Modern.az

Akif Cabbarlı: “Əsl qiyməti obyektiv düşüncəli tamaşaçılarımızdan gözləyirik”

Akif Cabbarlı: “Əsl qiyməti obyektiv düşüncəli tamaşaçılarımızdan gözləyirik”

31 İyul 2014, 12:28

İctimai Televiziyanın son vaxtlar qazandığı yaradıcılıq uğurları sırasında yeni layihələrin efirə vəsiqə almasını da xüsusi vurğulamaq lazımdır. Yay mövsümündə televiziyalarda olan çətinliklərə baxmayaraq, İTV-nin əməkdaşları iyul ayı ərzində də tamaşaçılara bir sıra yeni verilişlər və sənədli videofilmlər təqdim ediblər. İyulun 2-də və 25-də efirə çıxan "Media və Zaman" proqramı da yeni layihələr sırasındadır. Proqramın ssenari müəllifi və aparıcısı Respublikanın Əməkdar jurnalisti, tanınmış publisist Xalid Niyazovdur. Qeyd edək ki, bu proqram mətbuatdan bəhs edən yeganə və orijinal tele-layihə kimi elə ilk verilişdən cəmiyyətdə və media mənsubları arasında böyük rezonans doğurub. Proqramın redaktoru isə Akif Cabbarlıdır. A.Cabbarlı bu layihənin məqsədi, qarşıdakı vəzifələr və müzakirə olunacaq mövzularla bağlı Modern.az-ın suallarını cavablandırıb.

- Cəmiyyətdə və media mənsubları arasında da böyük rezonansa səbəb olan bu layihə ilə bağlı nə deyə bilərsiniz?

- Bu layihə İctimai Televiziyanın və Azərbaycan Mətbuat Şurasının birgə layihəsidir. Onu da deyim ki, bu layihə olduqca qısa müddətdə və yüksək səviyyədə reallaşdırıldı. Təbii ki, ideya müəlliflərinin yaxından köməkliyi və dəstəyi, müzakirə olunacaq mövzuların aktuallığı uğur qazanmağımıza kömək etdi. İlk verilişimiz iyulun 2-də işıq üzü gördü. Bir saat ərizində tamaşaçılar mətbuat və cəmiyyət münasibətlərinin necə obyektiv, əhatəli və professional səviyyədə müzakirəsinin şahidi oldular.

-Layihənin əsas məqsədi nədən ibarətdir?

- Bu layihə vasitəsilə mətbuatımızın bir sıra problemləri, uğurları, internet mediadakı vəziyyəti, jurnalist etikası və peşəkarlığı, dövlət-mətbuat münasibətləri, veteran jurnalistlərin durumu və digər mövzuları müzakirələr ediləcək. Ölkənin media kapitanları, ictimai-siyasi xadimlər, alimlər, cəmiyyətin müxtəfil təbəqələrini təmsil edən ekspertlər, QHT nümayəndələri vaxtaşırı proqramımızın qonaqları olacaqlar.

-Akif müəllim, ilk efirə  kimlər dəvət olunmuşdu?

- Proqrama elə insanlar dəvət olunmuşdu ki, onlar mətbuatımızın bu günkü vəziyyəti ilə bağlı ən aktual fikirləri səsləndirə biləcək şəxslər idilər. Mətbuat Şurasını sədri Əflatun Amaşov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, MŞ-nın idarə heyətinin üzvü, milli məclisin deputatı Cavanşir Feyziyev və BDU-nun professoru, MŞ-nın idarə heyətinin üzvü Şamil Vəliyevin mövzu ilə bağlı açıqlamaları, polemik fikirləri verilişin baxımlılığını və aktuallığını xeyli artırmışdı. Həmçinin BDU-nun kaferda müdiri, professor Cahangir Məmmədlinin proqramımıza xeyir-duası bizlər üçün xoş oldu. Sözün açığı, Milli Mətbuatımızın 139 illiyinə həsr olunmuş şərti olaraq "Taleyimizdən keçən yol" adlandırdığımız sayca 2-ci veriliş daha uğurlu alınmışdı. İyulun 25-də tamaşaçılara təqdim olunan bu veriliş polemikanın daha canlı və çevikliyi, milli mətbuatımızın keçmişi, bu günü və perspektivi ilə bağlı sualların daha əhatəli, lakonik cavablandırılması baxımından elə yaradıcı qrupumuzu da razı saldı. Təbii ki, əsil qiyməti obyektiv düşüncəli tamaşaçılarımızdan gözləyirik. Milli Məclisin deputatı, Əməkdar jurnalist Elmira Axundovanın, BDU-nun kafedra müdri, professor Ramiz Əsgərin, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının studiada lentə alınmış söhbətləri, "Kaspi " qəzetinin təsisçisi, fəlsəfə doktoru, Milli Teleradio Şurasının üzvü Sona Vəliyevanın, MM-in deputatı alademik Rəfail Hüseynovun, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin və digər tanınmış söz adamlarının bayram təbrikləri, səsləndirdikləri obyektiv və tərəfsiz fikirlər Azərbaycan mətbutatının indiki durumu barədə aydın təsəvvür yaradırdı.

Bir şeyi də qeyd edim ki, bu proqramla yanaşı əməkdar jurnalist Flora Xəlilzadənin müəllifi və aparıcısı olduğu "YADİGARLAR" proqramında Azərbaycan Milli Mətbuatının banisi Həsən bəy Zərdabi, görkəmli  yazıçı və nasir Əzizə Cəfərzadə, məşhur radio diktoru Aydın Qaradağlı barədə verilişləri, "Carçı film"in istehsalı olan Lerik, Masallı, Şəki, Xınalıq və Abşeronun Qala kəndi haqqında sənədli kinolentlər böyük maraqla qarşılanıb.

Pərvin Arzuqızı

P.S. Tamaşaçılar milli mətbuat gününə həsr olunmuş proqramın təkrarına bu axşam (31 iyul) saat 22:10-da baxa bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza