“Bu cür hadisələr spontan olaraq baş verir və münaqişə zonalarında belə hadisələrin olması gözləniləndir. Ona görə belə hadisələr olanda mətbuat dərhal bunu oxucuya çatdırmaq barəsində düşünməklə bərabər, eyni zamanda məlumatların bir az daha çox aydınlaşmasını gözləmək lazımdır. Çünki adətən, ilk gələn məlumatlar təzadlı olur. Bu isə o demək deyil ki, məlumat verilməsin. Media məlumat verə bilər ki, cəbhədə belə bir toqquşma olub, məsələn insan itkiləri var, amma dərhal dəqiq bir say göstərmək və yaxud ad göstərmək doğru deyil”.
Bunu Modern.az-a açıqlamasında Mətbuat Şurasının Beynəlxalq əlaqələr komissiyasının sədri, deputat Cavanşir Feyziyev deyib.
Qeyd edək ki, bu gün Azərbaycan ordusu 8 əsgərini itirib. Bu hadisə barədə ilkin məlumatlar mediada təzadla yer alıb. C. Feyziyevin sözlərinə görə, aktivlik dəqiqləşdirmənin önünə keçməməlidir:
“Hətta xarici mətbuatda, televiziyalarda görürsüz ki, müharibə, münaqişə zonalarında gedən hadisələri işıqlandıranda orada həlak olmuş insanların da cəsədini göstərmirlər və hələ adları açıqlamırlar. Çünki bu, ilkin xəbərdir. İlkin xəbər yoxlanmalı, ona məsul olan idarə, təşkilatlar tərəfindən təsdiqlənməlidir. İndiki halda Müdafiə Nazirliyi şəxslərin adını açıqlamayana qədər mətbuatın onu açıqlaması etik cəhətdən düz deyil. Kiminsə adını səhvən həlak olanların siyahısında yaza bilərlər ki, (bu günlərdə baş verən kimi) kiminsə adlarını dəyişik yaza bilərlər və bu həm həmin adamın ailəsi, həm də həmin adamın özü üçün böyük mənəvi zərbədir. Buna görə də mən istəyərdim ki, media nümayəndələri belə hadisələrdə aktiv olsunlar, hadisələr barədə məlumat versinlər, amma dəqiqləşdirmə məsələlərinə Müdafiə Nazirliyi ilə sıx əlaqədə işləyərək diqqət yetirsinlər”.
Misranə Həsənzadə