Modern.az

Haray, tələsin, gəlin!

Haray, tələsin, gəlin!

4 Avqust 2014, 00:18
Qabil

Hamı - Cıdır düzü -
Deyib dayanır.
Hamı - Şuşa - deyib
Alışır-yanır.
Ancaq ki, qanan da,
Qanmaz da qanır;
Sən get ha sinə vur,
Ha mərsiyə de:
Vətən talanır! -
Çoxu bu harayı
Vızıltılı sanır -
Milçək vızıltısı,
Vətən naləsi -
Adam xəcalətdən
Ölür... utanır...

Əşşi, nankor deyil,
Düşmandı qonşu.
Səmumdan beşbetər
Tufandı qonşu.
Sən gül yarpağında
Əlvan kəpənək...
Zirehdi, qılıncdı,
Qalxandı qonşu.
Dağımda qapqara
Dumandı qonşu,
Bağımda sapsarı
Xəzandı qonşu,
Qanıma-canıma
Susandı qonşu.
Yerimə, yurduma
Dadandı qonşu.
Əfidən də əfi
İlandı qonşu.
Sən də deyirsən ki:
Bəlkə sülh ola
Usandı, utandı,
Dayandı qonşu?

Arzu yaxşı şeydir,
Dilək gözəldir.
Arzuyla döyünən
Ürək gözəldir.
“Gün o gün olsun ki...”
Demək gözəldir.
Xəyalplovdansa -
Bir dağ aşıran
Vallah, bircə tikə
Çörək gözəldir.
Duayla qələbə
İstəməkdənsə
Qələbə naminə
Ölmək gözəldir.

Ağ bayrağa dönüb
Bayrağı sülhün,
Həm də cidarlanıb
Ayağı sülhün.
Boş şeydi - yoxdusa
Yarağı sülhün.
Yalnız qol gücüdür
Dayağı sülhün.
Sonsuz gəlin kimi
Bəs nə vaxtacan
Qundaqsız qalacaq
Qucağı sülhün?!

Böyüklü-kiçikli
Rəqs edir hamı.
Durub gözləyən yox
Heç bir bayramı
“Çal-oyna” çaşdırıb
Bütün adamı...
Üzlərdə-gözlərdə
Yoxdu zərrəcə
Qəzəb qığılcımı,
Qisas eyhamı
Bu dərddən-bəladan
Xilas eyhamı.

Vətən əldən getsə
Nə şah, nə vəzir?!..
Namusa-qeyrətə
Duraq müntəzir!
Nə dua, nə səna
Nə niyaz-nəzir?!
Soyuq biganəlik
Milləti pozur...
Söz cəng-cidalında
Ağızlar qızır...
Deyinə-deyinə
Camaat gəzir:
Kremlə sadəlövh
Məktublar yazır...

Başının altınnan
Tulla balıncı,
Dillə yox,
Dur əllə
Götür qılıncı!
Bütöv bir millətə
Ötür qılıncı!
Son qisas həddinə
Yetir qılıncı!
Kafərlər qanına
Batır qılıncı
Ya da itkin düşən
Qız-gəlinim tək
Əlinnən salıb da
İtir qılıncı...

Bu qədər çal-çağır,
Bu qədər vur-hay
Efirdə, ekranda
Axı nə gəzir?
Düşmən Xocalıya
Raketlər düzür...
Yansın baxışlarda
Döyüş atəşi.
Səfərbər etməli
Eli-mahalı,
Dəyişsin millətin
Halı-əhvalı.
Yığıb-yığışdıraq
Hırıltıları,
Yığıb-yığışdıraq
Zırıltıları,
Gileyi-güzarı,
Qırıltıları.

Cəbhəyə açılsın
Neft kəməri...
Bütün üzükləri,
Bilərzikləri
Satıb topa verək,
Tüfəngə verək.
Bəsdi də nə qədər
Biz əngə verək?!
Biz də raket alaq,
Biz də tank alaq.
Düşmənlə döyüşdə
Barı tən qalaq.
Halalı-harama
Qataq, razıyam.
Təki bir məqsədə.
Çataq, razıyam.
Bakıya tuşlanır
Raketlər, gəlin!
Şirkətlər, tələsin!
Marketlər, gəlin!

22 mart, 1997

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu