Modern.az

Ukraynalıya ərə getmiş azərbaycanlı xanım - Fatimə Tağıbəyova Odessanın məşhur nevropatoloqudur - FOTO

Ukraynalıya ərə getmiş azərbaycanlı xanım - Fatimə Tağıbəyova Odessanın məşhur nevropatoloqudur - FOTO

Təhsil

31 İyul 2014, 16:13

Müxtəlif səbəblərdən dolayı qürbət ölkələrdə yaşayan soydaşlarımız xaricdə qazandıqları uğurların sorağı Azərbaycana gəlib çatanda fərəh hissi yaşanır.
Öz uğurları ilə diqqət çəkən belə soydaşlarımızdan biri hazırda çətin dövr keçirən Ukraynanın Odessa şəhərində həkimliklə məşğul olan Fatimə Qiyas qızı Tağıbəyovadır.

Modern.az soydaşımızın həyat yoluna nəzər salır. O 1946-cı il avqustun 5-də Odessa şəhərində azərbaycanlı ailəsində anadan olub. 1963-cü ildə doğma şəhərindəki 39 nömrəli orta məktəbi bitirərək Piroqov adına Odessa Tibb Universitetinə daxil olub. 1969-cu ildə isə uğurla universiteti bitirərək, nevropatoloq ixtisasına yiyələnib.

Məhz tələbəlik illərində o, öz gələcək həyat yoldaşı Vitali Panteleyeviç Qanço ilə tanış olur. Özü də nevropatoloq üzrə oxuyan Qanço universiteti bitirdikdən qısa müddət sonra Fatimə Tağıbəyova ilə ailə həyatı qurub.

1971-ci ildən başlayaraq Fatimə Tağıbəyova Odessa Universitetində nevropatologiya üzrə dərslər deməyə başlayıb. O, elmi fəaliyyətlə də məşğul olub və həyat yoldaşı Vitali Qanço ilə birlikdə tibb elmləri namizədi elmi adı qazanıb.

Xanım soydaşımızın pedoqoji fəaliyyəti 2003-cü ilə qədər davam edib. Paralel olaraq o, “Nevropatoloq” Tibb Mərkəzində insaların müalicəsi ilə məşğul olub.

Hazırda təqaüddə olan 67 yaşlı Fatimə Tağıbəyova bir neçə il öncə həyat yoldaşını itirib və indi  fərdi qaydada vətəndaşlara nevroloji yardım göstərir. Ukraynada, o cümlədən Odessada yaranmış gərgin hərbi-siyasi və mənəvi-psixoloji durum azərbaycanlı xanımın tibbi biliklərinə olan ehtiyacı daha da artırıb.

Ümumiyyətlə, Odessa sakinləri Fatimə Tağıbəyovanı şəhərin ən güclü nevropatoloqlarından hesab edirlər və onun xidmətindən yararlanırlar.   

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza