Modern.az

“Sensasiyalı kitablar” - Mirzə İbrahimov və Səməd Vurğunun Heydər Hüseynova xəyanəti

“Sensasiyalı kitablar” - Mirzə İbrahimov və Səməd Vurğunun Heydər Hüseynova xəyanəti

2 Avqust 2014, 14:23


Heydər Hüseynov Azərbaycan elm tarixində alim şərəfini qoruyaraq onun yolunda intihar edə bilən hələlik yeganə şəxsdir. Cəmi 40 yaşını yenicə haqlamasına baxmayaraq, elm xadimi kimi çoxlarının çata bilmədiyi nailiyyətlərə yiyələnməsi, gənc olmasına rəğmən Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə yüksəlməsi yaxın ətrafı arasında ona qarşı məkrlərlə nəticələndi.  Bu məkr özünün həyata keçmə fürsətini çox gözləmədi. Son olaraq yazdığı “XIX əsr Azərbaycan fəlsəfi və ictimai-siyasi fikir tarixi haqqında” fundamental monoqrafiyası onun şah əsəri olsa da ölümünün də səbəbkarı oldu.

Beləliklə, Modern.az yeni start verdiyi “Sensasiyalı kitablar” rubrikasında ilk olaraq filosof alim Heydər Hüseynovun “XIX əsr Azərbaycan fəlsəfi və  ictimai-siyasi fikir tarixi haqqında” qalmaqallı əsərini və alimin müəmmalı ölümünün səbəblərini sizlərə çatdıracaq. Bu istiqamətdə bizə tarixçi alim, XIX-XX əsrlər üzrə araşdırmaçı Boran Əziz yardımçı olacaq.  

Bağırovun başının üstündən fırlayan kitab  

Tarixçi B. Əziz əvvəlcə onu qeyd edir ki, əsərin yazıldığı zamanın, eləcə də Heydər Hüseynovun araşdırma apardığı XIX əsrdəki ictimai siyasi məqamları bilmədən bu əsərin sensasiya yaratmağından və alimin özünü nəyə görə öldürməsindən danışmaq düzgün deyil.

Belə ki, XIX əsrdəki çar istilalarını XX əsrin ortalarında sovet tarixçiliyi Mərkəzi Komitənin sifarişi ilə işğal deyil, könüllü birləşmə adlandırmağa başladı. Bu tabunu ilk dəfə pozan isə məhz Heydər Hüseynov oldu.

Qalmaqallı əsər ilk olaraq o vaxtkı rəhbər Mircəfər Bağırovun hədəfinə tuş gəlir. “733 səhifəlik kitaba bir qrup ziyalılar – Mirzə İbrahimov, Səməd Vurğun, Sumbatzadə, Məmməd Arif Dadaşzadə, Mehdi Hüseyn, Möhbalı Qasımov  çap olunandan sonra çox yüksək qiymət verdilər. Azərbaycan Elmlər o, Akademiyasının xətti ilə Stalin mükafatına təqdim olundu. Nəticədə H. Hüseynov bu əsərə görə ikinci dəfə mükafata layiq görüldü. Amma bütün bu işlər Mircəfər Bağırovun başının üstündən görülmüşdü. O da belə şeyləri heç vaxt bağışlamazdı. Özünün rəhbər nüfuzuna təzyiq kimi qəbul edirdi.

Odur ki, Həsən Həsənova adlı bir şəxsə kitabı aşağılamaq üçün məqalə yazmağı tapşırdı. O, Stalin mükafat komissiyasına isə əsərin zəif olması barədə məktub yazdı.  Çox maraqlıdır ki, bu məktuba fikir verilmədi və komissiya Hüseynova ikinci dəfə Stalin mükafatını verdi. Bununla da Heydər Hüseynovun bədbəxtliyi başladı”. Heydər Hüseynova ikinci dəfə yüksək mükafatın verilməsində Səməd Vurğunun da əli olur. O mükafat komissiyasının sədri Fadeyevə kitabın bir nüsxəsini göndərir. Kitab 1950-ci ildə mükafata layiq görüləndən sonra Azərbaycan SSR Mərkəzi Komitəsi Bağırov əməli fəaliyyətə başlayır. Vəziyyət o yerə çatır ki, əsəri tərifləyənlər, hətta onun mükafat almasına yardımçı olan kəslər də sözlərindən dönməli olurlar: “Mircəfər Bağırov çox kəskin şəkildə bunun əleyhinə oldu və əsəri pisləməyə başladı. Xüsusilə də, İsmayıl Hüseynov, Cəfər Cəfərov, Feyzulla Qasımzadə və başqaları vaxtilə bunu tərifləyənlər  onun barəsində mənfi rəylər yazdılar. Mircəfər Bağırovun göstərişindən sonra Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin təbliğat-təşviqat şöbəsi əvvəlcə Moskvaya məktub yazdı. Bağırov Moskvaya gedəndə Stalin  ilə görüşür və əsərin hədsiz dərəcədə zəif olması, partiyanı gözdən salan ideyalar irəli sürülməsi, xalqların dostluğuna ziyan gətirməsi və s. kimi mənfi fikirləri Stalinə bildirir və inandırır ki, bu əsərə verilən mükafatı geri almaq lazımdır. Mərkəzi Komitədə göstəriş verildikdən sonra Cəfər Cəfərov, Feyzulla Qasımov, Mirzə İbrahimov, Səməd Vurğun bir neçə ay əvvəl dediklərinin tamamilə əksini irəli sürdülər. Cəfər Cəfərov deyirdi ki, əsərdə Azərbaycan tarixi üzdən qələmə alınıb. İddia etdilər ki, “Heydər Hüseynov Şamil və müridizm hərəkatının mahiyyətini ideoloji cəhətdən düz anlamayıb. Düz anlamadığına görə də böyük rus xalqının qardaşlıq köməyini düzgün qiymətləndirə bilməyib”. Bütövlükdə, bu o dövrdə ölüm hökmü demək idi. Bununla bağlı Stalin Komitəsinə bu alimlərin məktublarını göndərdilər. Stalin Komitəsi də Heydər Hüseynovun əsərindəki müridizmin hədsiz dərəcədə ziyanlı, irticaçı, mürtəce, burjua millətçiliyinin mövqeyində duran, Türkiyə və onun arxasında dayanan, İngiltərənin mövqeyini müdafiə edən bir əsər kimi tənqid etdi. Komitə də bunu nəzərə aldı və Stalin mükafatını ləğv etdilər“.  

 

“Mirzə İbrahimov Hüseynova dedi ki, sən...”  

Heydər Hüseynov – 42 yaşlı alim həqiqətənmi özünü öldürür, yoxsa bu işdə kimlərinsə əli var?

“Kimisi deyir ki, özü intihar etdi, kimisi də deyir ki, kimsə məqsədli şəkildə öldürdü. Bununla bağlı fakt da yoxdur, nə də mən bununla bağlı ehtimala rast gəlməmişəm. Bakı ziyalılarının konfransı keçirilmişdi. Həmin konfransda adını çəkdiyim ziyalılar da Heydər Hüseynovu yıxıb sürüdülər. Bundan əvvəl də 1950-ci ildə “Pravda” qəzetində Stalin mükafatının verildiyi komissiyada qərar çıxdı ki, artıq Heydər Hüseynovdan mükafat geri alınır. Sonra Mirzə İbrahimov və digər ziyalılar məktub yazdılar ki, biz səhv etmişik. “Şamil hərəkatının belə zərərini dərk etməmişik və buna görə də müdafiə etməkdən imtina edirik. Bundan sonra Heydər Hüseynovun həbs olunmasına dair hazırlıqlar başladı. Mehdi Hüseyn, Məmmədarif Dadaşzadə və başqaları Mirzə İbrahimovu kəskin şəkildə tənqid etdilər. Məmmədarif Dadaşzadə dedi ki, mən əmin oldum ki, sən sovet hökumətinin ən qatı düşmənlərindən birisən və bizim işçilər arasında agentsən.

Mirzə İbrahimova üzünü tutaraq və şəxsiyyətsiz dedi və az qala deyəcəkdi ki, sovet hökumətinin etdikləri sənin burnundan gəlsin. Çünki Heydər Hüseynovu müdafiə etmişdi. Konfransda Səməd Vurğuna da ağır ittihamlar irəli sürdülər. M. Səmədov adlı sonradan Mərkəzi Komitənin katibi olmuş şəxs Mirqasımovun üstünə düşüb onları ikiüzlü, yalançı və s sözlərlə ittiham edib. Dedi ki, onlar hələ də səhvlərinin nə dərəcədə böyük olduğunu anlamayıblar. Səməd Vurğun çıxışında da Heydər Hüseynovu tənqid etdi. Bir qazax şairini misal gətirdi. Dedi ki,  qazax xalqının dirçəlməsində, indiki yüksək mədəniyyətə malik olmasında rus xalqının təmənnasız köməyini geniş şəkildə işıqlandırıb. Azərbaycanda belə ruhda əsər yazılmır. Sonrada dedi ki, niyə Süleyman Rəhimovun, Əli Vəliyevin və digərlərinin belə əsərləri yoxdur? Bir sözlə, ziyalıların görüşündən sonra böyük rus xalqının Azərbaycana təmənnasız yardımı, köməyi, Azərbaycanın ictimai fikrinə hakim olur. Ona görə də o dövrkü səviyyəyə görə ancaq bir millətə borcluyuq. O da rus xalqıdır. Bağırov konfransda Daxili İşlər Komissarlığının (“NKVD”) rəhbəri Yemelyanova göstəriş verir ki, qısa müddət ərzində Azərbaycanda müridizm hərəkatı, cəmiyyətinin düşməni olan, panislamizm mövqeyi olan arayış versin. O, arayış verməzdən əvvəl dedi ki, Azərbaycanda bu hərəkat mövcuddur, bu ingilis türk kəşfiyyatının əlaltıları, agentləri fəaliyyət göstərir. Arayış yazır və orada göstərir ki, 1948-ci ildə Qubadlının Dəmirçilər kəndində də müridizm azarına tutulanlar olub.

Heydər Hüseynov da əsər yazıb bu insanlara kömək edir. Yemelyanov da belə bir arayış yazıb bir növ vəziyyəti bəzəyir. Bundan sonra Heydər Hüseynov əvvəlki titullarından mərhum olunur, vəzifədən çıxarılır.   H. Hüseynovu Azərbaycan SSR Elmlər Akademiyası vitse-prezident vəzifəsindən də çıxarıldı. Hətta Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi “belə zərərli ideyalar yayan” insanın həbsi barəsində qərar çıxarmışdı. H. Hüseynov da Filarmoniyada keçirilən iclasdan sonra vəziyyətin nə yerdə olduğunu anlayırdı. Ona görə də özünü asdı. Çox maraqlıdır, 1941-ci ildə almanlar Moskvaya yaxınlaşanda bir sıra sənaye müəssisələri, zavodlar, fabriklər Moskvadan köçürüldü. O cümlədən SSRİ-nin Tarix İnstitutu da. Qazaxıstanın tarixini də yazdılar. Akademik Pankrakova əsərinə görə Stalin mükafatına təqdim olundu. Amma gözlənilmədən Pankrakova dövlət mükafatı verilmədi. Çünki o, Qazaxıstanın rus imperiyasına birləşdirilməsini işğal kimi qeyd etmişdi“.  

Elmin Nuri

Ulduz İbrahimova

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi