Modern.az

Qəzza sektorundakı əməliyyatların qanlı STATİSTİKASI

Qəzza sektorundakı əməliyyatların qanlı STATİSTİKASI

31 İyul 2014, 14:14


İsrail dövlətinin Qəzza sektoruna qarşı iyulun 8-də hava zərbələri ilə başlatdığı və iyulun 18-də isə quru əməliyyatları ilə davam etdirdiyi “Sarsılmaz Qaya” əməliyyatı Ukrayna və Suriyadakı hadisələri arxa planda qoyub.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, əməliyyatın davam etdiyi 22 gün ərzində əksəriyyəti dinc sakinlər olmaqla 1360 fələstinli həlak olub, 7600 nəfərdən artıq insan isə müxtəlif xəsarətlər alıblar. Bundan başqa, 220 mindən artıq fələstinli öz evlərini tərk etməli olub. İsrailin havadan, san və qurudan blokadaya aldığı sektorda humanitar böhran təhlükəli həddə çatıb. Fələstinliləri elektrik enerjisi ilə təmin edən yeganə elektrik stansiyasının da hava zərbələri nəticəsində sıradan çıxması 1,7 milyon Qəzza sakininin vəziyyətini daha da ağırlaşdırıb. Paralel olaraq “Sarsılmaz Qaya” əməliyyatı İsrail qoşunlarının fələstinlilərlə müqayisəyə gəlməz dərəcədə az itki verməsi ilə də müşahidə olunur. Hərbi əməliyyatlarda “ÇAXAL” 56 əsgərini və zabitini itirib.


Qəzzadakı döyüşlərdə xəsarət alan 134 İsrail hərbçisi isə müalicələrini davam etdirirlər. Biri tailandlı miqrant olmaqla daha 3 nəfər dinc sakin də “HƏMAS”ın raket hücumlarının qurbanı olub.  

Qeyd etmək lazımdır ki. “HƏMAS” ın fasiləsiz olaraq İsrail şəhərini hədəf alan az effektli raketləri əksər zamanlar boş ərazilərə düşür. İyulun 8-dən atılan 2400 belə raket İsrailin infrastrukturuna heç bir problem yaratmayıb.


Yalnız xarici aviaşirkətlərin İsrailə uçuşları bir neçə günlük dayandırması büdcəsinin 10%-ini turizm gəlirləri formalaşdıran yəhudi dövləti üçün narahatlıq doğurub. “Sarsılmaz Qaya” əməliyyatının davam etdiyi müddətdə dünya diplomatiyası ABŞ Dövlət katibi Con Kerrinin simasında Təl-Əviv-Ramallah-Qəzza-Qahirə marşrutu üzrə bir neçə səfər edib. Atəşkəsin əldə olunması ilə bağlı davam edən fasiləsiz danışıqlar 22 gün ərzində  yalnız bir dəfə tərəflər arasında 12 saatlıq qısa atəşkəsə nail olub. İsrail baş naziri Benyamin Netanyahu və nazirlər kabineti Qəzzadan İsrailə gedən yeraltı tunellərin hamısının məhv olunacağı günə qədər əməliyyatları davam etdirəcəyini vurğulayıb.

Bu arada İslam dünyası ilə yanaşı,  Qəzzadakı faciəyə incəsənət və idman ulduzları da etiraz edirlər.

Bununla bağlı dünyanın müxtəlif ölkələrində Qəzzaya dəstək aksiyaları keçirilir. Yəhudi dövlətinə qarşı ən sərt mövqeyi isə Cənubi Amerika ölkələri nümayiş etdirib. “Sarsılmaz Qaya” əməliyyatına etiraz olaraq Çili, Salvador, Peru, Ekvador və Braziliya öz səfirlərini İsraildən geri çağırıb. Ekvador prezidenti Evo Morales isə hətta İsraili “terror dövləti” adlandırıb. İsrailin əməliyyatlardan dolayı beynəlxalq nüfuzunun azalmasına qarşı yəhudi lobbisi belə təsir göstərə bilmir.

 Görünən odur ki, artıq 65 ildən artıq dövrdə dünyanın “başağrısına” çevrilən İsrail-Fələstin qarşıdurması hələ ki öz həllindən çox uzaqdır. İki qədim və genetik qohum olan xalqın arası kəsilməyən qanlı müharibələri müasir dünyanın əsas problemlərindən biri sayılır.  

Vüqar İsmayılov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza