Modern.az

Media eksperti: “Jurnalistikada qabiliyyət imtahanı ləğv olunmalıdır”

Media eksperti: “Jurnalistikada qabiliyyət imtahanı ləğv olunmalıdır”

Təhsil

2 Avqust 2014, 11:06


“Jurnalistika fakültəsinə qəbul üçün qabiliyyət imtahanının tətbiq olunması ilə bağlı qərar qəbul edilən zaman bunun çox sərt bir addım olduğunu demişdim. Çünki universitet özü peşə öyrədilən yerdir. Həkimliyi bilib sonra gedib həkim olunmur, yəni həkimliyi gedib Tibb Universitetində öyrənirsən. Hüquqşünas əvvəl hüquqşünas olub, sonra gedib oxumur. Öncə gedib imtahan verirsən, sonra hüquqşünas olursan. Jurnalistika da elədir”. Bunu Modern.az-a açıqlamasında hüquqşünas, media məsələləri üzrə ekspert Ələsgər Məmmədli deyib.

Qeyd edək ki, dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyul ayının 31-də 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanının nəticələrini açıqlayıb. Nəticələrə görə, imtahanda iştirak etmək hüququ qazanmış 441 abituriyentdən 315 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 126 abituriyentdən 51 nəfəri məqbul qiymət alıb.

Onlardan 45 nəfəri Azərbaycan, 6 nəfəri isə rus bölməsinin abituriyentləridir. Ekspertin sözlərinə görə, qabiliyyət imtahanının tətbiqi jurnalistikanın gələcək inkişafı üçün mənfi bir addımdır: “Jurnalistika peşədir. Bu peşə ilə məşğul olmaq istəyənləri ayrı-seçkilik edərək ikiqat imtahana salmaq çox ciddi yanlışdır. Bu hər-hansı bir şeir yazmaq deyil ki, fitri istedad olsun. Müəllim inşa yazmağı öyrəndiyi kimi jurnalist də peşə etikasına uyğun şəkildə yazını hazırlamağı öyrənəcək. Ona görə bu imtahanın başından təsdiq olunması ciddi ayrı-seçkilik və konstitusiyanın 25-ci maddəsinə də zidd idi. Və mən bununla bağlı mediada öz fikrimi bildirmişdim. Bu gün də nəticə göstərir ki, bəli, jurnalistika fakültələri boş qalacaq. İndiki halda cəmisi 51 nəfər gələcəkdə jurnalistika təhsili almaq şansı əldə edib. Düşünürəm ki, bu əlbəttə, Azərbaycanın xüsusilə, ifadə azadlığına və jurnalistikanın inkişafı baxımından gələcəyinə yönəlik mənfi bir addımdır. Bir an öncə bu səhvdən dönülməlidir və qabiliyyət imtahanı məsələsini ortadan qaldırmaq lazımdır”.  

Misranə Həsənzadə

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza