Avqustun ilk səhərindən müharibə qoxusu gəldi. Cəbhədən yayılan xəbərlər güllə kimi yağdı üstümüzə. Şəhid olan Azərbaycan balaları gündəmin baş mövzusuna çevrildi. Müzakirələr, rəylər, fikirlər bir-birini əvəzlədi. İctimaiyyətin qınaq mövzusu ikinci cəbhəni açdı.
Televiziyalar, şou əhli, müğənnilər etiraflarda, üzrxahlıqlarda bulundular. Tədbirlərini, proqramlarını təxirə salanlar da oldu.
Barıt qoxusundan, şəhid ətrindən bixəbərlər yenə də həmişə olduğu kimi papaqlarından və yaylıqlarından başqa alt paltarlarını, üst paltarlarını sosial şəbəkələrdə geninə-boluna paylaşdılar. Daha doğrusu özlərini bixəbər aparanlar. Əgər qulağının dibində bomba partlayırsa və sən onu eşitmirsənsə deməli sənin fiziki qüsurun var. Əgər eşidib fərqinə varmırsansa demək ən azı mənəviyyatın şikəstdir. Belə şikəstləri qınaq hədəfinə çevirmək də mənasızdır. Çünki belələri dəfələrlə qınaq obyektinə çevrilsə də, kiçik bir müddətdən sonra elə bizlər tərəfindən məclislərin baş tərəfində əyləşdirilib, efirlərdə mənəviyyat mövzulu verilişlərin qəhrəmanına çevrilib. Belələri cəbhədən çox-çox uzaqlarda beş-on kamera ilə birlikdə əsgərlərin qarşısında şıxış edib efirlərdə bunu günlərlə başımıza qaxanc ediblər.
Dünyanın ən böyük savaşlarından biri sayılan Böyük Vətən müharibəsində incəsənət nümayəndələri birbaşa cəbhə xəttində 470 min dəfə konsert proqramı ilə çıxış ediblər. Bu konsertlər top, güllə, mərmi altında keçib. Bu tədbirlərin bir çoxu döyüş əməliyyatlarına 5-10 dəqiqə qalmışa qədər davam edib. Cəbhələrdə konsertlərin təşkili üçün heç bir rəsmi göstəriş olmayıb. Nə Müdafiə Komitəsinin sədri Stalin, nə də komitənin üzvləri bununla bağlı heç bir əmrə imza atmayıblar. Təbii ki, böyük tədbirlər istisna olmaq şərtilə. Digər bir tərəfdən 470 min cəbhə konsertlərinin rəsmiləşdirilməsi kargüzarlıq tərəfindən mümkünsüz olub. Ən başlıcası isə yüz minlərlə keçirilən belə tədbirlərin heç 10 faizi belə həmin dövrün kütləvi informasiya vasitələrində öz əksini tapmayıb. Buna ehtiyac da duyulmayıb. Çünki indi bəzilərinin ironiya ilə yanaşdığı “Hər şey Qələbə üçün” şüarı insanların, o cümlədən öz fəaliyyətlərinin cəbhə və döyüşçülər üçün vacibliyini dərk edən incəsənət nümayəndələrinin içindən gəlib.
Şəhidlik zirvədir, şəhidlik millətin qəhrəmanlıq göstəricisidir, xalqın güvəncidir, qürur yeridir. Şəhidlik tarixin qan yazısıdır. Müharibə şəhidsiz, itkisiz olmur.
Üstündə gəzdiyin torpağı qorumaq qurbansız ötüşmür. Bu heç birimizdən asılı olmayan müharibə qanunlarıdır.
Xalq öz şəhidlərini qanında, canında, varlığında, tarixində yaşadacaq. Ancaq ən böyük dərd odur ki, oğul itirən şəhid anası bir daha oğul doğa bilməyəcək. Oğulsuz qalan anaların qarşısında baş əyirəm...
İlham Cəmiloğlu