“Rusiya gördü ki, Azərbaycan Ermənistan üzərində çox böyük üstünlüyə malikdir və öz işğal altındakı torpaqlarını hərbi yolla geriyə qaytara bilər. Bütün bunlar danışıqlar prosesinə öz təsirini göstərəcək. Üstəlik, Rusiya Azərbaycanı Avrasiya İttifaqında görmək istəyir. Bunun əvəzində isə Kreml Azərbaycanın xeyrinə olan addımlar atmalıdır”.
Bunu Modern.az saytına politoloq Qabil Hüseynli Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçiriləcək görüşünün perspektivini şərh edərkən deyib. Ekspert gündəmdə olan əsas müzakirənin Dağlıq Qarabağın hüdudlarından kənardakı yeddi rayonun geriyə qaytarılması məsələsi olduğunu bildirib. Onun sözlərinə görə Soçi görüşündə yeddi rayonla yanaşı, atəşkəs rejiminə əməl edilməsi məsələsi də danışıqlar predmeti olacaq. Analitik əminliklə vurğulayıb ki, Soçi danışıqlarında Azərbaycan tərəfi qalib mövqe nümayiş etdirəcək: “Azərbaycan qalib mövqedən çıxış edəcək. Ermənistan tərəfi isə əvvəlki illərdən fərqli olaraq qeyri-konstruktiv və ədalı mövqe sərgiləyə bilməyəcək”-deyən Q. Hüseynli Rusiyanın da danışıqlardakı rolundan söz açıb.
“Rusiya da əvvəlki illərlə müqayisədə sırf ermənipərəst mövqe nümayiş etdirməyəcək. Çünki onun hazırkı maraqları müəyyən manevrlər etməyi tələb edir. Hazırkı siyasi situasiyada Rusiyanın ata biləcəyi addımlar Azərbaycanın xeyrinə olmalıdır. Rusiya nisbətən obyektivliyini göstərəcək”.Analitik düşünür ki, rəsmi Moskva Azərbaycan əleyhinə hərəkətlərə yol versə, bölgədə müharibə başlayacaq. O bildirib ki, növbəti Qarabağ müharibəsi Rusiya üçün əlverişli olmayacaq. “Bu, Rusiya üçün yeni xərclər, yeni münaqişəyə cəlb olunma deməkdir. Yeni müharibə Rusiya üçün arzu olunmazdır. Çünki Rusiyanın özündə mərkəzdən qaçma meylləri başlayıb. Rusiya separatizmin sonda bumeranq kimi özünə qarşı yönələcəyini təcrübədən görməyə başlayır. Buna görə də Kreml erməni separatizmini çərçivələrə salmaq məcburiyyətində qalacaq”.
Qeyd edək ki, Ermənistanın baş naziri Ovik Abramyan avqustuun 8-i və ya 9-da Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan dövlət başçısı Serj Sərkisyanın Soçidə görüşəcəyini bəyan edib.
Aqşin Kərimov