Modern.az

BMT, ATƏT, Qırmızı Xaç Komitəsi niyə beynəlxalq təşkilat adlanır ki?!

BMT, ATƏT, Qırmızı Xaç Komitəsi niyə beynəlxalq təşkilat adlanır ki?!

3 Avqust 2014, 18:34

Namidə BİNGÖL

 

Cəbhədə baş verənlər bir daha onu göstərdi ki, belə itkilərlə hər an qarşılaşa bilərik.

Kağız üzərində möhürlənmiş “Bişkek Protokolu”nun artıq qüvvədən düşmüş kimi göründüyündən əlavə şərhə ehtiyac duymuram. Hərçənd, dünənə qədər mövcud olan atəşkəs sazişi uşaqbaşı aldatmaqdan başqa heç nə deyildi. Həftənin siyasi mənzərəsini təqdim edirəm.

Yola saldığımız həftə ərzində yenə girovlarımızın geri qaytarılması mümkün olmadı. Həftələrdir ermənilər tərəfindən girov götürülən Kəlbəcər sakinləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılması üçün hər kəs əlindən gələni etməyə çalışdı.

Təbii ki, istisnaların mövcudluğuna bu məqamda da rast gəldik. Təəssüf!!! Beynəlxalq təşkilatlar, Qırmızı Xaç Komitəsi  “ağzına su alıb” oturmaqdan başqa bir işə yaramadı.

Bilmirəm, gözləmə mövqeyində biz olmalıyıq, yoxsa, ümidlə baxdığımız beynəlxalq təşkilatlar?!

 İlin 365 günü Avropa, Amerika və Rusiyanın qapısı ağzında “sümük” gəmirən ermənilər deyil?! Yəni bir günlük erməni dığasının qapısını döyməklə qanunları pozduğunu, beynəlxalq hüquqa qarşı kobudluq etdiyini, Cenevrə konvensiyasına arxa çevirdiyini izah etmək ayıbdır?!  Əgər ayıbdırsa, BMT, ATƏT və onun Minsk qrupu, Qırmızı Xaç Komitəsi niyə beynəlxalq təşkilat adlanır ki?! 

İki girovun geri qaytarılması bizim üçün müşgül məsələ ola bilər, amma siz beynəlxalq təşkilatların əlində bir içim sudur.

Eləcə də bəzi “sapı özümüzdən olan baltalar”ın, girovların geri qaytarılması məsələsində laqeyd münasibət sərgiləmələri qəribə idi. Sanki bəziləri “yerlibazlıq sindromu”na tutuldu. Nə deyirik, Allah “şəfalarını” versin. Bir halda ki, işğal altında bizsiz mələyən torpaqlarımıza “oralı deyiləm, nə vecimə”- deyib yerlibazlıq ediriksə, ayıb olsun bizə.

Ümummilli məsələlərdə sənin, mənim sözü yoxdur, bizim var. Deməli, girovların geri qaytarılması təkcə kəlbəcərlilərin üzərinə düşən iş deyil, həm də bizim hamımızın əlimizdən gələn köməyi əsirgəməməli olan işdir.

Yola saldığımız həftə hüquq müdafiəçisi Leyla Yunus həbs edildi. Məlum səbəblərə görə Baş Prokurorluq bu hüquq müdafiəçisini dindirdikdən sonra Nəsimi rayon məhkəməsi Leyla Yunus barəsində dövlətə xəyanət və digər maddələrlə 3 aylıq həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul etdi.

Leyla Yunusun vəkili Cavad Cavadlı mütəmadi olaraq onunla görüşür. Vəkilin sözlərinə görə Leyla Yunusun səhhətində ciddi problemlər olmaqla yanaşı, məhkəmənin hökmündən hələ də narazılıq ifadə olunur.

 

12 şəhid verdik... Vətən, başın sağ olsun!

Yola saldığımız həftənin ən ağır xəbəri cəbhədən gəldi. Təsəvvür edin, səhər yuxudan oyanmısınız. Hər gün etdyiniz hərəkətləri edirsiniz. Ola bilsin axşam ən yaxın adamınızın toyuna gedəcəksiniz. Üzünüzdə, gözlərinizdə qeyri-adi bir təbəssüm var. Və qəfildən aldığınız xəbər əhvalınızı kökündən dəyişir. Bu məqamda deyiblər. Sevinclə kədər əkiz qardaşdır.

İyulun 31-dən avqustun 1-nə keçən gecə cəbhənin Ağdam və Tərtər istiqamətində ən ağır gecə yaşandı. Bir gecədə 8 şəhid verdik. Xeyli sayda yaralılarımız oldu. Gecə yarısı baş verənlərin kabusunu səhər yaşadıq.  Bir acımız bitməmiş avqustun 1-dən 2-nə keçən gecə növbəti 4 şəhid verdik.

Bu məqamda da vəziyyətdən sui-istifadə edənlər tapıldı. Sosial şəbəkələrdə bəzi xəbər portallarında biri-birinin ardınca dezinformasiyalar yayıldı. Ola bilsin ki, bu yola əl atmaqla reytinq qazanmaq istəyirsiniz. Amma unutmayaq ki, ordumuzun tərkibi 12 şəhid və 15 yaralı hərbçidən ibarət deyil. Səngərlərdə, düşmənlə ən yaxın təmasda əlisilahlı oğullarımız dayanıb. Bu bilirsiniz nə deməkdir?! Bilmirsinizsə deyim. Bu o deməkdir ki, arxa cəbhədə vətən oğullarının anaları, ataları, bacıları, qardaşları, qohumları, qonşuları onların yolunu səbirsizliklə gözləyir. Biz nə etmək istəyirik əcəba!

İnformasiya məkanında özümüzü aldatmaqla heç nəyə nail ola bilməyəcəyik. Dostlar, bu həssas məqamda insanları təşviş içində saxlamağı kənara qoyub, qələmimizi silaha necə çevirmək haqqında düşünməliyik.  Bu, çox önəmlidir.

Biz şəhidlərimizi dəfn edərkən bəzi telekanallarımız əlinə xına yaxıb yallı gedirdi. Halbuki, belə məqamlarda saytların, televiziyaların radioların üzərinə ən böyük məsuliyyət düşür. 

Məgər bizim telekanallar yad planetdən idarə olunurdu?! Məgər biz müharibə şəraitində yaşadığımızı unutmuşuq?!

Çox təəssüf ki, 8 şəhidin ardınca, 4 şəhid daha verdik. “Space” televiziyası  isə tənqidlərdən “nəticə çıxararaq” səhər əyləncəli musiqi proqramına davam etdirdi. Afərin!

Utancverici  məqam daha. Xalqın pulu sayəsində ayağının altını görməyən Elşad Xose kimilər şəhid olan övladlarımızı görə bilmədi.

Üstəlik “əsgər ölmək üçündür. Mən işimdən qala bilmərəm”-deyən dəyərli rep ustası heç nə olmamış kimi davranışlarına haqq qazandırdı.

Biz demirik ki, matəm saxlayaq, qara çadırlar quraq, qara libas geyinək. Amma bizə mavi ekranlarımızdan düşmən də baxır. Bunu unutmayaq. Ən azından şəhidlərimizin ruhuna hörmətsizlik etməyək.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza