Modern.az

“Qəbul imtahanında yığılan yüksək bal müəllimin, ya da repetitorun xidmətidir” - Ekspertlər

“Qəbul imtahanında yığılan yüksək bal müəllimin, ya da repetitorun xidmətidir” - Ekspertlər

İqtisadiyyat

30 İyul 2014, 18:06


Azərbaycanda ali və orta ixtisas təhsili müəssilərinə qəbul imtahanı yekunlaşıb və artıq ixtisas seçimi prosesi gedir. Bu il 4 qrup üzrə 9 abituriyent maksimum nəticə-700 bal göstərdi. Çox zaman yüksək bal toplayan abituriyenlərin uğuru məzun olduqları məktəbin adına yazılır. Ancaq abutiriyentlərin bəziləri yüksək balı getdikləri repititor hesabına yığırlar.

Modern.az
-a açıqlama verən Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Kamilə Əliyeva bu addımı düzgün hesab edir: “Mən də onun lehinəyəm ki, həmin uğurlar məktəb müəllimlərinin hesabına yazılsın. Ən çox bal toplayan, xüsusilə 600-dən yuxarı toplayanların statistikasını aparsanız, görərsiz ki, bu abituriyentlərin əksəriyyəti hansısa rayonların kənd məktəblərini qurtaran uşaqlardır. Aydın məsələdir ki, belə kənd yerlərində repetitor yanına gedən uşaqlar olmur. Onlar öz üzərlərində işləyib yüksək balı toplayırlar. Bu biliyi, savadı onlara verən kim olur? Həmin məktəb müəllimləri. Gəlin, biz həmin məktəb müəllimlərimizin, onların verdiyi əməyin nəticəsini heç etməyək, qiymətləndirək. Siz statistikanı aparsanız, görərsiniz o qədər repetitor yanına gedənlər var, amma qəbul ola bilməyiblər. Yəni, burada həqiqətən də məktəbin rolu var və mütləq olaraq həmin uğurlar məktəbin adına yazılmalıdır. Bu il tələbə adını qazanan abituriyentləri, onların valideynləri və ən əsası bu zəhmətin nəticəsini görən həmin məktəb müəllimlərini bir daha təbrik edirəm”.

Təhsil eksperti Etibar Əliyev abituriyentlərin yüksək bal toplamasının səbəbini onların istedadlı olmasında görür: “Abituriyentlərin müsahibələrinə diqqət yetirsəniz, görərsiniz ki, onlar sadəcə məktəbin adını çəkirlər, ya yaxşı müəllim yanında hazırlaşdıqlarını, ya da hansısa kursda, xüsusilə bağlanmış “Araz kursları”nda təhsil gördüklərini qeyd edirlər. Məsələn, mən adını çəkmək istəmirəm, 700 bal toplayan orta məktəblərdən birinin yüksək bal toplayan bir məzunu deyir ki, bizə 11-ci sinifdən tam sərbəstlik verilmişdi ki, məktəbə gəlməyək, daha yaxşı hazırlaşaq ki, yüksək bal toplayaq, bu da məktəbin adına olsun. Bunu mənə çox yüksək bal toplamış bir şagird dedi. Belə çıxır ki, həmin o 700 bal toplayan şagirdin direktoru hesab edir ki, məktəb divarları arasında 700 bal toplamaq mümkün deyil. Ona görə də, şagirdlərə sərbəstlik verilib, onların dərsə davamiyyətinə diqqət yetirilməyib.
Ümumiyyətlə, çox vaxt şagirdlərin bitirdiyi məktəbin, kursun, ayrı-ayrı müəllimlərin nailiyyətlərini önə çəkirik. Ancaq heç vaxt şagirdlərin öz məxsusi qabiliyyətlərini və istedadlarını önə çəkmirik. Əgər istedad bütün abituriyentlərdə olsaydı, onlar hamısı 600-700 bal toplaya bilərdi. Yüksək bal toplayan abituriyentlər həm də yüksək istedada malikdirlər. Sadəcə, o məktəblər, kurslar və müəllimlər onlara kiçik bir təkan verib. Heç vaxt şagird istedadını arxa plana çəkmək olmaz. O şagirlərin qarşısında baş əymək olar və onlar Azərbaycan üçün çox lazımlı insanlardır”.

Misranə Həsənzadə 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım