Modern.az

Ağır yataq xəstəsi olan zabitimizin anası kömək istədi: “Siz deyin, bəs biz neyləyək?” - MÜRACİƏT

Ağır yataq xəstəsi olan zabitimizin anası kömək istədi: “Siz deyin, bəs biz neyləyək?” - MÜRACİƏT

Təhsil

4 Avqust 2014, 14:58

Həyatının 20 ilini Azərbaycan Silahlı Qüvvələrində xidmətdə keçirmiş və xidməti dövrünün 80 faizini cəbhə bölgəsində olmuş, indi isə ağır xəstəluyə tutulmuş mayor Rəşid Nəbi oğlu Məmmədovun anası kömək üçün Azərbaycan jurnalistlərinə müraciət edib. Göygöl rayonundan olan Səriyyə Məmmədova oğlu barədə Modern.az saytı vasitəsilə ölkə KİV-lərinə ünvanladığı müraciətində bildirib:

“Sizə həyatının 20 ilini Azərbaycan Silahlı Qüvvələrində xidmətdə keçirmiş və xidmət dövrünün 80 faizini cəbhə bölgəsində olmuş oğlum Rəşid Nəbi oğlu Məmmədovun düçar olduğu ağır xəstəliyinə kömək məqsədilə müraciət etmək qərarına gəldim. Bir ana olaraq səsimin eşidilməsinə, ölkə prezidentinə, bu işə aidiyyatı olan qurumlara çatdırılmasına kömək göstərməyinizi xahiş edirəm. Məlumat üçün deyim ki, oğlum, 1974-cü il təvəllüdlü Rəşid Məmmədov 1995-1999-cu illərdə Bakı Ali Hərbi Dənizçilik Akademiyasında təhsil alıb. 1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. Tovuz rayonunun “N” saylı hərbi hissəsinin mayorudur. 2013-cü ilin sentyabr ayında səhhətində yaranmış problemlə əlaqədar Bakıda Hərbi Hospitalda müayinə keçib və ona myeloma (xərçəng) diaqnozu qoyulub. Hospitalda müayinə kursu keçdikdən sonra dövlət xətti ilə Türkiyənin Gülhanə Hərbi Xəstəxanasına göndərilib. Həmin xəstəxanada 2 aya yaxın müalicə olunsa da, kurs başa çatmamış maliyyə vəsaitinin bitdiyi əsas gətirilərək, geri çağrılıb.  Baxmayaraq ki, kurs tam başa çatdırılmalı və təxminən 1 ay fasilədən sonra ilik köçürmə mərhələsi olmalı idi. Bunların heç biri olmadı, çünki dövlət tərəfindən maliyyə vəsaiti ödənilmədi. Üstəlik, hərbçi olduğu və ölkədən gedib-gəlməsi xüsusi icazə ilə gerçəkləşdiyi üçün müalicəni öz hesabımıza da başa çatdıra bilmədik. Bəs biz neyləyək? Mən yox, siz deyin! Ağrıların şiddətindən bir dəqiqə belə, gözünü yuma bilməyən, gözlərimin qarşısında günü-gündən əriyən, artıq yerimə qabiliyyətini də itirən oğlumun bu halına necə dözüm?

Hörmətli jurnalistlər, ümid edirəm ki, bu məsələyə həssaslıq göstərəcək, himayəsində 7 yaşlı balası olan oğlum Rəşidin sağalması üçün, bir ana olaraq fəryadıma, ah-naləmə müsbət cavab verilməsi üçün köməyinizi əsirgəməyəcəksiniz.

Hörmətlə mayor Rəşid Məmmədovun anası Səriyyə Məmmədova”.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza