Bu ildə Ağdama getmək istəyim baş tutmadı. Doğma şəhərimə uzaqdan, lap uzaqdan boylansamda görə bilmirəm…
Yuxularda gedə bilməyimə bəzən şükür edirəm. Yuxuların çin olmasını isə hamımız ürəkdən istəyirik...
Hər bayramda və anım tədbirlərində dediyimiz fikirləri bu il söyləmədik. Bu dəfə “inşallah növbəti ildəki bayramı doğma yurd-yuvamızda keçirək”, deməyə üzümüz gəlmədi. Daha özümüzü aldatmaq istəmirik deyəsən…
Amma inamımızı da itirmirik…
Ağdamsızlığımızın iyirmi birinci ili tamam oldu. 23 iyul tarixində Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtımızda anım mərasimi keçirildi. Yüksək təşkilatçılığı ilə seçilən tədbirlərə mən də dəvətliydim…
Yolumu Şəhidlər Xiyabanına salanda gördüyüm mənzərə mənə doğma torpaqlara qayıtmaq eşqimi bir qədər də artırdı. On minə yaxın insanın qatıldığı mərasim bir daha təsdiq etdi ki, hamı vətənə qayıdacağımız günü səbrsizliklə gözləyir. Və bəzən ictimaiyyətdə səslənən “hec bir məcburi köckün öz rayonuna qayıtmaq niyyəti yoxdur” fikrinin puç və əsassız olduğunu isbatladı.
Deməliyəm ki, yüzlərlə insanın gözündə işıq var idi...
Ağdam RİH-i tərəfindən Gənc Tamaşaçılar Teatrında ciddi hazırlıq görülmüşdü. Sərgidə elm və mədəniyyət xadimlərimiz, əmək qəhrəmanlarımız, Milli Qəhrəmanlarımız haqqında geniş məlumat əldə etmək olardı...
Maraqlı məqamlardan bir rayonun yetişdirdiyi 20 əmək qəhrəmanı və 16 milli qəhrəman haqqında bilgilərin sərgilənməsi idi.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov çıxışında rayonun siyasi-iqtisadi durumu barədə geniş nitq söylədi. Fikirlərini tədbir iştirakçıları ilə bölüşdü. İcra başçısının çıxışında ən maraqlı məqam Quzanlı qəsəbəsində Ağdamın simvollarından olan “Çay evi”nin binasının tikintisi ilə bağlıydı...
Bu arada xəyallarım məni ötən əsrə,1989-cu ilin yayına apardı...
Respublikada siyasi proseslər yenidən gərginləşmişdi. Münaqişə getdikcə siyasi müstəviyə keçirdi.
Bu məqamda Raqub Məmmədov Ağdam komsomoluna birinci katib seçildi. Komsomol komitəsi o zaman Ağdam RPK-nın köhnə binasının birinci mərtəbəsində yerləşirdi. Təxminən iki ilə yaxın idi ki, Ağdam RPK şəhərin mərkəzi meydanına yaxın olan Nizami küçəsindəki əzəmətli binaya köçmüşdü. Köhnə binada rayon Xalq nəzarəti komitəsi, “Lenin Yolu” qəzetinin redaksiyası və rayon komsomol təşkilatı fəaliyyət göstərirdi.
88-ci illərin sonlarından “Lenin yolu ” qəzetiylə əməkdaşlığa başladığım vaxtda iş elə gətirdi ki, yolumu redaksiyaya salarkən yaxın qohumum Eldar Hümmətov məni komsomol komitəsinə yeni təyin edilən həmkəndlisi və qonşusu Raqub Məmmədovla tanış etdi. “Sizin sözünüz yaxşı tutacaq”- deyib işinə gedəsi oldu...
Söhbətimiz alındı...
Beləcə, hər dəfə redaksiyaya gələrkən “komsomol” tərəfə salam verməmiş qayıtmırdım...
Sonradan regiondakı siyasi vəziyyət bir qədərdə gərginləşdi. Gərgin döyüşlər başladı. Eldar Hümmətov “Fərrux dağı” uğrunda gedən döyüşlərin birində həlak oldu. E. Hümmətov 1994-cü ildə ölümündən sonra prezident sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif edildi...
İyirmi beş ildən sonra İmamqulubəyli kəndində bu dəfə icra başçısı statusunda Raqub müəllimlə görüşdük. Ötən günlərə birgə qayıtdıq.
Söhbətimiz maraqlı alınmışdı...
Tədbirdə nümayiş olunan filmdə isə şəhərin görüntülərini görmək mənə çox ağır gəldi...
Bundan sonra aparıcı sözü “Dövlətqaçqınkom”un sədri Əli Həsənova verdi. Anım tədbirində baş nazirin müavini Ə.Həsənovun möhtəşəm çıxışı oldu. İndiyədək Ağdam və ağdamlılara bu qədər yüksək qiymətin verilməsinin şahidi olmamışdım. Elə bir məqam olmadı ki, Əli müəllim çıxışında toxunmasın. Əli Həsənovun yaddaqalan çıxışı anım mərasiminin iştirakçılarının ümidini bir qədər də artırmış oldu. Çıxışının sonunda hökumət rəsmisi Ağdam Atçılıq zavodunun bərpası və qəsəbədə Muğam Mərkəzinin tikintisi ilə bağlı cənab prezidentə müraciət edəcəyini bildirdi...
Beləcə tədbirdən yüksək əhval-ruhiyyə ilə ayrılıram. Və o xoş ovqatla ayrıldığım tədbirin hələ xeyli müddət təsiri altında qaldım. Ümidim xeyli artmışdı...
Bəlkə də Ağdama qayıdışımız elə iyirmi üç iyuldan başlayır. Deyə bilmərəm. Amma bilirəm ki, Qarabağa yol Ağdamdan keçir...