Modern.az

Dilçi-alim: “Digər türkdilli ölkələrin orfoqrafiya lüğəti bizimkindən üç dəfə qalındır” - MÜSAHİBƏ

Dilçi-alim: “Digər türkdilli ölkələrin orfoqrafiya lüğəti bizimkindən üç dəfə qalındır” - MÜSAHİBƏ

1 Avqust 2014, 17:42

Bu gün Azərbaycan dili və əlifbası günüdür. Modern.az saytı Nəsimi adına Dilçilik İnstitutun terminologiya şöbəsinin müdiri, Dövlət Terminologiya Komitəsinin sədr müavini, filologiya elmlər doktoru Sayalı Sadıqova ilə hazırda dilçilik elmi və ümumilikdə ana dilimiz bir çox problemlər haqda söhbət edib.

– Dilçilik İnstitutunda xeyli sayda lazımı şöbələr fəaliyyət göstərsə də, bu sahədə problemlər azalmaq bilmir. İzahlı orfoqrafiya lüğətindən tutmuş, morfologiya, leksika, sintaksis, terminologiya sahəsindəki çatışmazlıqlar və köhnə dərsliklərdən istifadə gələcək dilçilər üçün bir o qədər də məxəz rolunu oynaya bilmir. Təkcə bircə faktı deyim ki, izahlı orfoqrafiya lüğəti 9 il sonra yenilənib.

– İlk orfoqrafiya lüğəti 2004, sonuncu orfoqrafiya lüğəti 2013-cü ildə nəşr olunub. İldən-ilə dilə yeni sözlər daxil olunduğundan birinci ilə ikinci arasında zaman məsafəsi bir qədər çox görünür. Prezidentin sərəncamında isə hər beş ildən bir orfoqrafiya lüğətinin yenidən nəşr olunması göstərilir. Hazırda orfoqrafiya lüğətimizdə 105 mindən çox söz var, onların da çoxu ümumişlək sözlər bəziləri isə dilə yenicə daxil olan sözlərdir.  

– Bir mütəxəssis kimi o lüğətdə hansı çatışmazlıqları gördünüz?

– Orfoqrafiya lüğəti normal hazırlanıb. Dilin qayda qanunları burada özünü normal şəkildə əks etdirib. Təbii ki,  son nəşr olunan orfoqrafiya lüğətində bir sıra dəyişikliklər var. O dəyişikliklər sözlərin yazılışında da özünü göstərir. Məsələn, əvvəlki lüğətdə “şeir”, “feil” yazılırdısa ikincidə o sözlər “şer”, “fel” kimi yazılmağa başlandı. Təbii ki, düzəlişlər çoxdur və orfoqrafiya lüğəti təkmilləşə-təkmilləşə gedir. Bəzi yeni sözlərin yazılışında da dəyişikliklər olub. Məsələn, “kompüter” sözündə əvvəl rus dilindən keçdiyinə görə “u” hərfindən istifadə edirdik. Amma indi həmin sözün orijinal versiyasına çıxışımız olduğu üçün ilkin versiyasını yazırıq. Təbii ki, “ü” hərfindən istifadə edilir.

Dilçilik İnstitutunun rəhbərlik etdiyim terminologiya şöbəsində “Yeni sözlər” lüğəti hazırlanır. Həmin sözlər də sonradan orfoqrafiya lüğətinə daxil ediləcək.

Beş ildən bir orfoqrafiya lüğətinin yenidən nəşr olunması vacib sayılmalıdır. Dilimizə ildən ilə yeni sözlər daxil olur. Onların düzgün yazılış qaydalarını tərtib etmək çox vacibdir.

– Morfologiya, leksika, sintaksisə aid yazılan dərsliklər sovet dövrünün məhsulları olmasına baxmayaraq, bu gün tələbələrə tədris olunur. Olmazmı ki, bu gün öz dil dərslikləri yarana idi?

– Dilin qrammatikası əslində dəyişmir. Əsrlərlə ədəbi dil normaları dəyişmir. Qrammatikanın ömrü uzun müddətlidir. Fonetika ilə bağlı ilk araşdırmaları Dəmirçizadə aparıb, sonra Ağamusa Axundov bu araşdırmaları davam etdirdi. Bu tədqiqatlar olduqca sanballı tədqiqatlardır. Muxtar Hüseynzadə də Azərbaycan dilində səslərin sayı onların orfoepik qaydaları,  tələffüzünü və s. hamısı artıq müəyyənləşdirilib. Bu qaydaları dəyişdirmək mümkün deyil. Bunlar artıq formalaşmış prinsiplərdir. Həmçinin eyni sözlər leksika sahəsinə də aiddir. Leksika sahəsində aparılan tədqiqatlar artıq bu gün üçün də formalaşmış sayılıb. Şəkilçilər yenə həmin şəkilçilərdir. Hər il yeni kitab nəşr etməklə şəkilçilərin sayı artıb-azalmayacaq ki... Tarixən də işlənib elə indi də işlənir. Yeni kitablar çıxır, amma əvvəlki qrammatik normalar qorunub saxlanılır.

Bəs dilçi alimin dil hadisəsinə özünün orijinal baxışı olmur?

– İndiki kitablarda elə əvvəlkin qrammatik normalar qorunub saxlanılır. Kimsə özündən yeni şəkilçi yarada bilməz. Amma dərsliklər yazılarkən hər müəllifin öz yanaşması , mövzuya baxışı olur. Məsələn, tabeli mürəkkəb cümlələri bir müəllif başqa yanaşmadan şərh də bilər başqası tamam ayrı rakursdan izah edər. Amma ən son halda bütün elmi təsdiqini tapdıqdan sonra orta və ali məktəb dərsliklərinə salınır.

– Azərbaycan dilçiliyi bu gün əsasən hansı problemlərlə “döyüşür”?

– Terminologiya Komitəsinin sədr müavini kimi deyə bilərəm ki, dilçilikdə ən böyük problem terminologiya sahəsində yaşanır. Müzakirələrdən sonra 90-dək terminoloji lüğət hazırlanıb. Amma bu gün bir çox sahələrdə terminoloji lüğətlərin hazırlanmasına ehtiyac var. Elə sahələr var ki, onun Azərbaycanda terminoloji lüğəti yoxdur. Məsələn,  sosiologiya, psixologiya sahələrinə aid terminoloji lüğətlərimiz ümumiyyətlə yoxdur. Son zamanların ən çox inkişaf etmiş elm sahəsi sözsüz ki, informatikadır. Amma bu sahənin terminoloji lüğəti hazırlansa da xeyli inkişaf eləməlidir.  Dövrün ən çox inkişaf edən sahələrindən biri də aviasiyadır. Bu gün aviasiyaya aid 1100 səhifədən ibarət olan iki cildlik lüğət hazırlamaq istəyirik. Şəxsən mənim öz istəyimdir ki, bizdə fizika terminləri lüğəti də olsun. Riyaziyyatla bağlı lüğətin olmaması da yaxşı hal deyil. Yeni sözlər o lüğətlərdə olandan sonra dilimizin orfoqrafiyasına da daxil edilsin.

– Dilimiz nə dərəcədə zəngindir? Orfoqrafiya lüğətindəki rəqəm niyə artmır?

– Keçən il Astanada türkdilli ölkələrin konfransında olarkən bizim üçün o qədər də xoş  olmayan bir hadisənin şahidi oldum. Başqa türkdilli ölkələr özlərinin yeddi, on iki cildlik lüğətlərini ortaya qoyarkən biz yalnız dörd cildlik lüğətimizi təqdim etməli olduq. Halbuki bizim dilimiz həddindən artıq zəngindir. Dilimizdə o qədər sözlər var ki, hələ tərtib olunan 90 terminoloji lüğətdən bəzi sözləri orfoqrafiya lüğətinə daxil etsək, on iki cildlik lüğətimiz olar.

– Media dilin qorunması və inkişafı üçün nə etməlidir?

– Təbii ki, media mətbuat dilin əsas tətbiq olunma laboratoriyasıdır. O dilin inkişafı və qorunması üçün çox iş görə bilər. Sözlər ilk dəfə mediada öz əksini tapır. Media da o sözlərin düzgün yazılışını və izahını yazmalıdır. Məsələn, ilk mətbu orqan olan “Əkinçi” qəzeti yeni sözləri ilk dəfə yazdığı üçün mötərizədə onların izahını da verirdi. “Əkinçi”nin dövründə qarğıdalıya hamı “peyğəmbəri” deyirdi. Qəzetdə yeni söz olan qarğıdalını yazanda yanında mötərizə açıb “peyğəmbəri” də yazırdılar. Bununla da adamlarda sual qalmırdı.

– Bəs mətbuatın dilə vurduğu zərbələr hansıdır?

– Son dövrlərdə mətbuatda o qədər alınma sözlər işlədilir ki... Halbuki onların az qala hamısının dilimizdə qarşılığı var. Hara baxırsan yazırlar ki, investisiya, nə bilim nə. Halbuki dilimizdə uzun müddət “sərmayə” sözü işlədilib və bu gün də işlənməkdədir. Məhz bunlara görə də dilin saflığı qorunmur.

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi