Modern.az

“Qarabağ fotolarda” - Erməni postuna yaxın əsgərləri “silahlandıran” Anar, Fikrət Qoca və Qabil

“Qarabağ  fotolarda” - Erməni postuna yaxın əsgərləri “silahlandıran” Anar, Fikrət Qoca və Qabil

Təhsil

2 Avqust 2014, 15:25


Cəbhə xəttindəki bugünkü vəziyyət ziyalıların da çiyninə vacib missiya qoyur. Doxsanıncı illərin əvvəllərində olduğu kimi, bu gün də ziyalılar, xüsusən də ədəbiyyat və sənət adamları əsgərlərin arasında olub, onlardakı mənəvi-psixoloji boşluğun doldurulmasına can atmalıdır. Modern.az saytının “Qarabağ fotolarda” layihəsinin təqdim etdiyi növbəti foto məhz bu faktı özündə əks etdirir.

Xocavənd rayonunun aşağı hissəsi... Məşhur Haramı adlanan döyüş bölgəsi... Haramı Qarabağ müharibəsində xeyli vəhşətlərin şahidi olub. Bu gün də Azərbaycan əsgərləri orada qulluq etməkdədirlər. Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi xalq yazıçısı Anar, xalq şairləri Fikrət Qoca və Qabil ədəbi qurumun Qarabağ filialının rəhbəri Ənvər Əhmədin dəvəti ilə orada xidmət edən əsgərlərə baş çəkməyə gediblər. Deyilənə görə, təmas nöqtəsində baş tutan bu görüşdə hər an ermənilərin hücumu gözlənilirmiş. Odur ki, oranın tabe olduğu hərbi hissə bir çox təhlükəsizlik tədbirləri də görüb.
Həmin görüşün təşkilatçısı Ənvər Əhməd təəssüratlarını Modern.az-a danışır:

“Yazıçılar Birliyinin rəhbərliyini Anarı,  Fikrət Qocanı,  Qabili  və başqalarını mən Ağdama tez - tez dəvət edirdim. Sağ olsunlar, hər zaman gələrdilər. O şəkil də  Xocavənd rayonundan aşağıda,  Haramıda yerləşən N saylı hərbi hissədə çəkilib. İnanın, ermənilərlə bizim aramızda bir neçə yüz metr məsafə var idi. Bizi iki küçə ayırırdı. Amma biz ora gedib əsgərlərlə görüş keçirtdik. O qədər yüksək səviyyəli görüş keçdi, əsgərlər o qədər ruhlandılar ki, az qala əllərini silaha atıb döyüşə getsinlər. Qabil, Fikrət, mən şeirlər oxuduq. Əsgərlərin çox xoşuna gəldi. Qabilin oxuduğu “Azərbaycan əsgəri” şeiri lap güclü alqışlara səbəb oldu. Anar müəllimin çıxışı da maraqlı oldu. O zaman biz erməniləri görürdük. Aramızda cəmi iki küçə var idi. Ordumuz,  əsgərlər onlarla bizim aramızda qalmışdı. Hər an nəyəsə hazır idilər. Əsgərlər heç bizdən ayrılmaq istəmirdilər”.

Ənvər müəllim yaddaşını bir az da işə salaraq, Ağdamda yaxın zamanda baş vermiş maraqlı bir görüşü də xatırladı. Sən demə, o görüşdən sonra onlar qadağan olunmuş yerləri keçərək maşınla pik nöqtəyə doğru gediblər . Bunun da əsas səbəbkarı yazıçı- millət vəkili Aqil Abbas olub:

“Bir neçə ay bundan əvvəlAnar, Fikrət Qoca, Aqil Abbas, Rəşad Məcid, Xəyal Rza gəlmişdilər. Biz yenə əsgərlərlə görüşdük. Görüşdən sonra hər şeyi unutmuşduq. Düz gedirdik Ağdamın içərilərinə tərəf. “ Dolu” filmində var e, axırda gedirsən sərhədləri keçirsən, biz ondan da o tərəfə getdik. Düz erməninin 300 metrliyinə getdik. Düz dörd tank postunu keçmişdik. Ermənilər bizi görürdülər,  bizimkilər də onları pusurdular ki, nəsə edən kimi cavablarını versinlər. Sonra Ağdama sarı bayraqlarımızı qaldırdıq. İnanıram ki, bu bayraqlar əbədi olaraq oralarda qalxacaq”.

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza