Almaniyanın “Die Welt” qəzeti İraq Şam İslam Dövlətinin (İŞİD) yaraqlılarının 10 faizini türklərin təşkil etdiyini və bir çox yaraqlının təhsil aldıqdan sonra Türkiyəyə qayıdıb burada hərəkətə keçməyi gözlədiyini iddia edib. Modern.az saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ictimaiyyətə daha çox İraq Şam İslam Dövləti kimi tanınan İŞİD məsələsində təhlil yayımlayan “Die Welt” qəzeti bu təşkilata ərəblərdən başqa, ən çox türklərin qatıldığını vurğulayaraq, xəbərə “İŞİD”in Türk Birliyi” başlığını verib.
Budapeşt bürosundan Boris Klnoky imzası ilə dərc olunan xəbərdə qeyd edilir ki, İŞİD-də Avropanın bir çox ölkəsindən yaraqlı var. Ərəb olmayan ölkələrdən İŞİD-in sıralarında döyüşənlərin ən çoxunun türklər olduğu vurğulanır.
Avropa ölkələrinin xüsusi xidmət orqanlarına istinadən Avropadan 1200-ə yaxın yaraqlının Türkiyə üzərindən Suriyaya keçərək İŞİD cərgələrinə qoşulduğu bildirilən xəbərdə, yaraqlıların döyüşdükdən sonra yenə Türkiyə üzərindən Avropaya qayıtdığı, bunun Avropa İttifaqı ilə Türkiyə münasibətlərinə yaxın zamanda mənfi təsirinin qaçılmaz olacağı vurğulanır.
“Ankaranın əlindəki məlumatlara görə, İŞİD cərgələrinə qoşulan Türkiyə vətəndaşlarının sayı 1000-i aşmış vəziyyətdə” ifadələrinə yer verilən xəbərdə bildirilir ki, 10-15 min civarında üzvü olan İŞİD yaraqlılarının yüzdə 10-nu türklərdir.
Almaniya, Fransa, Belçika, Avstriya və digər Avropa ölkələrinin vətəndaşı olan türk mənşəlilərin də İŞİD-ə qoşulduğu vurğulanan xəbərdə, beləliklə İŞİD içərisində türk faktorunun mühüm yer tutduğuna diqqət çəkilir.
Mətbuatda yer alan və İŞİD sərkərdələrinə aid olduğu irəli sürülən bəzi iddialara görə, çox sayda türk mənşəli İŞİD-ə kömək etdikdən sonra yenidən Türkiyəyə qayıdacaq. Xəbərdə, Türkiyədə passiv vəziyyətdə gözləyən yaraqlıların zamanı gələndə Türkiyə içərisində hərəkətə keçəcəyi iddiaları da irəli sürülür.
Modern.az