulaqların ətrafından
Nanə, yarpız yığaydım kaş.
Hacı Qaraman pirində
Nəzir-niyazlar paylayıb,
Qurbanlıqlar kəsəydim kaş.
Doğma yurdum Karxuluda
Baxanda hər yer görünən
Təpəliyə qalxaydım kaş.
El-obama, yurd-yuvama
Göz dolusu baxaydım kaş.
Tey, Ziyarət, Gordubaba
Dağlarına qalxaydım kaş.
Dağtumas, Sirik, Çələbi
Kəndlərinə gedəydim kaş.
Dadlı motal pendirindən,
Təzə meşəlik balından,
Yuxayla nehrə yağından,
Qaymağından dadaydım kaş.
Karxuludan Maralyana,
Mərcanlıya gedəydim kaş.
Gilənarı, gilasını
Ovuc dolu yığaydım kaş.
Qalxıb budağın üstünə
Tutlarını çırpaydım kaş.
Çinarların ətrafında
Bir nəfəsə qaçaydım kaş.
Salxım-salxım söyüdlərin
Kölgəsində duraydım kaş.
Xan çinarın budağından
Yellənçəyi asaydım kaş.
Yemliyindən, turşəngindən,
Qanqalından yeyəydim kaş.
Dağlarından, bağlarından
Bənövşəni, yasəməni,
Qızılgülü dərəydim kaş.
Al-əlvan çiçəklərindən
Gül çələngi hörəydim kaş.
Köhnə yurdda məzarlığı
Dualarla, kəlamlarla
Bir ziyarət edəydim kaş.
Əsirlikdə tənha qalan
Doğma yurdum Cəbrayılın
Azadlığın görəydim kaş.
İgid, ərənlər ordusu
Qarabağı alaydı kaş.
Azərbaycan bayrağını
Cəbrayılda asaydı kaş.
Qarabağ azad olundu
Xoş müjdəli bu xəbəri
Ərəbistan torpağında
Sevincimdən ağlayaraq
Özüm elan edəydim kaş!
Cəbrayıla gedəydim kaş!
Qarabağa gedəydim kaş!
Ardı var...