Modern.az

Jurnalist Eldəniz Elgün Zakir Həsənovu hərbi qadağalar qoymağa çağırdı

Jurnalist Eldəniz Elgün Zakir Həsənovu hərbi qadağalar qoymağa çağırdı

Qarabağ

4 Avqust 2014, 22:23


Azərbaycan Respublikasının müdafiə naziri, cənab Zakir Həsənova, Mətbuat Şurasının sədri, cənab Əflatun Amaşova MÜRACİƏT

Son günlər cəbhə bölgəsində baş verənlər bir daha sübut etdi ki, müharibə şəraitində Azərbaycan mediası ciddi problemlərlə üz-üzə qalır və bəzi hallarda bilməyərəkdən Azərbaycanın hərbi və dövlətçilik maraqlarına uyğun olmayan xəbərlər yayımlanır ki, bu da Ermənistan tərəfinin dezinformasiya oynuna dəstək təsiri bağışlayır. Buna görə vaxt itirmədən aşağıdakı təklifləri müzakirə edərək müvafiq qərarlar çıxarmağınızı xahiş edirəm.

1. Cəbhə bölgəsindən və ya cəbhə bölgəsinindəki yaşayış məntəqələrindən (bu məntəqələrin 30 kilometrliyinə qədər olan məsafədə) reportaj hazırlamaq, xəbər yaymaq üçün jurnalistlər mütləq şəkildə Müdafiə Nazirliyində akkreditə olunsun.

2. Hərbi texnikaların, döyüş mövqelərinin şəkilləri, video görüntüləri yalnız Müdafiə Nazirliyinin razılığı ilə ictimailəşsin.

3. Müdafiə Nazirliyinin rəsmi xəbərləri əsas mənbə kimi qəbul olunsun.

4. Müdafiə Nazirliyində mətbuatla belə həssas məqamda əməkdaşlıq etmək üçün operativ qərargah yaradılsın.

5. Sosial şəbəkələrdə yayılan xəbərlərin mediada dərci yolverilməz hesab olunsun və mənbəsi şübhəli bilinən bu xəbərləri dərc edən KİV rəhbərlərinə xəbərdarlıqlar edilsin.

6. Erməni mənbələrinə istinadən Azərbaycan ordusunun itkilərinə və hərbi əməliyyatlarla bağlı xəbərlərin dərcinə məhdudiyyətlər qoyulsun.

7. Hərbi xəbərlər verilərkən imitasiyalardan, yəni köhnə fotoşəkillər və videolardan istifadə olunmasın.

Uzun müddət hərbi jurnalist kimi fəaliyyət təcrübəmdən çıxış edərək bildirirəm ki, çalışdığım müddətdə bu cür qaydalar tətbiq olunurdu. 1995-97-ci illərdə bu sadaladıqlarım özünü doğrultmuş, lazımi effekt vermişdi. Ona görə də bunları sizin də nəzərinizə çatdırmağı vətəndaşlıq və jurnalist borcu bildim.

Hörmətlə: “Unikal” qəzetinin baş redaktorunun 1-ci müavini Eldəniz Elgün

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu