2012-ci ilin əvvəlində Misirdə 40 ildən çox hakimiyyətdə olan Hüsnü Mübarəkin devrilməsi ilə başlayan qarşıdurma hələ də tam səngiməyib. Ötən müddətdə nə qədər qan axıdılıb, on minlərlə misirli həlak olub, Mübarək həbsdədir, ardınca “Müsəlman qardaşları”nın dəstəyi ilə hakimiyyətə gələn Məhəmməd Mursi də tez bir zamanda hərbçilərin üsyanı nəticəsində devrilərək zindana salınıb.
Bu ilin yazında keçirilən seçkilərdə isə keçmiş müdafiə naziri Abdel Fəttah əl-Sisi qalib elan olunub. O, müdafiə naziri olsa da, keçmişi ilə bağlı ətraflı bilgi yox idi.
Modern.az saytı “Birinci ledilər” layihəsində xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir. Bu yazıda həm Sisinin keçmişi, həm də onun artıq Misirin birinci ledisi statusunu qazanmış həyat yoldaşı haqda ən maraqlı nüansları təqdim edirik.
Misirdə bir çoxları Abdel Fəttah əl-Sisini diktator kimi təqdim edir. İndi sizin tanış olacağınız faktlardan isə məlum olacaq ki, Sisi heç də adi bir hərbçi deyilmiş.
Sosial şəbəkədə də onunla bağlı əvvəllər məlum olmayan məlumatlar yayılıb. Sisinin son illərdəki, xüsusilə 2013-cü ilin yaz-yayındakı manevrlərini müşahidə edənlərə aydın olub ki, bu insan professionallıqla böyük təbliğat dəstəyindən istifadə edir.
Sonradan məlum olur ki, bu dəstək, Tarik Nur adlı adamdan gəlir. Tarik Nur möhtəşəm marketinq və Tarek Nour Communications media-şirkətinin sahibidir. Şirkət 1979-cu ildə yaradılıb və Yaxın Şərqdə iri reklam agentliyi hesab olunur. Hüsnü Mübarək, Tarik Nur və Abdel-Fəttah əl-Sisi klanlarının gizli əlaqələrindən sonuncunun əmioğlusu, Qahirə Universitetinin stamotologiya fakültəsinin professoru Hossam əs-Sisi danışıb.
Sisinin həyat yoldaşını Mübarəkin arvadı seçib
General Sisinin şəxsi həyatı ilə bağlı fövqəladə dərəcədə az şey məlumdur, həkim Hossamın danışdıqları isə həqiqi bomba effektlidir.
Abdel-Fəttah Sisi Tarik Nurun doğma bacısı ilə evlənib. Sisi onunla hələ Müdafiə Nazirliyinin podpolkovniki olanda ailə qurub. Sisinin vəzifəsi hər həftənin ikinci, dördüncü və bazar günləri təhlükəsizliklə bağlı məruzə etmək idi. Sisi məruzəni Misir prezidenti Hüsnü Mübarəkə edirdi. Mübarəkin arvadı Syuzan Mübarək Sisiyə arvad seçən adamlardan biri olub.
Mübarək şəxsən Sisinin karyera yüksəlişinə nəzarət edib və onu prezidentin ailəsinin mühafizəsi olan II Operativ Mexanikləşdirilmiş Dəstəyə rəis təyin edib. Sisi digər polkovnikə, Hani Abdel Hamidə və prezidentin oğlu Camal Mübarəkə də yaxın olub.
Sisi Səudiyyə Ərəbistanında hərbi atteşe də işləyib. Məhz həmin dövrdə Səudiyyə Ərəbistanı ABŞ kəşfiyyatı ilə sıx əlaqə qurub, halbuki, bu haqda heç kəsə heç nə məlum deyil. Doktor Hossam onu da qeyd edir ki, Sisi körfəz ölkələrinin kəşfiyyatları ilə, ilk növbədə Küveyt və Birləşmiş Ərəb Əmirlikləri və Mübarəkin keçmiş qvardiyası ilə də bağlıdır. Hossam onu da iddia edir ki, Sisi dəfələrlə İsrailə gedib, ancaq bu səfərləri ilə bağlı heç nə məlum deyil.
Tarik Nur bir neçə vacib telekanal və qəzetin, o cümlədən “an-Nas” kanalının, “əl-Masri əl-Yom”, “Dustur və əl-Facr” qəzetlərinin sahibidir. Tarik Nur Hüsnü Mübarəkin Milli-Demokratik Partiyasının veteranlarından biridir. O, Mübarək ailəsinin, eləcə də biznesmenlər Əhməd İzza, Safvat Şerif və Fəthi Sourranın dostudur. Hossam iddia edir ki, Nur ABŞ, Fransa, Rusiya və İsrail kəşfiyyatları ilə əlaqəsi olan adamdır.
Tarik Nur Tamrud hərəkatının Məhəmməd Mursini hakimiyyətdən uzaqlaşdırılması üçün imza toplayan və müxalifətin nümayişlərinin təşkilinin əsas maliyyəçilərindəndir ki, nəticədə 2013-cü ilin iyulunda hadisələr qiyamla nəticələnib. Nurun nəşriyyat evləri qiyamçılar üçün vacib olan çap materiallarını və plakatları çap etdirib.
Tarik Nur Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Küveyt krallarının dostudur. Tarik Nur yeganə misirlidir ki, onun mülkiyyətində televiziya və radio kanallarının səslərini boğan avadanlıq var. Məhz həmin avadanlıqlardan hərbi kəşfiyyat 2011-ci ilin böhranlı günlərində və 2013-cü ilin yanvarında istifadə edib.
Gələcək birinci ledinin ilk dəfə “üzə” çıxdı
|
Misirdə prezident seçkilərinə hazırlıq fonunda ölkənin müdafiə naziri Abdel Fəttah əs-Sisi ilk dəfə cəmiyyət qarşısına həyat yoldaşı ilə çıxıb. Ölkənin dövlət KİV-lərinin əksəriyyəti Sisi cütlüyünün fotolarını onun hicab geyindiyini xüsusi vurğulayaraq çap ediblər. “Əl-Ərəbiyə”nin yazdığına görə, onların fotosunu ilk dəfə spikeri öz səhifəsində yayıb. Həmin fotoda ərlə arvad Misir hərbi qüvvələri veteranlarının şərəfinə təşkil olunan təntənəli mərasimdə iştirak edib. Qeyd olunur ki, bu, feldmarşal Sisinin həyat yoldaşı ilə ilk yayılan fotosudur.
Videoçəkilişdən isə görünür ki, feldmarşalın həyat yoldaşı ərinin yanında boz rəngli pencəkdə dinməzcə oturub.
Əvvəllər Misirdə şayiələr dolaşırdı ki, Sisi dini məsələdə son dərəcə mühafizəkardır, onun arvadı hicab geyinir və misirlilərin çoxunun bu xoşuna gəlmir.
“Hamı danışırdı ki, marşalın arvadı hicab taxır, ancaq o bundan uzaqdır, o hətta çarşabdan istifadə etmir”... Videoçəkilişi Twitter istifadəçilərindən biri belə şərh edib. Əl-Sisinin bacısı həmin gün Misirin xəbər agentliklərindən birinə müsahibəsində deyib ki, Sisinin arvadı heç vaxt çadra geyinməyib, hicabı isə kollecdə oxuduğu illərdə taxmağa başlayıb.
Sisi prezidentliyə əsas iddiaçılardan biri olan zaman həyat yoldaşı ilə birgə ictimaiyyət qarşısında görünməsindən sonra onu bir çox KİV-lərdə artıq gələcək birinci ledi kimi təqdim edirdilər. Məsələn, “Əl-Ərəbiyə” televiziya kanalı onu yeni birinci ledi də adlandırıb.
Misir cəmiyyətini isə hər şeydən öncə əl-Sisinin arvadının xarici görünüşü maraqlandırıb. Ona görə ki, çoxları feldmarşalın dini siyasəti haqda danışırdı. Belə ki, Hüsnü Mübarəkin həyat yoldaşı Syuzan cəmiyyət qarşısına başını örtmədən çıxab və Avropasayağı don geyinərdi.
Hərbi çevriliş yolu ilə devrilmiş Məhəmməd Mursinin arvadı isə “Müsəlman qardaşları”nın fəalı kimi çox mühafizəkar geyimlərə üstünlük verərdi.
Sisi 1977-ci ildə evlənib. Üç oğlu, bir qızı var. Ailədə müsəlman ənənələri saxlanılır. Feldmarşal Əl-Sisi tez-tez “Quran”dan misal çəkir, tarix və hüquq barədə kitablar oxumağı sevir. Arvadının adı Nihad Nurdur.
Modern.az