Modern.az

Zakir Qaralov 11 prokurorluq işçisini cəzalandırıb - Baş Prokurorluqda əməliyyat müşavirəsi

Zakir Qaralov 11 prokurorluq işçisini cəzalandırıb - Baş Prokurorluqda əməliyyat müşavirəsi

31 İyul 2014, 21:51

İyulun 31-də Baş Prokurorluqda 2014-cü ilin birinci yarımilinin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, əməliyyat müşavirəsində məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, 2014-cü ilin birinci yarımili ərzində əvvəlki illərdə olduğu kimi, qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması və onları törətmiş şəxslərin müəyyən olunub məsuliyyətə cəlb edilməsi istiqamətlərində zəruri tədbirlər həyata keçirilib. Prokurorluğun digər hüquq mühafizə orqanlarının əməliyyat qurumları ilə həyata keçirdiyi əlaqəli işinin nəticəsidir ki, hesabat dövründə qeydə alınmış 95 qəsdən adam öldürmə cinayətinin (2013-ci ilin müvafiq dövründə 106 hadisə) 84-nün, o cümlədən qeyri-aşkarlıq şəraitində törədilmiş qəsdən adam öldürmə cinayətlərindən 19-nun isti izlərlə açılması təmin olunub.

Həyata keçirilmiş çoxsaylı istintaq-əməliyyat tədbirlərinə baxmayaraq hesabat dövründə 11 qəsdən adam öldürmə cinayətinin, o cümlədən Bakı şəhərinin Suraxanı rayonunda, Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərində, habelə İmişli, Neftçala, Tərtər, Qax, Salyan, Xaçmaz və Xızı rayonlarının hər birində 1 belə cinayətin bağlı qalması həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirlərinin ciddi nöqsanı kimi dəyərləndirilib. Baş Prokurorluğun əlaqədar struktur qurumlarına baş vermə müddətindən asılı olmayaraq əvvəlki illərdə törədilməklə bağlı qalan bütün qəsdən adam öldürmə cinayətlərinin açılması üçün zəruri tədbirlərin görülməsi, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış işlərinin real vəziyyətinin öyrənilməsi yolu ilə onların intensivliyinin artırılması, səlahiyyət dairəsində olan bütün imkanlardan istifadə olunmaqla təqsirkar şəxslərin müəyyən olunmasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Əməliyyat müşavirəsində qeyd edilib ki, 2014-cü ilin birinci yarımilində istintaq fəaliyyətini həyata keçirən prokurorluq, Daxili İşlər, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Sərhəd Xidmətinin istintaq qurumları tərəfindən 7.135 (2013-cü ilin müvafiq dövründə 6.538) cinayət işinin istintaqı yekunlaşdırılmaqla, 6.330 iş aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib, müddət pozuntusu ilə istintaq olunma 9,6 faizə enib (2013-cü ilin birinci yarımilində 10,8 %).

Hesabat dövründə prokurorluq orqanları üzrə istintaqı tamamlanmış işlər üzrə vurulmuş ziyanın 6 milyon 484 min manatının və ya 39,3 faizinin, Daxili İşlər orqanları üzrə isə 6 milyon 600 min manatının və ya 71,2 fazinin ödətdirilməsi təmin edilib.

İbtidai araşdırmaya prosessual rəhbərliyin və istintaq üzərində prokuror nəzarətinin gücləndirilməsinə yönəldilmiş tədbirlərin nəticəsi olaraq, hesabat dövründə 173 cinayət işinin icraatına xitam verilməsi və 449 iş üzrə icraatın dayandırılması barədə qanunsuz və əsassız qərarlar ləğv edilib, bu fəaliyyət sahəsi üzrə movcud olan qanunsuzluq hallarının aradan qaldırılması və pozuntulara yol vermiş əməkdaşların cəzalandırılması məqsədi ilə 398 təqdimat verilib.

Müşavirədə mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürü kimi korrupsiyaya qarşı mübarizədən də danışılıb. Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə  Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 2.864 müraciət daxil olub. Əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində daxil olmuş müraciətlərin əksəriyyətinin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib.

Müşavirədə Baş Prokurorluğun əlaqədar struktur qurumlarına, ilk növbədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, bu neqativ təzahürlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.

Hesabat dövründə xidməti, icra və əmək intizamının pozuntusu halları ilə bağlı 11 (2013-cü ilin müvafiq dövründə 17) əməkdaş şiddətli töhmət, töhmət və irad növündə intizam məsuliyyətinə cəlb edilib. Baş Prokurorluğun Təşkilat-analitik və Kadrlar idarələri, habelə bütün struktur qurumların rəhbərlərindən tələb edilib ki, bundan sonra da əməkdaşların fəaliyyətlərində aşkara çıxarılan neqativ təzahürlərə qarşı barışmaz mübarizə xətti qətiyyətlə davam etdirilsin, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi məsələlərində prinsipiallıq daha da artırılsın.

Baş prokurorun hesabat məruzəsində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil və ciddi tənqid olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması üçün konkret tapşırıqlar verilib.

Xüsusi qeyd edilib ki, prokurorluq orqanlarında informasiya kommunikasiya texnologiyalarının, o cümlədən “Elektron Sənəd Dövriyyəsi” və “Elektron Cinayət” İnformasiya proqramlarının tam fəaliyyət göstərməsi, bu sahədə həyata keçirilən işin səmərəliliyinin artırılması təmin olunsun.

Müşavirədə həmçinin, yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında, açılması təmin edilməmiş ölümlə nəticələnən bu kateqoriyadan olan cinayətlərlə bağlı istintaq hərəkətlərinin və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində qanunların icrasına nəzarətin gücləndirilməsi, aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması, eləcə də yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə profilaktiki tədbirlərin görülməsinə dair konkret göstərişlər verilib.

Xüsusi göstəriş verildi ki, Baş Prokurorluğun müvafiq qurumları qaz təchizatı sahəsində fəaliyyət göstərən və bu sahəyə dövlət nəzarətini həyata keçirən müvafiq icra strukturları və dövlət təsisatları ilə əlaqəli şəkildə, insanların ölümünə və yaralanmasına, ölkə iqtisadiyyatına külli miqdarda ziyan dəyməsinə səbəb olan qaz partlayışları və dəm qazından zəhərlənmə faktları üzrə istintaq olunmuş cinayət işlərini ümumiləşdirib hadisələrin baş vermə səbəbləri müəyyənləşdirilməklə, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə konkret tədbirlərin görülməsi təmin edilsin.

Müşavirədə 2014-cü ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizənin, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili, cinayət təqibi çərçivəsində insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələri barədə Baş prokurorun birinci müavini Rüstəm Usubovun, Baş Prokurorluğun 2014-cü il iş planının icrası və ikinci yarımilin iş planı barədə Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanovun, prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr barədə Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynovun məlumatları dinlənilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza