"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Jirinovskinin “Rossiya 24” telekanalında Azərbaycan haqqında söylədiyi fikirlərlə bağlı Modern.az saytına müsahibə verib.
- Hikmət müəllim, bu yaxınlarda Vladimir Volfoviç Jirinovskinin “Rossiya 24” telekanalına verdiyi müsahibəsindən sonra Moskvada yaşayan soydaşımız, gənc jurnalist Nilüfər Şıxlı ondan müsahibə alıb. Həmin müsahibədə səsləndirilən fikirlər Azərbaycanın bir sıra mətbuat orqanları tərəfindən yayılıb. Burada Jirinovski Azərbaycan xalqının adının mənşəyi ilə bağlı öz mülahizələrini irəli sürüb. Sizcə, bu fikirlər həqiqətə nə dərəcədə uyğundur?
- Əlbəttə ki, Vladimir Jirinovskinin son çıxışında Azərbaycanla bağlı səsləndirdiyi fikirlər tamamilə reallığa əsaslanan obyektiv mülahizələrdir. Hesab edirəm ki, bu nəhayət, Jirinovskinin bir siyasətçi kimi praqmatizmə meyillənməsinin göstəricisi hesab edilə bilər. Çünki bununla Jirinovski Azərbaycanın yerini, rolunu, gücünü, imkanlarını ilk dəfə olaraq siyasi reallıq kontekstində qiymətləndirərək Azərbaycan həqiqətlərini etiraf etmiş olur. Amma əlbəttə ki, bu fikirlərinə görə Jirinovskiyə xüsusi təşəkkür etmək də lazım deyil. Çünki Azərbaycanın hazırkı mövqeyi, gücü, regionun və dünyanın ən inkişaf etmiş ölkələrindən biri olması, regionda və dünyada baş verən hadisələrə təsir etmə imkanları və mexanizmləri əldə etməsi Azərbaycan hakimiyyətinin uğurudur. Jirinovski isə sadəcə, hazırkı vəziyyətdə Azərbaycanın imkanlarını və gücünü, eyni zamanda, Rusiya-Azərbaycan münasibətlərini məhz obyektiv gerçəkliyə söykənərək qiymətləndirməklə ifadə edib.
-Bəs Azərbaycan xalqının adının etimologiyası, mənşəyi ilə bağlı Jirinovskinin səsləndirdiyi fikirlərə necə münasibət bildirərdiniz?
- Əvvəlcə qeyd etmək lazımdır ki, Jirinovski bu qısa müsahibəsində nə Azərbaycan xalqının, nə Rus xalqının, nə də Ukrayna xalqının adlarının etimoloji izahını düzgün verməyib. Jirinovski iddia edir ki, Azərbaycan xalqı “xas ər” adından törəyib, “baycan” isə “baca” deməkdir, xəzərin sahilində, ətrafında, bacasında yaşayanlar mənasını verir. Əslində isə bu, bir qədər təhrif olunmuş fikirdir. Çünki bütün tarixi mənbələrdə Azərbaycan xalqının etnogenezində iştirak etmiş dominant türk tayfalarından biri olaraq azların adı, as adı keçir. Aslar qədim dövr türk xalqlarının tayfa ittifaqlarında qurucu, aparıcı ünsür olmaqla bir sıra hallarda dominant olublar. Eradan əvvəl VIII-VII əsrlərdən başlayaraq eramızın VII əsrində qurulan Göytürk dövlətinə qədər azların, yəni əcdadlarımızın adı bütün mənbələrdə çəkilir. Göytürk abidələrində, yəni Orxon-Yenisey kitabələrində isə aslar olduğu kimi, as adı ilə qeyd edilir. “Ər” isə bildiyimiz kimi, arxaik türkcədə döyüşçü, əsgər deməkdir. Orxon-Yenisey abidələrində yazılanlara əsasən, as ərlər oğuzlarla tayfa ittifaqına girərək, göytürklərə qarşı da savaşırlar və göytürk abidələrində qeyd olunur ki, bu savaşdan sonra "as bodunu yox boldı", yəni bu, as xalqı bu ittifaqdan, qurucu ünsürü olduğu Göytürk dövlətindən çıxaraq oğuzlarla birlikdə Qərbə doğru gəldi mənasındadır. Araz sözü də as ər sözünün metateza olunmuş formasıdır. “Baycan” sözündəki “bay” isə bildyimiz kimi, varlı, dövlətli, baymış, var-dövlətə çatmış, müdrikləşmiş, zənginləşmiş mənasındadır, ca-cə isə əzizləyici şəkilçidir. Azərbaycan sözünün etimologiyası bu cür izah olunmalıdır.
Amma əlbəttə ki, Jirinovskinin azərbaycanlıları xəzərlərlə eyniləşdirməsində də bir həqiqət var, çünki onlar kas-ərlərdir, bu isə ucaboylular deməkdir, “kas” uca, yüksək sözündəndir. Kafkas sözündəki kas tərkibi də uca deməkdir, “qaz” sözündəki “kas” da ucaboylu, uzunboylu deməkdir. Əlbəttə ki, kas ərlər də müasir Azərbaycan xalqının etnogenezinin formalaşmasında iştirak etmiş türk tayfalarından biridir.
- V.Jirinovskinin Rus xalqının mənşəyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibətiniz necədir?
- Məsələ ondadır ki, Jirinovski azərbaycanlılarla bərabər, Rus xalqının adının mənşəyi ilə bağlı da düzgün fikir səsləndirmir. Jirinovski rus xalqını Ros çayının ətrafında formalaşan bir etnik qrup kimi qeyd edir və bildirir ki, onlar adlarını Ros çayından alıb, sonradan isə bu rus kimi tələffüz edilib. Bu tamamilə elmi əsasları olmayan bir fikirdir. Rus xalqı öz adını vikinqlərin “rus” sözündən alıb. Çünki ukraynalıların və azərbaycanlıların ortaq əcdadları hesab edilə biləcək vikinqlər Kiyevə gələrək orada mərkəzləşmiş dövlət qurarkən rus sözünü də özlərini ilə şimaldan gətiriblər. Rus sözü vikinqlərin dilində avarçəkən deməkdir. Çünki vikinqlər Kiyevə çaylarda hərəkət edən yüngül qayıqlarla Dnepr çayı vasitəsilə gəlib çıxmışdılar və bu adı da özləri ilə bərabər gətirmişdilər. Ona görə də, rusların iddia etdiyi kimi, Kiyev Rus dövlətinin indiki slavyan-rus xalqı ilə heç bir əlaqəsi yoxdur. O zaman ruslar Slavyan tayfa ittifaqının tərkibində Novqorod meşələrində yaşayırdılar. Kiyev Rus dövləti isə vikinqlərlə qıpçaqların ittifaqından yaranan bir türk dövləti idi, sonra isə ruslar bu adı məmimsədilər, daha doğrusu, ətrafda sayları getdikcə artan müxtəlif slavyan etnosları bu ad ətrafında birləşdilər və Kiyev Rus dövləti, yəni qıpçaq-vikinq ittifaqından yaranan dövlət çökdükdən sonra vikinq dilində avarçəkən mənasını verən bu adı mənimsəmiş bir xalq – rus xalqı meydana çıxdı. Çox maraqlıdır ki, bu gün rusların canlı dilində də bu söz eyni semantik mənada qalır. Məsələn, ruslar yelkənə “parus” deyirlər. Rus sözünün kökü ilə ən dürüst səsləşən söz budur. Ona görə də, Jirinovski Azərbaycan xalqının adının mənşəyi ilə bağlı olduğu kimi, rus xalqının adının etimoloji izahında da yanlışlıqlara yol verir.
- Bəs Ukrayna nə deməkdir?
- Ukrayna sözünün etimoloji mənasını izah edərkən Jirovski yenə də yanlış nəticəyə gəlir. O, Ukrayna sözünü Rusiyadan kənarda əyalətlərdə yaşayanlara “kənar tərəfdə yaşayan” mənasını verən ukrainlər kimi izah edir. Əslində, bu da tam olaraq belə deyil. Çünki ruslar Ukraynanı işğal etdikdən sonra oraya Ukrayna deyil, Malorusiya deyirdilər. Köhnə imperiyanın ərazisi isə Velikorusiya – Böyük Rusiya adlandırılırdı. Diqqət yetirsək görərik ki, Yekaterinanın və digər rus çarlarının fərmanlarında da Ukrayna məhz Malorusiya kimi təqdim və tələffüz edilir.
Bəs necə oldu ki, sonrakı mərhələdə Malorusiya Ukrayna kimi yazılmağa başlandı? Burada belə bir incə həqiqət var ki, Ukrayna sözü əslində, “Kiyev” sözünün hərfi tərcüməsindən meydana gəlib. Çünki Kiyev sözü “kıyı” və “ev” sözlərinin birləşməsindən əmələ gəlib, hər ikisi türkcədir, kıyı sahil, ucqar deməkdir, ev isə elə bizim bildiyimiz mənada ev deməkdir. “Kıyı ev” qıpçaqların Dəşt-i qıpçağın ən ucqar sahilində olan evləri, məskənləri deməkdir. Sonrakı mərhələlərdə ruslar məhz bu kıyı ev sözünü slavyan dilinə tərcümə edərək “a kraina” kimi tələffüz etməyə başladılar və Ukrayna sözü bu cür meydana gəldi. Bunu sübut edən ən bariz nümunə isə bu gün Ukraynanın gerbində bir qopuz və qarşı-qarşıya qoyulan iki bıçağın bu qopuzu müdafiə etməsi simvoludur. Çünki qıpçaq sözü çox hallarda iki bıçaq kimi tələffüz olunur. Doğrudan da, Ukraynanın gerbində iki bıçaq var, ortada isə türk, qıpçaq mənəviyatının qoruyucusu olan, qıpçaq milli-etnik identikliyini, sosial kimliyini, mənəviyyatını formalaşdıran qopuz bu gün də Ukrayna gerbinin ortasında olmaqla öz tarixi missiyasını hələ də davam etdirir. Tarixi faktlar da dediyimiz fikirləri təsdiq edir. Ona görə də hesab edirəm ki, Vladimir Volfoviç müxtəlif xalqların mənşəyi ilə bağlı fikirlərini səsləndirən zaman daha diqqətli olmalı, tarixi mənbələrə və qaynaqlara əsaslanmalıdır.
Modern.az