Modern.az

Müxalifət partiyalarından hansılar şəhidlərin dəfnində iştirak edib? - AÇIQLAMALAR

Müxalifət partiyalarından hansılar şəhidlərin dəfnində iştirak edib? - AÇIQLAMALAR

Təhsil

2 Avqust 2014, 14:06

Partiya sədri: “Mən kiməm ki müharibədə iştirak edənlərin ailəsi ilə maraqlanım?”


Cəbhə bölgəsindən gələn xəbərlər cəmiyyəti sarsıdıb. Bu ağır günlərdə siyasi partiyalar, millət vəkillərindən kimlər şəhidlərin ailələrinə başsağlığı verib, həlak olanların dəfnində iştirak edib?

Modern.az saytı bir sıra tanınmış siyasi simalar arasında sorğu keçirib.

Müsavat Partiyası başqanın müavini Gülağa Aslanlı: “Şəhidlərimiz müxtəlif bölgələrdə dəfn olunub. Həmin yerlərin rayon təşkilatının rəhbərləri ilə şəxsən özüm danışıb göstəriş vermişəm ki, dəfn mərasimində iştirak etsinlər. Ən azı bilirəm ki, Masallıdakı dəfndə müsavatçılar iştirak edib. Digər bölgələrdəki dəfnlərdə də rayon şöbələrinin rəhbərləri iştirak etmək istəklərini bildiriblər. Mümkün qədər şəhid ailələrinə yardım etməyə də hazırıq”.

AMİP sədri Yusif Bağırzadə:  “Partiyanın nümayəndələri, o cümlədən özüm də şəhidlərin dəfn mərasimində iştirak etmişəm. Baş verənlər göstərdi ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti sıfıra bərabərdir. Bildiyiniz kimi, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, birbaşa Rusiya silahları ilə təchiz olunub. Cəbhədə bir güllə belə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının icazəsi olmadan atıla bilməz. Rusiyaya qarşı Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar, “Cənub” axını deyilən layihəyə ciddi yanaşılmaması bu nəticələri törətdi. Bu, bir növ Azərbaycana qarşı təzyiqin modelidir. Ancaq tamamilə yersizdir. Çünki Azərbaycan ordusunda ciddi islahatlar gedir. Biz Qarabağətrafı ərazilərimizi azad etməliyik. Bu gün münaqişə zonası olan Ağdam sərhəddi Dağlıq Qarabağa doğru çəkilməlidir. Atlantik məkana inteqrasiyamızı daha da intensivləşdirməliyik. ABŞ bizi dəstəkləməlidir. Ölənlərə baş sağlığı verirəm. Düşünürəm ki, şəhidlərə matəm saxlamaq yox, onların yerdə qalan qanını almaq lazımdır. Hər bir döyüşçümüz qisas ruhuyla yaşamalıdır”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı: “Partiya üzvlərimizdən kimin hansı dəfn mərasimində iştirak etməsi barədə dəqiq məlumatım yoxdur. Amma bilirəm ki, iştirak edənlər olub. Şəhid ailələrinə dərin hüznlə başsağlığı verirəm”.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa: “Ailələri ilə əlaqə saxlamamışam. Həm də şəhidlərimiz hamısı eyni məkanda dəfn olunmadığı və əvvəlcədən onların harada dəfn olunacağı barədə məlumat verilmədiyi üçün hüzr mərasimində iştirak edə bilməmişəm. Şəhidlər xiyabanında dəfn olunsaydılar, orada iştirak etmək istəyənlər rahatlıqla bunu edə bilərdilər. Amma Müdafiə Nazirliyi bu işi koordinasiya etmədi, şəhidlərin harada dəfn olunacağı barədə məlumat yaymadı. Həmin qurumdan fərdi qaydada informasiya almaq imkanına malik deyilik. Ən azı bölüşüb hərə bir şəhidin dəfnində iştirak edə bilərdik”.

Ədalət Partiyasının sədri İlyas İsmayılov: “Mən kimin ailəsi ilə əlaqə saxlamalıyam? Mən kiməm ki müharibədə iştirak edənlərin ailəsi ilə maraqlanım. Azərbaycanlı kimi təəssüf edirəm ki, bu qədər insan tələf oldu. Hesab edirəm ki, torpaqlarımızı qaytarmalıyıq. Müharibədir, ölən də olacaq, yaralanan da. Bundan hay-küy qaldırmağa ehtiyac yoxdur”.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının təmsilçiləri şəhid ailələrinə artıq baş çəkib və dəfn mərasimlərində iştirak edib.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza