“Bu il Qafqaz Universitetinə qəbul üçün 930 yer ayrılıb. Bu yerlərin 530-u dövlət sifarişlidir. Keçən il 802 yer ayrılmışdı, onun 360-ı dövlət sifarişli idi. Yəni bu il həm dövlət sifarişli yerlərin sayında, həm də ümumi sayda artım var”.
Bunu Modern.az-a açıqlamasında Qafqaz Universitetinin ictimaiyyətlə əlaqələr üzrə prorektoru Natiq Paşa deyib. Onun sözlərinə görə, müşahidələr göstərir ki, Qafqaz Universitetinə maraq azalmayıb:
““Çağ Öyrətim” məktəblərinin və “Araz kursları”nın bağlanmasının qəbul planın dolmasına təsir göstərəcəyini zənn etmirəm. Çünki hazırda telefonla olan müraciətlər, bura gələn abituriyentlərin müraciətləri göstərir ki, təsir etməyəcək. İxtisas seçimi bitəndən sonra daha dəqiq biləcəyik. Amma müraciətlərdən görünür ki, elə bir narazılıq yoxdur, abituriyentlər seçirlər, gəlmək istəyirlər. Özü də yüksək ballı tələbələr müraciət edirlər. Yəni, keçən illərdə olduğu kimi bu il də Qafqaz Universitetinə axın var. Ümid edirik ki, 930 yer də dolacaq”.
Prorektor qeyd edib ki, universitetdə 4-cü qrup üzrə kimya müəllimliyi, biologiya müəllimliyi fakültəsi var.
“Onlarda təhsil ingilis dilindədir. Bir də 4-cü qrupun Azərbaycan dilində kimya-biologiya fakültəsi var ki, ora müraciət edənlər də çoxalıb. Məsələn, dünən 606 balla kimya müəllimliyinə müraciət edən var idi. Yəni bu abituriyent Tibb Universitetinin ən yuxarı ballı müalicə işi fakültəsinə qəbul ola bilər. Amma dedi ki, yox, mən Qafqaz Universitetində oxumaq istəyirəm, kimya müəllimi olaram. Bu gün də 621 bal yığan biri gəlməlidir, zəng etmişdi, biologiya müəllimliyi ilə maraqlanırdı”.
Qeyd edək ki, ali məktəblərə ixtisas seçimi iyulun 24-dən etibarən başlayıb və avqustun 5-də qədər davam edəcək.
Misranə Həsənzadə