“Sahibsiz küçə heyvanları yolun hərəkət hissəsində ölübsə aidiyyatı üzrə yol istismar idarələri onları ordan hökmən kənarlaşdırmalıdır”. Bunu Modern.az-a açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib. Onun sözlərinə görə, Baş Dövlət Yol Polisinin əməkdaşları belə hallarla rastlaşanda bu barədə yol istismarı idarələrini məlumatlandırırlar: “İnanmıram ki, heyvan cəsədləri yollarda uzun müddətli qala bilər. Hər bir istismar müəssisəsinin xidmət etdiyi avtomobil yolları var. Həmin sahəyə baxan mütəxəssis müəyyən bir vaxtda yollara baxış keçirir. Əgər belə hallarla rastlaşırsa dərhal aradan qaldırılır”.
P. Mürsəliyev “Azəryolservis” Bakı şəhərində yalnız yolların hərəkət hissəsinə cavabdehdir: “Yol kənarlarına şəhər təmizliyinə baxan şəxslər baxır”. ASC sözçüsü həmçinin vətəndaşları da bu barədə diqqətli olmağa çağırıb: “Ola bilsin ki, insanlar bunu görüb amma yol istismar sahəsində bundan xəbərləri yoxdur. İnsanlar belə hallarla rastlaşanda tez aradan qaldırılması üçün həmin yola baxan istismar sahələrinə müraciət edə bilərlər. Məsələn, Ağsu zonasında, Şamaxı zonasında buna rast gəliblərsə, aiddiyyatı üzrə yol istismar sahəsinə müraciət edə bilərlər. Dərhal da aradan qaldırılacaq”.
Rüfanə GÜNƏŞ