Modern.az

Kəlbəcər girovları və Leyla Yunus: Kim daha çox müdafiə olunur? - SORĞU

Kəlbəcər girovları və Leyla Yunus: Kim daha çox müdafiə olunur? - SORĞU

31 İyul 2014, 13:21

İyulun 11-də Ermənistan ordusu tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun geri qaytarılması üçün mütəmadi işlər görülür. Azərbaycanın müxtəlif dövlət və qeyri-hökumət nümayəndələri tərəfindən beynəlxalq təşkilatlara, Qızıl Xaç Komitəsinə müraciətlər davam edir. Lakin azərbaycanlı girovların geri qaytarılmasına laqeyd münasibət göstərənlərin olması da bəllidir. Maraqlıdır ki, iyulun 11-dən haqq səslərini çıxartmağı özlərinə rəva görməyənlər dünən daha aktiv göründülər. Səbəb isə hüquq müdafiəçisi Leyla Yunusun həbs edilməsi ilə bağlıdır. Belə ki, xanım hüquq müdafiəçisi həbs edildikdən sonra onun azadlığa buraxılması üçün əsl “qəhrəmanlıq” göstərənlər girovların geri qaytarılmasında susurdular.

Modern.az saytı məsələ ilə bağlı müxalifət partiyaları arasında kiçik sorğu keçirib.  

Ədalət Partiyasının sədri İlyas Ismayılov Leyla Yunusun daha çox tanındığı üçün belə addım atıldığını düşünür. “Təəssüf edirəm, Leyla Yunus həbs olunub, çünki qadındır. Arzu edirəm ki, istintaq aparılar və sübut olunub məhkəməyə verilər. O zaman Leyla Yunusa azadlıqdan məhrumetmə cəzası verərlər. Başqa nə deyə bilərəm ki! Girovların geri qaytarılmasına biganə yanaşanlara gəlincə, Leyla Yunusun azadlığa çıxmasını ona görə istəyirlər ki, o,  uzun müddətdir siyasətdədir, tanınmış adamdır. Yəqin bundan irəli gəlir”.  

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bu cür məsələlərdə balansın qorunmasını məqsədəuyğun hesab edir. “Bu məsələyə münasibətim odur ki, öncə Azərbaycanın milli maraqlarına uyğun addım atılsın. Təbii ki, həbsdən narazı qalan  insanlar da öz etirazlarını bildirmə haqqına sahibdirlər. Qısa olaraq, girovluqda olan vətəndaşlarımız  haqqında  bilgiyə sahib oldum. Onlar kifayət qədər vətənpərvər insanlardır.  Ona görə də Kəlbəcərə gedə biləcəklərini Azərbaycanın vicdan borcu hesab edərək o addımı atıblar və doğma torpaqlarına vətənlərinə ayaq basıblar. Bu baxımdan daha duyarlı davranmamız vacibdir. Birinci növbədə dövlətimiz üçün prioritet nədirsə onun üzərinə yüklənməmiz daha vacibdir. Hesab edirəm ki, bu canfəşanlıq hər iki halda olsa idi, daha yaxşı olardı. Biri düşmənimizə qarşı mübarizədə girov düşüb, digəri isə bir çox hallarda fəaliyyəti bir qədər müəmmalı, şübhəli məqamlarla doludur. O baxımdan da ola bilsin ki, Leyla Yunusun insan haqları konvensiyasında  faydalı gördüyü işlər də var. Amma digər sahələrdə ən azı şübhə doğuran işlər də var. Bu baxımdan şübhəli fəaliyyətə yönələn dəstək daha çoxdur. Sanki Kəlbəcərə getmiş vətəndaşlarımızla  bağlı dəstək isə kifayət qədər azdır. Heç olmasa bunun balansını yaratmaq lazımdır”.

Ümid Partiyasının sədri İqbal Ağazadə hər iki məsələnin fərqli olduğunu düşünür. “Düşünmürəm ki, girovların geri qaytarılması və Leyla Yunusun həbs edilməsi eyni məsələlərdir və  adekvat reaksiyalar göstərilməlidir. Düşmən tərəfindən girov götürülən vətəndaşlarımızın geri qaytarılmasını daha səlahiyyətli qurumların, hakimiyyət nümayəndələrinin istəməsi daha düzgündür. Çünki hakimiyyət bu istiqamətdə beynəlxalq təşkilatlarla, ATƏT-in Minsk Qrupu, onun həmsədr dövlətləri ilə o cümlədən də xarici işlər nazirlikləri səviyyəsində beynəlxalq təşkilatlarla təmas qurur. Müxalifət partiyalarından danışırıqsa, məsələn, biz konkret olaraq girovların geri qaytarılması və dərhal tədbir görülməsi ilə  bağlı bütün beynəlxalq təşkilatlara müraciət etdik. Hüquq müdafiəçisi Leyla Yunusun məsələsinə gəldikdə isə bu, həm fərqli,  həm də daxili məsələdir. Ona görə də həm  hüquq müdafiəçisi kimi, həm də Azərbaycanda fəaliyyət göstərən  vətəndaş cəmiyyətinin  nümayəndəsi kimi, siyasi partiyalar və  digərləri  də öz etirazını bildirdi. Hesab edirik ki, girovlar məsələsi ilə Leyla Yunusun məsələsini eyniləşdirmək doğru deyil. Bunlar fərqli-fərqli məsələlərdir”.

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza