“Seyid Lazım Ağanın Qafar Bağırov adında yaxın adamı yoxdur. Ümumiyyətlə, o məsələ ailəmizə aid deyil”. Bunu Modern.az-a açıqlamasında Ağdamda tanınmış seyidlərindən olan Seyid Lazım Ağanın nəvəsi Seyid Yusif Ağa mətbuatda yayılmış xəbərlərə münasibət bildirərkən deyib.
Qeyd edək ki, insan alverində ittiham edilərək həbs edilən və Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 4 il azadlıqdan mərhum edilən Qafur Bağırov məhkəmə istintaqı zamanı deyib ki, Qarabağın tanınmış Seyid ocaqlarından olan Seyid Lazım Ağanın nəvəsidir.
Seyid Yusifin sözlərinə görə, mətbuatda yazılan xəbərlər yanlışdır.
“Guya Seyid Lazım Ağanın nəvəsi qadınları Dubaya iş adı ilə aparıb və cinsi istismara məruz qoyub. Öncə deyim ki, həmin məlumatlar yoxlanmamış, dəqiqləşdirilməmiş məlumatlardır. Bizim ailədən heç kim həbs olunmayıb. Bizim soyadımız Əliyevdir. Qafar Bağırov adlı heç kimimiz yoxdur. Ona görə də Ağdam rayon İcra Hakimiyyətindən o adamın kim olduğunu dəqiqləşdirməyə çalışıram. Ailəmizə qarşı bu cür ədalətsizliyi edən insanın kimliyindən xəbərsizik. Mən məhkəməyə müraciət edəcəyəm. Təəssüf ki, bizim jurnalistlər, saytlar kim nə yalan söyləyir dəqiqləşdirmədən dərhal tirajlayır”.
Namidə BİNGÖL